Ev Turizm Xəbərləri ELEKTRİK TƏYYARƏLƏR – EKOLOJİ ZƏRƏRSİZ, UCUZ VƏ SƏSSİZ

ELEKTRİK TƏYYARƏLƏR – EKOLOJİ ZƏRƏRSİZ, UCUZ VƏ SƏSSİZ

elektrik təyyarə

CNN-in verdiyi məlumata görə, hava nəqliyyatının səbəb olduğu ekoloji problemlərə görə narahat olan sərnişinlərə tezliklə ekoloji zərərsiz alternativlər təklif olunacaq.

Britaniyanın büdcə aviaşirkətlərindən olan EasyJet, 2030-cu ilə qədər, qısa marşrutlu uçuşlar üçün elektrik təyyarələrindən ibarət donanma yaratmağı planlaşdırır. Bu tipli təyyarələrin karbon emissiyasını azaldacağı və daha səssiz uçuşa yol açacağı gözlənilir.

Aşağı büdcəli hava daşıyıcısı EasyJet, ABŞ-ın istehsalçılarından biri olan “Wright Electric” ilə iki saatdan az olan uçuşlar üçün batareya ilə gücləndirilmiş təyyarələrin istehsalı üçün razılığa gəlib.

2016-cı ildə yaradılan “Wright Electric” artıq iki oturacaqlı elektrik təyyarəsinə sahibdir və gələn il 9 oturacaqlı təyyarəsini “EasyJet” ilə uçurmağa  hazırlaşır.  Şirkət artıq elektrik hava daşıyıcılarında motorların istehsalı üçün patent müraciəti edib.

Uğurlu olduğu halda, EasyJet bu təyyarələrdən məşhur marşrutlarda istifadə olunacağını bildirib.

Şirkətin icraçı direktoru Johan Lundgren elektrik təyyarələrinə keçidin çox sürətli baş verdiyini vurğulayıb və ilk uçuşun London-Amsterdam marşrutu üzrə həyata keçəcəyini vurğulayıb. Elektrik təyyarələrin uçuş məsafəsi 500 km ətrafında olduğu üçün bu istiqamət ilk “elektrik marşrut” olmaq üçün əlverişli hesab olunur.

Wright Electric” elektrik təyyarələrin ənənəvi təyyarələrdən 50% daha səssiz və aviaşirkətlər üçün 10% daha ucuz olacağını vurğulayıb.

Şirkətin icraçı direktoru Jeffrey Engler Avropaya bu yeni texnologiyanı tanıtmaq üçün səbrsizləndiyini bildirib.

Qeyd edək ki, artıq “Zunum” şirkəti “Boeing”-in dəstəyi və “Siemens” şirkəti “Airbus”-ın tərəfdaşlığı ilə elektrik motorlar üstündə çalışır.