Martın 1-də Pekində Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin ölkəmizə qrup səfərlərinin sadələşdirilməsi haqqında anlaşma memorandumu imzalanıb. Azərbaycan tərəfdən agentliyin sədri Fuad Nağıyev qeyd edib ki, yeni müqaviləyə əsasən, yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər.
Maraqlıdır ki, artıq yay turizm mövsümü başa çatır. Görəsən, Azərbaycana nəzərdə tutulduğu qədər çinli turist gəldimi? Dövlət Turizm Agentliyi bu barədə qarşıya qoyulan məqsədlərə çatdımı?
Mövzu ilə bağlı Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan K. Quluzadə bildirib ki, çinli turistlərin Azərbaycana gəlişində artım müşahidə olunur:
“Bu il Çinli turistlərin sayında artım müşahidə olunub. Vizalar da çox sadələşdirib. Çinli turistlər artıq aeroportda viza alırlar. Bu da bilavasitə çinli turistlərin artımına gətirib çıxarır”.
Bununla bağlı iqtisadçı ekspert Natiq Cəfərli də saytımıza danışıb:
“Bununla bağlı statistika da mövcuddur, Azərbayacana nə qədər az çinli turistin gəlməsi statistikada əks olunub. Keçən il təxminən 13 minə yaxın çinli turist Azərbaycana gəlib. Bu ilin ilk 6 ayında da vəziyyət buna oxşardır. Son 6 ayın statistikasında isə artım müşahidə olunacaq, 13 mindən 15-18 minə qalxa bilərik. Lakin Gürcüstanla müqayisə etdikdə görə bilərik ki, Gürcüstana 150 minə yaxın çinli turist gəlib. Biz bu göstəricilərlə turistik regionlardan olan Gürcüstana azı 10 dəfəyədək uduzuruq.
Memorandumların imzalanması, müəyyən işlərin görülməsi, əlbətdə ki, müsbət addımlardır. Azərbaycanda bununla bağlı bir neçə problem var ki, bunlar həll olunmasa, çinli turistlərin Azərbaycana gəlişini təmin etmək problematik görünür. Hər il təxminən 150-160 milyon çinli xarici ölkələrə səfərlər edir. Təxminən çinli turistlər xaricdə 250 milyard dollar pul xərcləyir. Azərbaycan burda kiçik pay olsa belə, valyuta axını ilə nəticələnə bilər.
Azərbaycanda turistlərin profilləri, üstünlükləri ayrı-ayrılıqda öyrənilmir. Azərbaycanda turistlərə ümumi bir yanaşma var. Buraya turistin ağız dadından tutmuş, əyləncələrinə qədər hər şey daxildir. Buna uyğun olaraq da, turistik məhsullar da müəyyən olunur. Bizdə isə bütün turistlərə eyni növ əyləncə, yemək-içmək təqdim olunur ki, bu yanlışdır. Çünki onların davranış qaydaları, gözləntiləri, istəkləri fərqlidir. Heç olmasa, Gürcüstan qədər çinli turistlərin ölkəyə axınını təmin etsək, 200 milyon dolların turist vasitəsilə büdcəyə axının təmin etmək deməkdir”.
Dövlət Statistika Komitəsinin məlumatında isə bildirilir ki, bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 190 ölkəsindən 2 138,7 min və ya 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 8,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,6%-i Rusiya Federasiyası, 22,1%-i Gürcüstan, 9,5%-i Türkiyə, 7,7%-i İran, 4%-i Səudiyyə Ərəbistanı, 2,2%-i Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8% olmaqla Ukrayna və Hindistan, 1,7%-i İraq, hər birindən 1,5% olmaqla Türkmənistan və Qazaxıstan, 1,4%-i İsrail, 1,3%-i Pakistan, 1,2%-i Böyük Britaniya, 11,6%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.
Qeyd olunur ki, ölkəmizə yanvar-avqust aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (80,4%), Misir (76,7%), Çin (68,5%), Hindistan (68%), Filippin (44,3%), Macarıstan (40,7%), Səudiyyə Ərəbistanı (38,6%), Polşa (32%), İspaniya (29,4%), Böyük Britaniya (27,9%), Cənubi Koreya (25,8%), Yaponiya (24,7%), Gürcüstan (22,8%) və Almaniya (22,5%) vətəndaşları arasında qeydə alınıb.