cins atlar

Ötən əsrin 80-ci illərində Sovet İmperiyasının dağılması, yeni iqtisadi sistemə keçid, eyni zamanda ərazilərimizin ermənilər tərəfindən işğalı nəticəsində itirdiyimiz ən mühüm maddi-mənəvi dəyərlərdən biri atçılıq oldu. Üstəgəl, uzun illər bu sahəyə biganə münasibətin bəslənməsi atçılığın xeyli geriləməsinə səbəb oldu. Ölkə ərazisində mövcud olan atçılıq müəssisələrinin maddi-texniki bazası gerilədi, at cinsləri üzərində davamlı seleksiya işləri aparılmadı, atlarımızın dünya səviyyəli yarış və sərgilərə çıxarılması təmin olunmadı. Baxmayaraq ki, dünya səviyyəsində atçılığa maraq getdikcə artır, bu sahə heyvandarlığın ən vacib sahəsi kimi inkişaf edir, aqroekoturizmin inkişafına öz töhfəsini verir. Bu gün atçılıq böyük həcmdə valyuta gətirən bir sahəyə çevrilib. Sevindiricidir ki, son illər qədim tarixə, ənənələrə malik olan atçılığa münasibət köklü dəyişməkdədir.

Bunu AZƏRTAC-a açıqlamasında aqrar sahə üzrə mütəxəssis Nicat Nəsirli deyib.

Onun sözlərinə görə, iki il əvvəl Qarabağ Atçılıq Kompleksi yüksək səviyyədə qurularaq təsərrüfat həyatının yeni mərhələsinə başlayıb. Bu həftə isə dövlət başçısı tərəfindən Ağstafa rayonunda yerləşən Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisinə böyük həcmdə vəsait ayrıldı. Maddi-texniki bazasının gücləndirilməsi irəlidəki illərdə atçılığın yeni çağırışlar fonunda inkişafını zəruriləşdirəcək.

Bəs, bu çağırışlar hansılardır? Bu barədə danışan ekspert deyib: “İlk növbədə, orta əsrlərdən bəri xalq seleksiyası yolu ilə inkişaf etdirilən atçılıqda damazlıq işinin yaxşılaşdırılması, milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinin qorunub saxlanması, eləcə də yüksək keyfiyyətlərə və qiymətli irsi əlamətlərə malik cins atların yetişdirilməsi tədbirləri həyata keçirilməlidir. İndiyə qədər həyata keçirilmiş xalq seleksiyası artıq öz yerini elmi seleksiyalara verməlidir. Xüsusi ilə bu Azərbaycanda xalq seleksiyası yolu ilə yaradılmış, ölkənin ayrı-ayrı regionlarında yetişdirilmiş, mənşəyi məlum olan Qarabağ və Dilbaz at cinslərinə aiddir. Bu cinslər bizim milli irsimizi, zəngin tariximizi özündə ehtiva edir. Atçılıq elə bir sahədir ki, ona kommersiya yanaşması ola bilməz, bu sahəni naşı adamların ixtiyarına buraxmaq olmaz. Çünki, cins atçılıq eyni mənşəyə malik, genetik əlamətlərini irsən nəslə keçirən və bu əlamətlərə görə digər atlardan fərqlənən atlar qrupu hesab edilir. Bu sahədə dövlət nəzarətinin ən mühüm istiqamətləri milli və beynəlxalq at cinslərinin genofondunun qorunmasından, təkmilləşdirilməsindən, artırılmasından, atçılıq sahəsinə xarici və yerli investisiyaların cəlb edilməsindən, atçılığın inkişaf etdirilməsi üçün elmi nailiyyətlərin, mütərəqqi texnologiyaların tətbiq edilməsinə əlverişli imkanlar yaradılmasından ibarətdir. Eyni zamanda, bu sahədə dövlət nəzarətinin səmərəli həyata keçirilməsi üçün mövcud atçılıq təsərrüfatlarının uçotu aparılır. Cins atların mənşəyinin təsdiq edilməsi məqsədilə dövlət qeydiyyatı sisteminin qurulması ən vacib istiqamətlərdən biridir. Bu addımlar atçılıqda təmizqanlı cinslərin qorunması, zəngin genefondun yaranmasına imkan verəcək”.

Nicat Nəsirli qeyd edib ki, milli at cinslərimiz maddi-mədəni tariximizin ən zəngin parçasıdır. Atlarımız gözəl eksteryer görünüşü, yüksək balavermə qabiliyyəti, rəng və bədən göstəriciləri, dözümlülüyü, sahibinə qarşı sədaqətli olması ilə bütün dünyada məşhurdur. Bu xüsusiyyətlər onların gələcəkdə dünya bazarında ən yüksək maddi dəyərini müəyyən edəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin