Ev Turizm Xəbərləri Bu il Gürcüstana ən çox turist Rusiyadan gəlib

Bu il Gürcüstana ən çox turist Rusiyadan gəlib

Turizm

2019-cu ilin II rübündə Gürcüstan ərazisinə gələn beynəlxalq qeyri-rezidentlərin sayı 2,2 milyon təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, bu rəqəm əvvəlki ilin hesabat dövrü ilə müqayisədə 13,4 faiz çoxdur.

Ölkə ərazisinə edilən beynəlxalq səyahətlərin 66.2 faizinin turizm məqsədi ilə baş tutduğu bildirilib. Bu rəqəm 2018-ci ilin 2-ci rübü ilə müqayisədə 13.8 faiz çoxdur. Səyahətçilərin 27.9 faizinin isə ekskursiyaçılar olub.

Hesabat dövründə Gürcüstana ən çox turist 378.2 min nəfərlə Rusiyadan gəlib. Bildirilib ki, Rusiyadan gələn turistlərin sayı əvvəlki illə müqayisədə 36.8 faiz artaraq ümumi turistlərin 24.9 faizini təşkil edib.

2019-cu ilin 2-ci rübündə Gürcüstana edilən beynəlxalq səyahətlərin 46.6 faizi tətil məqsədi ilə olub. Turistlər bu ölkədə orta hesabla 3.9 gün keçiriblər ki, bu 2018-ci ilin analoji dövrü ilə müqayisədə 9.1 faiz çoxdur. Səfərlərin 70 faizi isə təkrarlanan səfərlər olub.

2019-cu ilin aprel-iyun ayları ərzində səfər xərcləri 24.6 faiz artaraq 2.4 milyard lari təşkil edib. Adam başına düşən səfər xərcləri isə 10.3 faiz artaraq orta hesabla 1 261.6 lari təşkil edib.