Peterhof- turizm mərkəzi
“Pyotr həyəti”, 1944-cü ildən – 1997-ci ilə kimi— Rusiya ərazisində yerləşən şəhər. Peterhof, Petrodvorets rayonunun bir hissəsi olaraq bələdiyyə mərkəzi və Sankt-Peterburqun federal əhəmiyyətli şəhəri hesab olunur. Fin körfəzinin cənub sahilində yerləşir. Sankt-Peterburqun qərbində, dəmir yolu ilə 29 km məsafədə yerləşən böyük və əhəmiyyətli bir turizm, elm və təhsil mərkəzidir.
Şəhərdə “Yeni Peterhof”, “Köhnə Peterhof” və Oktyabr DY-nun və Baltik xəttinin “Universitet” stansiyaları yerləşir. Fin körfəzinin əsas liman şəhərlərindən biridir. Əhali sayı – 73,2 min nəfərdir
Peterhofun əsası 1710-cu ildə, imperatorun şəhərdənkənar iqamətgahı kimi qoyulmuşdur. Şəhər statusu 1762-ci ildə verilmişdir. Şəhərdə dünya memarlığının ən məşhur abidəsi, XVIII—XIX əsrlərə aid “Peterhof” muzey-qoruq kompleksi yerləşir. 2005-ci ildən şəhər “Naukoqrad” (yəni elm mərkəzi) statusunu əldə etmişdi.
Tarixi
1710-cu ildə I Pyotrun əmlakının tikintisi üzrə aktiv landşaft və memarlıq işlərinə başlanılmışdır. 1714-cü ildə böyük park ərazilərində Böyük Peterhof sarayının, Kaskadlı böyük qrotun, Monplezir və Aşağı parkın digər tikililərinin əsası qoyulmuşdu. Tədricən, iqamətgahın yerləşdiyi ərazinin yaxınlığında Kiçik Sloboda (Yuxarı Parkın cənub və cənub-şərqində) və Böyük Sloboda (Yuxarı parkın qərbində, müasir şəhər prospekti boyu yerləşən Köhnə Peterhof ərazisində) yaranmışdı. Həmin yerdə yerləşən Tacir limanına o zamanlar Kronştadt və Sankt-Peterburqdan gəmilər gəlirdi. 1721-ci ildə burada ilk su mişar dəyirmanı və kəsmə fabrikinin (hazırki Petrodvorets saat zavodu) əsası qoyulmuşdur.
Başlanğıcda sarayın ətrafındakı qəsəbə xaotik şəkildə inşa edilmişdir, sakinlərinin əksəriyyətini təşkil edən dövlət kəndliləri isə ümumiyyətlə qazmalarda yaşayırdı. 1730-cu ildə məhz memar M. Zemtsovun sayəsində, Peterhof ilk dəfə olaraq dəqiq və aydın bir planlaşma əldə etmişdir. O, bir sıra binaları yenidən inşa etmiş və Peterhofda çalışan təhkimli kəndlilər üçün “Sənətkarlıq”, saray işçiləri üçün isə “Kavaler” məhəllələrini yaratmışdı. 1747-ci ildən memar B. Rastrellinin rəhbərliyi altında sarayın yenidən qurulmasına başlanılmışdır. Saray binasının mərkəzi hissəsi böyüdülmüş, cənub tərəfdən isə, saray konfiqurasiyasına görə uzadılmış “P” hərfinə bənzədilmişdir. Bu cür kompozisiya onun orta hissəsinin iki qonşu üç mərtəbəli bina ilə birləşməsi nəticəsində yaranmışdır.
Görməli yerləri
“Peterhof” Dövlət muzey-qoruğu
Dünya memarlığının və saray-park sənətinin görkəmli abidəsidir. Muzeyin tərkibinə XVIII-XIX əsrlərdə aid saray və park ansamblı – 19 may 1918-ci ildən sonra milliləşdirilmə nəticəsində muzeyə çevrilmiş keçmiş şəhərətrafı imperator iqamətgahı daxildir. Muzey-qoruğu özünün hazırki statusunu 1990-cı ildə əldə etmişdi.
Böyük Peterhof sarayı
1714-1725-ci illərdə J.B. Leblondun daha sonralar isə N. Mikettinin layihələri əsasında “Pyotr barokkosu” üslubunda inşa edilmiş sadə çar sarayı, 1747-1752-ci illərdə imperatriça Yelizaveta Petrovnanın sifarişi ilə memar F.B. Rastrelli tərəfindən artıq “yetkin barokko” üslubunda yenidən inşa edilmişdir. Dənizə açılan saray fasadının uzunluğu 268 metrdir. Böyük saray “Peterhof” Dövlət İncəsənət və Memarlıq Saray-Park Muzeyinin tərkib hissəsi hesab olunur. Dənizə açılan saray fasadının uzunluğu 268 metrdir. Sarayın əsas korpusundan hər iki istiqamətə birmərtəbəli qalereya ayrılır. Bu qalereyalar qərb tərəfdən Gerb, şərqdən isə Kilsə korpusu ilə tamamlanır.
Yuxarı bağ
15 hektar ərazisi olan Yuxarı bağ I Pyotrun dövründə salınmışdır. Hər şeyə özünün praktiki yanaşması ilə tanınan Pyotr buranı tərəvəz məhsullarının əkilməsi üçün bir bitki bağı kimi istifadə edirdi. Yuxarı bağ özünün müntəzəm müasir görünüşünü XVIII əsrin ikinci yarısında əldə etmişdir. Bu zaman, bağda fonranlar yaradılmışdır.
Planda uzunsov üçbucaq şəklində olan Aşağı Park təxminən 102 hektar sahəyə malikdir. Cənubdan şimala uzunluğunun cəmi 500 metr olmasına baxmayaraq, park körfəzinin sahili boyunca qərbdən şərqə düz 2.5 kilometrə uzanır.
Fəvvarələr
Snop fəvvarəsi I Pyotrun əmri ilə Peterhofda tikilmiş ilk fəvvarələrdən biri sayılır. O 1722-1723-cü illərdə Nikolo Mikettinin və fəvvarə ustası Sualemin rəhbərliyi altında tikilmişdir. Fəvvarə kompozisiyasının mərkəzində – hündür, tuf materiaından hazırlanmış tumba yerləşir. Onun içərisindən yüksək təzyiqlə su şırıntısı ətrafa yayılır. Ondan aşağıda su şırıntıları üçün dairəvi formada daha 24 kiçik dəlik yerləşir.
Kolonist parkı
Kolonist parkı -Peterhof şəhərinin mərkəzində yerləşən və 29 ha ərazini tutan məşhur peyzaj parkı. Kolonist parkı I Nikolayın hakimiyyəti dövründə (1832-ci ildən – 1857-ci ilə kimi) memar A. Ştakenşneyder, mühəndis M. Pilsudski, bağban ustaları P. Erler və P. Arxipov tərəfindən yaradılmışdır.