Azərbaycanda, Böyük Qafqazın ətəklərində, dəniz səviyyəsindən 800 m hündürlükdə, dağların arasında oazis adlandıra biləcəyimiz məkan var
Ölkəmizin təbiəti mənzərəli, qeyri-adi guşələrlə zəngindir. Bakıdan cəmi 90 km aralıda, Qobustan rayonunun qədim Sündü kəndinin yanında gözlərdən uzaq, gözəl bir məkan yerləşir.
Dağların arasıyla axan kiçik çay burada kiçik şəlalə və göl əmələ gətirib. Yaxınlıqda isə meşəlik var, ağacların kölgəsində oturmaq, giləmeyvə kollarının meyvələrini dadmaq olar.
Göl xırda olsa da dərindir, qızmar yay günlərində şəlalənin altında dayanıb sərinləmək ləzzət verir.
Bura yerli sakinlərin sevimli istirahət məkanıdır. Şəlaləyə aparan cığırla irəlilədikcə mağara, qrot və qalereyalarla rastlaşırsan.
Əgər ekoturizmi sevirsinizsə, mütləq bu məkanı trekinq marşrutuna salın. Qeyd edək ki, bu cür mənzərəli vadilər bu yerlərdə çoxdur, yaşayış məntəqəsinin yaşı isə bir neçə min ili ötür.