“ABŞ Prezidenti Donald Tramp öz məktublarında ABŞ-ın Cənub Qaz Dəhlizinə davamlı dəstəyini ifadə edib. ABŞ hökumətinin Cənub Qaz Dəhlizi layihəsini bir çox qurumlar daxilində ciddi şəkildə dəstəklədiyini qeyd etmək vacibdir. Cənub Qaz Dəhlizi layihəsi başa çatmaq üzrədir və biz qarşılıqlı maraq doğuran digər enerji bağlılığı layihələri ilə məşğul olmağa hazırıq”.
APA-nın Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ-da “II Xəzər Biznes Forumu”nda çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu ilin may ayında Bakıda keçirilən ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının dördüncü iclası, qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən ticarət və sərmayə, nəqliyyat və logistika, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və turizm məsələləri üzrə dialoqumuzun gücləndirilməsi və dərinləşdirilməsinə yönəlib.
E. Məmmədyarovun sözlərinə görə, bu gün Mərkəzi Asiyadan Xəzər dənizi və sonra Qafqaz üzərindən keçən nəqliyyat yolları xüsusilə aktualdır. “Bu gün Azərbaycan regional və transmilli bağlılıq təşəbbüslərinin, o cümlədən əsas nəqliyyat əlaqələrinin və strateji infrastrukturun inkişafı, Avrasiyanın müxtəlif regionları arasında sərnişin və yük daşınmasının inkişafı üçün beynəlxalq logistika mərkəzlərinin və sərbəst ticarət zonalarının yaradılmasının fəal iştirakçısı və onu təşviq edən tərəfdir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Çin arasında yük və sərnişin əlaqəsi yaradaraq Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirir. Dəmir yolu xətlərinin bir-biri ilə kəsişməsi öz-özünə təmin olunmur. Kommersiya baxımından əlverişli olması üçün hazırda tariflərin unifikasiyası üzərində işləyirik. Bakı-Tbilisi-Qars, Asiyanı Avropa ilə birləşdirən və Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə ərazisindən keçən, 6500 km uzunluğunda olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun bir hissəsidir. Bu nəqliyyat əlaqələri açıq dənizə çıxışı olmayan Mərkəzi Asiya, eləcə də Cənubi Qafqaz regionu üçün böyük əhəmiyyət daşıyır. İlk konteyner qatarları bu marşrutun tranzit müddətini 30-35 gündən 15 günə endirə biləcəyini sübut edib. Transxəzər dəhlizi, özəl sektorun genişləndirilməsi üçün investisiya, ticarət və tranzit sahəsində əlavə imkanlar yaradacaq”.
Azərbaycan XİN başçısı qeyd edib ki, son illərdə Azərbaycan hökuməti iş mühitinin yaxşılaşdırılması, o cümlədən məhdud qiymət nəzarəti, şirkətlərə qoyulan xarici kapitalın miqdarına heç bir məhdudiyyətin qoyulmaması, mənfəətin və texnologiyaların transferi repatriasiyasına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, xarici və yerli investorlar arasında ayrıseçkiliyin qoyulmaması, xarici valyuta mübadiləsi məhdudiyyətləri və xarici sərmayələrin əvvəlcədən avtorizasiyası kimi hədəflənmiş islahatlara diqqət yetirir: “Sahibkarlıq sahəsindəki bütün yoxlamalar 2021-ci ilə qədər qanunvericilik səviyyəsində dayandırılıb. Aktiv makroiqtisadi siyasət sayəsində 2017-2019-cu illərdə iqtisadiyyat sabitləşib. Azərbaycan 2018-ci ildə Qlobal Rəqabət Qabiliyyəti hesabatında 35-ci, Dünya Bankı tərəfindən dərc edilmiş 2019-cu il “Doing Business Report”a uyğun olaraq dünyada 25-ci yerdə, o cümlədən biznesin qurulması üçün 9-cu və Dünyada investorların müdafiəsi üzrə 2-ci yerdədir. Azərbaycanda inkişaf etmiş biznes və investisiya mühiti ABŞ-Azərbaycan işgüzar dairələri arasında (B2B -business to business) əlaqələr yaratmaq üçün yeni imkanlar açır. Azərbaycan, eyni zamanda, İrs (Heritage) Fondunun ən qabaqcıl hesabatı olan “2019 İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş əldə edən ölkədir. Hesabatda Azərbaycan 1995-ci ildə İndeks tətbiq olunandan bəri Qanunun Aliliyi kateqoriyasında ən yaxşı inkişaf etmiş ölkə olaraq qeyd olunub. Azərbaycanda mülkiyyət hüquqlarının, investisiya azadlığının və maliyyə sağlamlığının kəskin artması müşahidə edilib. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Hökumətimizin əsas uzunmüddətli hədəflərindəndir. Milli iqtisadiyyatın inkişafı üçün strateji yol xəritələri iqtisadi islahatları daha da dərinləşdirəcək. Həmin islahatlar üzərində işlərin qurulması və iqtisadiyyatın rəqabət qabiliyyətini və dayanıqlılığını artırmaq üçün növbəti mərhələ kimi 2021-2025-ci illəri əhatə edən daha dərin iqtisadi islahat proqramının inkişafına başlanılıb. Ümumilikdə əlverişli iş mühiti və məqsədyönlü islahatlar biznes və investorlar üçün əlavə imkanlar təmin edəcək”.