Dağıstan ustalarının ağac üzərində metal inkrustasiyası, gümüşlə işlənmiş naxışlardan ibarət məmulatları, dulusçuluq və xalçaçılıq nümunələri, habelə üzərində incə naxışlar olan parçaları bu respublikanın hüdudlarından kənarda da tanınır. Əl əməyinin o qədər də böyük gəlir mənbəyi olmamasına baxmayaraq, dağ kəndlərində bütöv sülalələr öz sənətkarlıq ənənələrinə sadiqdirlər.
Dağıstana səfəriniz zamanı əldə edəcəyiniz xalq tətbiqi-sənəti nümunələri haqqında kiçik icmalı təqdim edir.
Untsukul: ağac üzərində metal inkrustasiyası
Untsukul kəndinin sakini Maqomedali Maqomedaliyev 26 ildir ki, bu sənətlə məşğul olur. Dağıstanda XVII əsrdən bəri geniş yayılmış ağac üzərində metal inkrustasiyası onun həyatının mənasıdır. Maqomedali bu barədə deyir: “Ustamın mənə verdiyi ilk tapşırıq əsa dəstəyinin düzəldilməsi idi. O vaxt düşündüm ki, heç bir zaman bu sənəti öyrənə bilməyəcəm”.
