Gözəlliyi ilə seçilən Batumidən fotoreportaj
Azərbaycanlı turistlərin yay aylarında ən çox üz tutduğu yerlərdən biri Gürcüstandır. Bu ölkədən yazmağı ilk növbədə qonaqpərvərlikdən başlamaq lazımdır. Yerli sakinlərin qayğısı sizi bütün səyahət boyu müşayiət edəcək. Bu qayğı səmimi və təsirlidir. Gürcülər azərbaycanlıları çox sevirlər və qonaqlara hər zaman şaddırlar, onları diqqət və qayğı ilə əhatə edirlər. Burada sizi lazımi yerə qədər ötürəcəklər, əlavə olaraq yolüstü qısa ekskursiya da təşkil edəcəklər. İstənilən yerdə sizi ləziz yeməklərə və seçmə şərablara qonaq edəcəklər. Gürcüstanda darıxmaq? – Bunu təsəvvür etmək belə çətindir – sizin üçün hər zaman bayram əhvalı yaradacaq və gözəl musiqi və rəqslər hədiyyə edəcəklər.
Yuxarıda qeyd edildiyi kimi, Gürcüstanda azərbaycanlılara böyük sevgi ilə yanaşırlar. Təsadüfi deyil ki, 2016-cı ilin statistikasına əsasən, bu ölkəyə ən çox azərbaycanlılar səfər ediblər. Ötən il Gürcüstana 6 milyon 360 min 800 nəfər əcnəbi turist gəlib. Onlardan 1 milyon 523 min 75 nəfəri Azərbaycan vətəndaşı olub. Bu da 2015-ci ildə ölkəyə səfər edən turistlərin sayından 9,3% çoxdur. Azərbaycanın ardınca Ermənistan gəlir ki, bu ölkədən Gürcüstana səfər edənlərin sayı 1 milyon 496 min 246 nəfər olub. Üçüncü yerdə qərarlaşan Türkiyədən 1 milyon 254 min 089 nəfər Gürcüstanda olub. Dördüncü və beşinci yeri Rusiya və Ukrayna tutur – müvafiq olaraq 1 milyon 037 min 564 və 172 min 631 nəfər.
Acarıstan
Azərbaycanlı turistlərin ən çox səyahət etdiyi yerlərdən biri də Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhəridir.
Bakıdan Batumiyə hava reysi yoxdur. Lakin təyyarə və ya avtobus ilə Tbilisiyə, sonra isə təxminən 5-6 saata Batumiyə çata bilərsiz.
Qara dənizin sahili ilə uzanan yol sizi Batumi şəhərinin mərkəzinə aparır. Yolboyu salınan yaşıllıq sahələri, heç bir divarla əhatəyə alınmamış çimərliklər insana xüsusi zövq verir.
Bir-birindən gözəl abidələr və heykəllər, qeyri-adi fəvvarələr – Batumini qısa müddətdə sevirsən, buraya laqeyd qalmaq mümkünsüzdür.
Mətbəxi
Gürcüstan mətbəxi barədə söhbət ayrıdır. Burada milli xörəklər ilə yanaşı, hər regionun öz mətbəxi var. Acar mətbəxi yeməklərin müxtəlifliyinə və dadına görə sözsüz liderdir. Buraya səyahət edənlər mütləq acar xaçapurisinin dadına baxmalıdırlar. Acar xaçapurisindən sonra yemək barədə 4-5 saat yaddan çıxarmaq olar.
Yerli mətbəxin dequstasiyası Acarıstana səyahətin ayrılmaz hissəsidir. Hərdən insanda elə təəssürat yaranır ki, daha heçnə yeyə bilməzsən, lakin dana ətindən ləziz lülə kababdan, abxazuri, borane, şampinyon göbələklərindən hazırlanmış xüsusi yeməklərdən doymaq olmur.
Acarıstanda ağ şəraba üstünlük verirlər. Ən çox içilən çinandali şərabıdır. Eyniadlı üzüm növündən hazırlanan çəhrayi quru çxaveri şərabı isə regionun ən məşhur içkisidir. Çxaveri üzümü yalnız Acarıstanın Kedski rayonunda yetişdirilir. Məhsul qış aylarında, şaxtalar düşəndə yığılır. Bu şərab heç bir ölkəyə ixrac olunmur. Acarıstanda bir ilə cəmi 20 ton çxaveri üzümü yığılır.
Gəzməli yerlər
Acarıstana səyahət təkcə yemək və içməkdən ibarət deyil. Respublikada gəzməli yerlər çoxdur. Onların hamısını görmək üçün sizə heç iki həftə də bəs etməyəcək.
Batumi ilə tanışlığı köhnə şəhərdən başlamaq lazımdır. Şəhərin tarixi hissəsini dəyişilməz saxladıqları üçün gürcülərə ayrıca alqış düşür. Son illərdə Batumidə hündürmərtəbəli binaların sayı artır, lakin onlar şəhərin ümumi görünüşünü dəyişmirlər. Batuminin tarixi hissəsi göydələnlərin arxasında qalır. Çox nadir yerlərdə müasir və tarixi dövrlərin belə harmonik birləşməsini izləmək olar.
Batumidə Bakı küçəsi
Köhnə şəhərdə gəzərkən mütləq Avropa meydanını ziyarət edin. Meydanın mərkəzində Kolxida hökmdarı, arqonavt Yasonun sevgilisi Medeyanın “qızıl qoyun dərisi” ilə heykəli qoyulub. Əfsanəyə əsasən, Yasona vurulan Medeya ona “qızıl qoyun dərisi”nə sahib çıxmağa kömək edib. Abidədə sevgililərin qaçdığı gəmi də təsvir olunub.
Batuminin mərkəzində “Möcüzələr parkı” yerləşir. Turistləri buraya “Əli və Nino”nun heykəli, “Şeytan” çarxı və “Əlifba” qülləsi cəlb edir (konstruksiyanın perimetri üzrə gürcü əlifbasının hərfləri yazılıb).
Əli və Nino heykəli
Dənizkənarı bulvarın ən möhtəşəm abidələrindən biri də “Əli və Nino”nun heykəlidir.
Heykəl Qurban Səidin azərbaycanlı oğlanla gürcü qızın sevgisindən bəhs edən “Əli və Nino” romanından ilhamlanaraq yaradılıb. Abidənin müəllifi heykəltəraş Tamar Kvesitadzedir.
Əli və Ninonun sevgi hekayəsini sizə hər bir batumiyalı danışacaq. Müsəlman Əli və xristian Ninonun metal fiqurları hərəkət edir. Mexanizm elə qurulub ki, heykəllər hər gün səhər saat yeddidə hərəkətə başlayır və on dəqiqədən bir qovuşurlar. Gecələr isə, heykəllər, xüsusi olaraq quraşdırılmış vasitələrlə işıqlandırılır və bütün proses kompüter texnologiyalarının köməyi ilə idarə olunur.
Delfinari
Qara dəniz sahilində keçmiş Sovet İttifaqının ilk delfinarisi yerləşir. 1975-ci ildən buraya dünyanın müxtəlif yerlərindən turistlər gəlir. Delfinariyə giriş 15 laridir ( 10 manat).
Delfin şousu açıq səma altında keçirilir. Tamaşaçılar zalı amfiteatrı xatırladır. Yay aylarında delfin şousuna maraq çox olduğundan, biletləri əvvəlcədən əldə etmək məsləhət görülür. Şou üç dildə keçirilir: gürcü, rus və ingilis. Delfinlər öz təbəssümü və məharəti ilə sizdə əsl uşaq sevinci və xoşbəxtliyi oyadacaq. Delfin şousu unudulmaz xatirələr və müsbət əhval-ruhiyyənin zəmanətidir.
Musiqili park
Dünya şöhrətli ulduzların konsert verdiyi “Black Sea Arena”nın qarşısında bəstəkarlar parkı yerləşir.
Parkda məşhur gürcü bəstəkarların heykəlləri ucaldılıb. Heykələ yaxınlaşdıqda isə mexanizm işə düşür və həmin bəstəkarın sənət əsərləri səslənir. Bundan əlavə parkda maraqlı formada yonulmuş ağac kötükləri var.
Acarıstanın bütün gözəllikləri barədə yazmaq qeyri-mümkündür. Əgər siz buralarda olmamısınızsa, çox şey itirmisiniz. Batumi səyahət etmək üçün ən ideal şəhərlərdən biridir.