Ev Turizm Xəbərləri Bu ilin yanvar ayında Azərbaycana gələnlərin sayı 18 faiz artıb

Bu ilin yanvar ayında Azərbaycana gələnlərin sayı 18 faiz artıb

turizm

Bu ilin yanvar ayında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 2019-cu ilin yanvar ayı ilə müqayisədə 35 min və ya 18.1 faiz artaraq 226 min nəfərə çatıb.

Ən böyük artım həm də ən çox səyahətçilərin gəldiyi Rusiya və Gürcüstandan müşahidə olunub. Belə ki, Rusiyadan gələnlərin sayı 12 min və ya 20,5 faiz artıb. Gürcüstandan gələnlərin sayı isə 8 min və ya 14,6 faiz artaraq 64 min olub. Həm Yaxın Şərqdən, həm də Türkiyədən müvafiq olaraq 20,8 və 12,1 faiz artımla hər birindən 24 min qonaq gəlib. Yaxın Şərq ölkələri arasında ən çox artım Səudiyyə Ərəbistanı (321.5 faiz və ya 5 min artım) və Küveytdən (73.7 faiz və ya 1.7 min artım) gələnlərin sayında müşahidə olunub.

İrandan gələn səyahətçilərin sayı 2019-cu illə müqayisədə 3 min və ya 26.5 faiz artaraq 13 min nəfər təşkil edib. Cənubi və Mərkəzi Asiyadan səyahət edənlərin sayı müvafiq olaraq 43 və 18.4 faiz artıb. Hər biri 8 minə çatıb.

Əvvəlki aylarda olduğu kimi Cənubi Asiya region üzrə Hindistan (5 min; artım 80,2 faiz) və Pakistandan (3 min; artım 15.6 faiz) gələn səyahətçilərin sayı üstünlük təşkil edir.

Nümayəndəliklərin təsis olunduğu ölkələrdən (Çin, Hindistan, Rusiya, Almaniya, Səudiyyə Ərəbistanı, BƏƏ) 2020-ci ilin yanvar ayında 87 min (18.5 faiz artım) səyahətçi gəlib. BƏƏ nəzərə alınmadan nümayəndəlikləri olan ölkələrdən gələnlərin sayında 23,8 faiz artım müşahidə olunub.