Ev Turizm Xəbərləri Çində koronavirusa yoluxanların sayı 1985 nəfərə çatıb

Çində koronavirusa yoluxanların sayı 1985 nəfərə çatıb

Çin

Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 1985 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 56-ya çatıb. Xəstələrdən 324-nün vəziyyəti ağırdır.

AZƏRTAC Çin Dövlət Səhiyyə Komissiyasına istinadla xəbər verir ki, koronavirusa ən çox yoluxma və ölüm halları elə virusun aşkarlandığı Xubey vilayətində (1052 nəfər yoluxma, 52 ölüm halı) baş verib. İndiyədək 49 xəstə müalicədən sonra vəziyyəti yaxşılaşdığı üçün xəstəxananı tərk edib.

Virusa yoluxması şübhəli bilinən 2700 nəfərə yaxın şəxsin müayinəsi və analizləri aparılır. Xəstələrlə yaxın ünsiyyətdə olmuş 21 mindən çox adam tibbi nəzarət altına alınıb.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya və Nepalda ümumilikdə 23 nəfərin virusa yoluxması təsdiqlənib. Həmin xəstələrin əsas hissəsi ya Uxan sakinləri, ya da bu yaxınlarda Uxanda səfərdə olanlardır.

Artıq Çinin 34 bölgəsindən 30-da, o cümlədən virusa ən çox yoluxmanın qeydə alındığı Xubey vilayətində, Pekin, Şanxay, Çunçin, Tiencin şəhərlərində, Honkonq xüsusi inzibati bölgəsində ən yüksək səviyyədə fövqəladə hazırlıq vəziyyəti elan olunub.

Çinin hakimiyyət orqanları koronavirusun yayılmasının qarşısını almaq üzrə tədbirlər çərçivəsində xaricə qrup turist səfərlərinin yanvarın 27-dən dayandırılmasına qərar verib. Artıq turizm agentləri vasitəsilə xaricə aviabiletlər almaq və xaricdə otel sifariş etmək mümkün olmayacaq.

Ölkənin gömrük xidməti Çin sərhədini keçən bütün şəxslərdən sağlamlıq vəziyyəti haqqında anket doldurmasını tələb etməyə başlayıb.