Ev Turizm Xəbərləri Dubay ötən il rekord sayda turist cəlb edib

Dubay ötən il rekord sayda turist cəlb edib

Dubay

Dubay ötən il rekord sayda – 16,73 milyon turist qəbul edib. AZƏRTAC “Dubai Media Office” təşkilatına istinadla xəbər verir ki, bu şəhərə səyahət edənlərin əksəriyyəti Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Çin və Rusiya vətəndaşlarıdır. Qeyd olunub ki, 2019-cu ildə turistlərin sayında 5,1 faiz artım olub, cari ildə isə bu rəqəmi 20 milyon nəfərə çatdırmaq planlaşdırılır.

Dubay Əmirliyinin Turizm Departamentinin rəhbəri Saed əl-Marri bildirib ki, bu şəhər 2020-ci ildə qlobal turizm sənayesində dominantlığı davam etdirmək niyyətindədir. O əlavə edib ki, ötən il Səudiyyə Ərəbistanından Dubaya 1,6 milyon turist gəlib. Əmirliyə gələn britaniyalıların sayı 1,2 milyon, çinlilər 989 min, rusiyalılar isə 728 min olub. Dubay rəsmisi vurğulayıb ki, şəhərə daha çox turist cəlb etmək məqsədilə çoxillik vizalar da tətbiq olunub.

Cari ilin oktyabrında Dubayda açılacaq “Expo 2020” sərgisi də bu şəhərə turist axınının artmasına səbəb olacaq. Hökumət bu tədbirə 25 milyon insanın gəlməsinə və ümumi gəlirin 17,4 milyard dollara çatmasına ümid edir.

Qeyd edək ki, Dubay Körfəz ölkələri arasında neft gəlirlərindən asılı olmayan yeganə yerdir və Əmirliyin həyata keçirdiyi layihələr hesabına büdcənin 94 faizi qeyri-neft sektorundan formalaşır.