“Turizm sahəsi ölkənin və əhalinin formalaşan gəlirlərinə öz töhfəsini verməlidir. Bizim proqnozlara əsasən yaxın 10 il ərzində ÜDM-in 10 faizi turizm sahəsinin payına düşəcək. Bunun üçün, ilk növbədə, əvvəlki illərdə görülən işləri yenidən nəzərdən keçirərək sistemləşdirmək lazımdır. Həmçinin dövlət orqanları ilə biznes qurumları və ictimai qurumlar arasında effektiv qarşılıqlı əlaqənin yaradılmasına çalışmaq lazımdır”.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
F.Nağıyev bildirib ki, dövlət başçısının birbaşa diqqəti və qayğısı nəticəsində ölkə turizminin inkişafı istiqamətində ötən illər ərzində bir sıra mühüm addımlar atılıb. Müvafiq infrastruktur yaradılıb, bazarın bu və ya digər iştirakçılarının fəaliyyəti üzrə, eləcə də xarici vətəndaşların ölkəyə daxil olması istiqamətində vacib qərarlar qəbul edilib.
“Son illərdə Azərbaycan öz qapılarını ziyarətçilər üçün tam açıb və indi qarşıya qoyulmuş məqsədlərə çatmaq, ən əsası isə ölkəyə turist axınını artırmaq zamanıdır. Ən önəmli məsələlərdən biri də turistlərin məmnunluğunu artırmaqdır. Onların ölkəyə yenidən qayıtmasına nail olmaqdır. Turisti ölkəyə cəlb etmək kifayət deyil, onun gözləntilərini qarşılamaq və yenidən ölkəyə səfər etməsini təmin etmək lazımdır. Bunun üçün kadr potensialını inkişaf etdirmək, insanlarımızı maarifləndirmək lazımdır. Əlavə infrastrukturlar yaratmaq, bazarın əsas iştirakçılarının fəaliyyətində şəffaflığı təmin etmək, azad rəqabət şəraiti formalaşdırmaq lazımdır. Bütün bu məsələlər Azərbaycanın turizm sənayesinin yaradılması və inkişafı strategiyasında öz əksini tapacaq”-deyə, vurğulayıb.