“Skal İnternational” beynəlxalq turizm təşkilatının Bakı klubunun 23-cü ziyafət toplantısı keçirilib.
2018-ci ildə sonuncu dəfə toplaşan Azərbaycan skalçıları budəfəki toplantıda ölkəmizdə və dünyada sağlamlıq turizminin mövcud imkanlarını araşdırıblar, eyni zamanda, bu turizm növünün inkişafı istiqamətində real olaraq görülən işləri dəyərləndiriblər.
Ceyhun Aşurov
“Skal Bakı”nın prezidenti Ceyhun Aşurov bildirib ki, klubun bu toplantısının mövzusunun sağlamlıq turizminə həsr edilməsi təsadüfi deyil. 2018-ci il bu baxımdan Azərbaycan turizm sahəsi üçün bir çox maraqlı hadisələrlə yadda qalıb. Belə ki, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev aprel ayında Dünya Sağlamlıq Turizmi Təşkilatının Antalyada keçirilən toplantısında bu qurumun başçısı seçilib və növbəti bir il ərzində ölkəmiz bu nüfuzlu təşkilata rəhbərlik edəcək: “Təbii ki, 60-dan çox ölkənin sağlıq turizmi təşkilatlarını birləşdirən belə böyük bir quruma rəhbərlik ölkəmizin turizm imkanlarının təbliğinə çox böyük bir töhfədir. Bu, eyni zamanda, bizə imkan verir ki, Azərbaycandakı müalicəvi sanatoriyalara çoxsaylı turistləri cəlb edə bilək”.
“Skal Bakı”nın 4 il müddətində birinci dönəm prezidenti olmuş Ruslan Quliyev yaradıldığı 9 il ərzində təşkilatın çox böyük uğurlara nail olduğunu bildirib və qeyd edib ki, 2019-cu ildə “Skal Bakı”nın yaradılmasının 10 ili tamam olur: “Gələn il sentyabrın 4-də təşkilatımızın 10 yaşını qeyd edəcək və bu münasibətlə geniş bir tədbirin keçirilməsini nəzərdə tuturuq. Həmçinin istəyirəm diqqətinizə çatdırım ki, 2018-də olduğu kimi, 2019-cu il də Azərbaycan sağlıq turizmi üçün bir çox yeniliklərlə zəngin olacaq. Belə ki, Dünya Sağlamlıq Turizmi Təşkilatının dəstəyi ilə Bakıda Dünya Sağlıq Turizmi Forumunun keçirilməsi barədə razılığa gəlinib. Artıq ölkə rəhbərliyinə bu barədə məlumat verilib və tədbirin təşkilində dövlət tərəfindən bizə yaxından dəstək veriləcək. Tədbirdə dünyanın 60-dan çox ölkəsinin sağlamlıq turizmi assosiasiyalarının nümayəndələri iştirak edəcək”.
Ruslan Quliyev
Ruslan Quliyev diqqətə çatdırıb ki, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası bu yaxınlarda Azərbaycan Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin üzvü seçilib. Bu da imkan verir ki, təşkilat ölkə daxilində müxtəlif əhəmiyyətli layihələri həyata keçirə bilsin.
“Opera Qroup” şirkətinin rəhbəri Firdovsi Xəlilov dünyada və Azərbaycanda sağlamlıq turizminin imkanları və mövcud reallıqlar barədə danışıb. Qeyd edilib ki, Dünya Turizm Təşkilatı ekspertlərinin hesablamalarına görə, ötən il dünyada bir milyard 326 milyon turist səfəri baş tutub ki, bunun bəlli bir qismi sağlamlıq turizminin payına düşür. Firdovsi Xəlilov şirkət tərəfindən hazırlanmış ölkəmizdə sağlıq turizminin inkişafına töhfə verə biləcək layihə haqqında da məlumat verib.
Azərbaycanın tanınmış bələdçisi Balaş Maqsudovun, “Alliance Assist Group”un nümayəndəsi Bəxtiyar Yarəliyevin çıxışları da iştirakçılar tərəfindən maraqla qarşılanıb.