Ev Turizm Xəbərləri Culfada Darıdağ arsenli su müalicə və istirahət kompleksi tikilir

Culfada Darıdağ arsenli su müalicə və istirahət kompleksi tikilir

Culfa

Muxtar respublikanın Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksi tikilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tikintisinə 2019-cu ilin mart ayından başlanılan, zirzəmi ilə birlikdə beş mərtəbədən ibarət olacaq binanın zirzəmi hissəsində qazanxana, elektrik otağı, çarhovuzlar, mətbəx, bərbər, VİP masaj və qeydiyyat otaqları, gözəllik salonu yerləşəcək.

Yeni səhiyyə ocağının birinci mərtəbəsində restoran, mağaza, gözləmə zalı, bufet, mətbəx, otel işçiləri üçün istirahət, həkim və müdir otaqları yerləşəcək. İkinci, üçüncü və dördüncü mərtəbələr isə istirahət otaqları üçün nəzərdə tutulub.

Hazırda kompleksin birinci və ikinci mərtəbələrdə hörgü və suvaq işləri yekunlaşdırılıb, üçüncü mərtəbədə hörgü, dördüncü mərtəbədə isə beton-qəlib işləri aparılır. Həmçinin kommunikasiya xətlərinin çəkilməsinə başlanılıb. Obyektdə, əsasən, yerli tikinti materiallarından istifadə edilir. İnşaatçılar işlərin keyfiyyətli yerinə yetirilməsi üçün səylə çalışırlar.

Qeyd edək ki, Darıdağ arsenli suyu dünyada ən zəngin və güclü mineral tərkibi olan müalicəvi sudur. Bu suyun bir çox xəstəliklərin müalicəsində faydalı olması kliniki təcrübələrdə sübut olunub. Ona görə də Darıdağ arsenli suyundan müalicə məqsədilə geniş istifadə olunması muxtar respublikamızda müalicə turizminin inkişafına da öz töhfəsini verəcək.