Ev Turizm Xəbərləri Bölgə inkişafının Lerik nümunəsi

Bölgə inkişafının Lerik nümunəsi

Lerik

Lerik özünün səfalı yay günlərini yaşayır. Məlum pandemiya çətinliklərinə baxmayaraq, ucqar bölgədə həyatın axarı səngiməyib. Burada gerçəkləşdirilən infrastruktur layihələri əhalinin rahat yaşayışının təminatına xidmət edir. Dağlar diyarının sakinləri 2018-ci ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayona səfərini iftixarla xatırlayırlar. Dövlətimizin başçısı həmin gün “Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrasının yekunlaşmasına həsr olunan mərasimdə iştirak edib.

Bundan başqa, rayonda 16 meqavat gücündə yeni elektrik stansiyası açılıb. Piran-Hamarat-Vijaker yolu istismara təhvil verilib ki, bununla da Lerikin kəndləri 88 faizi müasir yollarla əhatə edilib. Prezidentin səfəri çərçivəsində Lerik şəhərində Bayraq muzeyi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş körpələr evi–uşaq bağçası da istifadəyə verilib.

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 14, Fövqəladə Hallar Nazirliyi tərəfindən təbii fəlakət nəticəsində yaşayış evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün 30 fərdi yaşayış evi inşa edilib. Yeni il ərəfəsində Lerik şəhərində inşası başa çatdırılmış 48 mənzilli, 4 mərtəbəli yeni yaşayış binasında tam təmirli və fərdi istilik sistemi olan mənzillər vətəndaşlara verilib. 56 kilometrlik Lənkəran-Lerik və 22 kilometrlik Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə avtomobil yolunun tikintisi başa çat­dırılıb. Monidigah və Lüləkəran kənd sakinlərinin müraciətləri nəzərə alınaraq 2,5 kilometrlik Blaband-Monidigah və Lüləkəran kəndinə gedən 1,5 kilometrlik yolun asfaltlaşdırılması həyata keçirilib.

Bu il Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 28 ev tikilir. İlin sonu­na qədər daha 30 belə ev inşa olunacaq. Fövqəladə Hallar Nazirliyi tərəfindən isə daha 6 ev tikilməkdədir.

Ölkə başçısının qayğı və diqqəti ilə artıq rayonun 53 yaşayış məntəqəsi, o cümlədən son vaxtlarda Peştətük, Vizəzəmin və Cəngənəvud kəndləri tam qazlaşdırılıb. Hazırda rayon üzrə daha 10 yaşayış məntəqəsinə “mavi yanacaq” verilməsi nəzərdə tutulur. Artıq Bibiyanı, Kornədi və Sipyərevon kəndlərində bu yöndə işlər gedir. Şəhərin 10-dan çox küçəsi asfaltlaşdırılıb. Rayon sakinlərinin ən çox istirahət etdiyi Ni­zami küçəsindəki mərkəzi park yenidən qurulub, orada müasir oturacaqlar, işıqlandırma sistemi quraşdırılıb, Həzi Aslanov, Elmar Qarayev küçələrində yüzlərlə metrlik istinad divarı inşa edilib. İndi şəhərin əksər küçə və dalanları işıqlandırılır. Asfaltlaşdırma, su arxlarının qurulması və digər abadlıq-quruculuq işləri ardıcıl aparılır.

“Relax” turizm istirahət mərkəzində dəyəri 1 milyon 280 min manat olan yeni otellər, Piran kəndində yanacaqdoldurma məntəqəsi inşa edilib. Çayrud kəndində görülən abadlıq işləri əvvəlki illərdə rayon ərazisində görülənlərdən miqyasca fərqli olub. Sakinlər, yurdun vətənsevər övladları da abadlıq tədbirlərində yaxından iştirak edirlər. Soru kənd qəbiristanlığının mişar daşları ilə hasarlanması, ətrafının abadlaşdırılması, Rvarud kənd sakinlərinin dəstəyi ilə Monidigah-Rvarud avtomobil yolunda təmir-bərpa işləri aparılması bu sıradandır.

Ötən ilin dekabrında Orand kənd tam orta məktəbinin 180 yerlik yeni binası istifadəyə verilib. Ümumiyyətlə, dövlət proqramlarına müvafiq olaraq, son 15 ildə Lerikdə 70-dən çox məktəb binası tikilib və əsaslı təmir edilib. Ərazinin Vizəzəmin, Hamarmeşə, Bibiyanı, Almu, Sivəkəran və Sipyəreqon kəndlərində tikilmiş yeni məktəb binalarının, Almu və Təbrizli kəndlərinə gedən avtomobil yollarında yeni körpülərin, Cəngənəvud kəndində Ağsaqqallar evinin, Vizəzəmin kəndində yeni ATS və poçt binalarının tikilməsi, Almu, Bıbiyani və Peştətük kəndlərində elektron ATS-lərin quraşdı­rılaraq istifadəyə verilməsi diqqətəlayiq tədbirlərdəndir.

Dövlətin nəzərdə tutduğu infrastruk­tur layihələr rayonda icra hakimiyyətinin başçısı Rövşən Bağırovun gündəlik nəzarəti, diqqəti ilə həyata vəsiqə qazanır. Təkcə ötən il Təhsil Nazirliyinin sifarişi ilə 620 şagird yerlik 11 modul tipli, Orand və Əvilə kəndlərində 180 şagird yerlik yeni məktəb binalarının tikintisi başa çatdırılıb, hazırda 120 şagird yerlik 10 modul tipli və hər biri 180 şagird yer­lik Siyov (Heydər Əliyev Fondunun sifa­rişi ilə) və Burkandil kəndlərində (dövlət hesabına) tam orta məktəblərinin tikintisi davam etdirilir. Lerik şəhər V.İbrahimov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın tədris korpusunda əsaslı təmiri işləri həyata keçirilir, müasir tələblərə cavab verən yeni yataqxananın tikintisi aparılır. Heydər Əliyev Fondu­nun sifarişi ilə podratçı təşkilat tərəfindən Piran kəndində 75 yerlik uşaq bağçasının tikintisi sona yetib. Noda kəndində inşa edilmiş 50 yerlik uşaq bağçası da tezliklə istifadəyə veriləcək.

Bu gün Lerikdə həyatın nəbzini düz­gün tutmaq üçün konkret əməli tədbirlər görülür. Rayon icra hakimiyyəti rəhbərliyinin vaxtaşırı videokonfranslar formatında iclasları, onlayn qəbulları keçirilir, COVID-19 pandemiyasının yayılmasının qarşısını almaqdan ötrü zəruri addımlar atılır, əhalinin qay­ğı uman təbəqəsinə yardımlar edilir, zəruri maarifləndirici tədbirlər həyata keçirilir. Elə videokonfrans şəklində keçirilmiş son müşavirədə mövcud sanitar-epidemioloji vəziyyət müzakirə olunub və inzibati-ərazi dairəsi üzrə nümayəndələrə müvafiq tapşırıqlar verilib. Koronavirusla mübarizə naminə mobil könüllü qrupların fəaliyyəti də əhalinin rəğbətini qazanıb. Xəstəliyə qarşı ayıq-sayıqlıq göstərilməsinin nəticəsidir ki, rayonda yoluxma halları minimal saydadır.

Masallıdan gələn səyyar “Asan xidmət” avtobusu artıq 5-ci dəfə Lerik şəhərində əhaliyə xidmət üçün buraya gəlib. Səyyar xidmət briqadası şəhərdə 1200-ə yaxın vətəndaşa müxtəlif sahələr üzrə yardımçı olub, onların tələblərini yerinə yetirib. Daxili işlər, Ədliyyə nazirlikləri, Əmlak Məsələləri üzrə Dövlət komitəsi, Əmək və Əhalinin So­sial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzrə müxtəlif xidmətlər yerinə yetirilib.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz, bölgələrimiz, bax, beləcə, ildən-ilə inkişaf edir. Əhalinin rifah halı daha da yaxşılaşır. Lerikdə olduğu kimi.