Ev Turizm Xəbərləri Fərdi ekskursiyaların üstünlüklərini göstərən beş səbəb

Fərdi ekskursiyaların üstünlüklərini göstərən beş səbəb

Ekskursiya

Maraqlı, yaddaqalan tətillər təkcə günəş vannaları, dadlı yeməklər və ya şopinq ilə məhdudlaşmır. Məzuniyyət həm də insanın öz dünyagörüşünü genişləndirmək, yeni biliklər əldə etmək, tarixi, memarlığı, mədəniyyəti, ənənələri öyrənmək, şəhərlərin və ölkələrin bütün çalarlarını hiss etmək fürsətidir.

İnternetə və virtual bələdçilərə etibar edərək məzuniyyət proqramını müstəqil şəkildə tərtib edə bilərsiniz, lakin bu halda bəzi çox mühüm məqamları əldən vermək, geniş reklam edilməmiş, lakin bu səbəbdən daha dəyərli, autentik obyektlərdən yan keçmək riski çox böyükdür. Alternativ variant kimi qrup halında ekskursiyalar var: baxmağınız zəruri olan görməli yerlərin siyahısında mümkün qədər çox “quş qoymaq” arzusunda olanlarla bərabər qısa və uzun məsafələrə qaça bilərsiniz, lakin bu siyahıdakı obyektlərin çoxu darıxdırıcı, şablon və yeknəsəq olur.

Nəhayət, o qədər də aşkar görünməyən, lakin populyarlığı sürətlə artan bir variant da şəxsi gidlərlə birlikdə gəzintilər variantıdır. Onlar bələdçilik etdikləri yerləri hamıdan yaxşı tanıyır və bu sirləri qədirbilənlərlə bölüşməyə hazırdırlar. “www.tonkosti.ru” resursuna istinadla fərdi ekskursiyaların üstünlüklərini öyrənməkdə sizə kömək edəcək.

1. Bu, daha effektlidir.

Qrup halında standart ekskursiya zamanı vaxtınızın az qala yarısı nəyə sərf edilir? Heç də görməli yerlərə yox: qiymətli dəqiqələrin, hətta saatların çox hissəsi gözləməyə, növbələrə, hamını bir yerə toplamağa və başqa səmərəsiz məşğələlərə sərf edilir. Üstəlik, turist avtobuslarının şəhər küçələrində dönməsi çətindir, onlar uzun müddət tıxaclarda gözləyir, parklama üçün yer axtarırlar. Bütün bunlar seçim imkanını xeyli məhdudlaşdırır.

Özəl gidlər taym-menecmentin virtuozlarıdır. Onlar əsas məqamları seçir və marşrutu elə tərtib edirlər ki, səyahətçi şəhərlə rahat tanış olsun, heç kəsdən asılı olmasın. Fərdi ekskursiyaların çoxu piyada təşkil edilir, istirahət, ən yaxşı kafe və restoranlarda yemək üçün fasilələr nəzərdə tutulur. Avtomobillə ekskursiyalar zamanı transfer üçün vaxt sərfi minimuma endirilir.

Lisenziyalı gidin müşayiəti ilə dünyanın ən populyar muzeylərinə də növbəsiz düşə bilərsiniz.

2. Belə daha maraqlıdır.

Çox vaxt ekskursiya marşrutlarına çoxdan klişeyə çevrilmiş ən məşhur turist obyektlərini daxil edirlər. Kütləvi şəkildə ekskursiyaya gedəndə mərkəzdən uzaqlaşmaq, döngələrə boylanmaq, rahat kafedə dincəlmək, çoxlarına məlum olmayan, lakin mühüm obyektlərə baxmaq imkanı olmur.

Özəl ekskursiyalar isə təfsilatlar ətrafında qurulur, naməlum obyektlərlə tanış olmaq üçün nadir fürsət yaradır. Şəxsi gidin müşayiəti ilə mümkün olmayan heç nə yoxdur. Hətta ən üstün sayılan yerlər də fərdi qaydada təqdim edildikdə və müvafiq materialı dərindən bildikdə yeni, gözlənilməz cəhətlər üzə çıxır.

Şəhərdə gidin müşayiəti ilə gəzinti A məntəqəsindən B məntəqəsinə marafona yox, fasiləsiz söhbətə, həm görməli yerlərdə, həm də oraya gedən yolda sual və cavablar, dəqiqləşdirmələr və təfsilatlar, gid ilə daimi əlaqə formasında canlı söhbətə oxşayır.

3. Bu, daha fərdidir.

Turistlərin böyük qrupları ilə işləyən gid müvafiq mətni əzbər öyrənir və monoton şəklində təkrarlayır. Nadir hallarda nəyəsə maraq göstərənlərlə ünsiyyət saxlamalı olur. Marşrut incəliklərinə qədər işlənib hazırlanıb, burada hər dəqiqə ölçülüb-biçilib, qrafikdən azacıq kənarlaşmaq istəsəniz, bunu sizə nəzakətlə, amma israrla xatırladacaqlar.

Özəl gid isə bütün diqqətini ətraf aləmə və himayəsində olanlara yönəldir. Burada baş verən hadisələr onun özü üçün də maraqlıdır. Axı bu peşəni öz şəhərlərinə vurğun olanlar seçir. Hər bir gəzinti başqalarından fərqlənir. Nümunəvi ssenariyə baxmayaraq, burada bir qədər gözlənilməzliklər labüddür. Bələdçi səyahətçinin sürətinə uyğunlaşır, onun üstünlük verdiyi məqamları duyur və əlüstü plana düzəlişlər edir.

Fərdi ekskursiyaların seçimi müqayisəyəgəlməz dərəcədə zəngindir.

4. Belə daha ucuzdur.

İndi sizə sürprizimiz var. Fərdi gid ilə gəzinti standart ekskursiya paketindən daha ucuz başa gələ bilər. Bunun sirri düzgün planlaşdırma ilə bağlıdır: fərdi turlar çox vaxt 4-10 nəfərlik qruplar üçün nəzərdə tutulur. Buna görə də qohumlarınız, dostlarınız və ya həmkarlarınızla birgə səyahətə çıxaraq xərcləri öz aranızda bölməklə xeyli qənaət edə bilərsiniz. Hətta məzuniyyətə tək və ya ikilikdə gedəndə də internet forumlarda və sosial şəbəkələrdə münasib kompaniya tapa bilərsiniz. Bunun üçün yalnız şərtlərimiz, üstünlük verdiyiniz məsələlər və səyahətin marşrutu barədə əvvəlcədən razılaşmaq lazımdır.

5. Belə daha perspektivlidir.

Qrup halında ekskursiyadan sonra ən yaxşı halda albomunuzda bir neçə fotoşəkil, yadınızda bir neçə maraqlı fakt qalacaq. Özəl igid ilə birlikdə gəzinti isə bütün hallarda gələcək turizmə töhfədir. Maraqlı ekspertə istənilən mövzuda suallar verə bilərsiniz. Bir vaxt bu şəhərdə tək qalmalı olsanız, həmin məlumatlar işinizə yarayacaq. Bəxtiniz gətirsə gid ilə ünsiyyətiniz dostluğa çevrilə bilər. Bu isə oraya bir daha qayıtmaq üçün yaxşı bəhanədir!