Ev Gəzməli yerlər Gəzməli-görməli yerlər-Tiflis

Gəzməli-görməli yerlər-Tiflis

Bütün gözəllikləri ilə Qafqazın cənnəti- Tiflis

Bakı ilə başlayan şəhər turlarına davam edir

Bu həftə Gəncənin ardından Gürcüstanın paytaxtı, qonşu Tiflisdə görməli olduğunuz yerləri və şəhərin gözəlliklərini təqdim edirik.

Birinci hissədə Gürcü mətbəxi, şərab və tarixi məkanları təqdim edirik.

1. Gürcü Mətbəxi

Gürcü mətbəxi

Gürcüstan keçmiş Sovet ölkələri arasında ən zəngin mətbəxə sahib ölkələrdən biridir. Bütün dünyada xəngəl və xaçapuri ilə tanınsa da gürcü restoranına daxil olanda daha geniş seçimlə qarşılaşırsınız.

Suluquni pendiri və yumurta ilə hazırlanan ajaruli xaçapurisi isti çayla səhər yeməyi üçün ən yaxşı seçimdir.

Gürcü mətbəxinin şah əsəri isə kabab və xəngəl sayılır. Gürcü restoranlarının menyusunda uzun xəngəl növü siyahısı ilə qarşılaşacaqsınız. Bu səbəbdən qarışıq sifariş etməyiniz məsləhətdir.

Xəngəl və xaçapuri ən populyar yeməklər olsa da gürcü mətbəxində lobya və badımcanlı yeməklər də mütləq yoxlamalı olduğunuz dadlardır.

Xüsusi olaraq dadına baxmalı olduğunuz yeməklər arasında xarço, ostrıy, ajapsandali, lobio saymaq olar. Əlavə olaraq isə pxali və qozlu badımcan salatını yoxlamaq lazımdır.

2. Vinoteklər

Gürcüstana rahatlıqla şərab ölkəsi adlandıra bilərik. Artıq Tiflisin mərkəzində gəzərkən çox sayda vinoteklərlə qarşılaşmaq mümkündür. Turistlərlə dolu olan məkanlar qonaqlara pulsuz şərab diqustasiyası və yüzlərlə seçim imkanı verir.

Gürcüstanda həm evdə hazırlanan şərab həm də butulka şərabları populyardır. Tiflisə gedərkən mütləq daha çox şərab növünü dadmağı unutmayın.

vinotek

Gürcüstanda daha çox qırmızı şərab içilsə də ağ şərab da tapmağınız mümkündür.

Xüsusi olaraq məsləhət görülən şərablar isə Badoqani, Saperavi, Kindzmarauli, Mukuzani’dir. Ancaq istənilən halda öz ağız dadınıza uyğun şərabı seçin.

3. Tarixi abidələr, muzeylər və kilsələr şəhəri

Tiflisdə gəzərkən tarixi bir şəhərdə gəzdiyinizi rahatlıqla hiss edə bilərsiniz. Şəhərin mərkəzində, Kür çayının hər iki tərəfi onlarla tarixi abidə və kilsələrlə doludur.

Metechi, Kvashveti, Narikala, Sameba Tiflisin qədim və görülməli kilsələrdir. Kilsələrdən bəziləri Kür çayının sahilində və şəhərdəki təpələrin başındadır.

Tiflis həm də muzeyləri ilə diqqətinizi çəkəcək. Tarix muzeyi, İncəsənət muzeyi, Milli muzey, Sovet muzeyləri aralarında ən məşhurlarıdır. Bunlardan bəziləri şəhərin mərkəzində yerləşir.

Aralarında ən diqqətçəkəni isə Rustavelli küçəsində yerləşən “Sovet işğalı” muzeyidir. Bu muzeydə 37-ci ildə represiyasına uğrayan gürcülərin siyahısı daxil olmaqla bir çox tarixi faktları öyrənə bilərsiniz.

Narikala kilsəsi

Gürcüstan paytaxtının tarixi məkanları arasında bir neçə məscid və sulfur hamamları da var. Müsəlman məhəlləsi olaraq tanınan bölgədə Cümə məscidi, Abanotubani bölgəsində isə çox sayda hamam var.