Xorvatiyanın Zaqreb şəhərində Dünya Turizm Təşkilatının (DTT) Avropa Komissiyasının 64-cü sessiyası öz işinə başlayıb.
Tədbirin açılış mərasimində DTT-nin baş katibi Zurab Pololikaşvili çıxış edib.Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç və Zaqreb şəhərinin meri Milan Bandiç çıxış edərək qonaqları salamlayıblar.
Bir sıra üzv dövlətlərin nazirlərinin, DTT-nin Avropa Komissiyasına üzv ölkələrinin, yerli hökumət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ölkəmizi Azərbaycanın İspaniya Krallığında və Andorra Knyazlığındakı səfiri, eyni zamanda, Dünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Sessiya zamanı gündəlikdə duran bir sıra vacib məsələlərlə yanaşı, ölkəmizin 2019-2021-ci illər üzrə DTT-nin Assosiativ Üzvlüklə bağlı Müraciətlərə Baxılması üzrə Komitəsinin üzvlüyünə seçilməsi ilə bağlı yekdilliklə qərar qəbul olunub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri səfir Anar Məhərrəmov tədbirdə çıxış edərək göstərilən dəstəyə və etimada görə DTT-nin Avropa Komissiyasının üzvlərinə təşəkkürünü bildirib. Təşkilatın baş katibi Zurab Pololikaşvilini və tədbirə ev sahibliyi edən Xorvatiya tərəfini sessiyanın uğurla keçməsi münasibətilə təbrik edib.
Anar Məhərrəmov DTT-nin İcraiyyə Şurasının növbəti – 110-cu sessiyasının cari ilin iyun ayında Bakıda keçiriləcəyini xatırladıb. Bu münasibətlə bütün üzv dövlətləri ölkəmizə dəvət edib.
Sessiya gündəliyə uyğun olaraq işini davam etdirir.