Şamaxı rayonunda Şirvanşahlar dövrünə aid Gülüstan qalasının (IX-XII əsrlər) divarları dağılma təhlükəsi ilə üz-üzə qalıb.
Böyük Xınıslı kəndinin bir qrup sakini Gülüstan qalasının daşlarını oğurlayır və tövlə tikintisi üçün istifadə edir. Baxımsız vəziyyətdə qalan tarixi abidəyə isə heç bir qurum nəzarət etmir.
Məsələ burasındadır ki, tarixi abidənin hansı qurumun balansında olduğu da tam olaraq açıqlanmır. Müvafiq qurumlar nəinki bu məsələyə biganəlik nümayiş etdirir, həmçinin problemi bir-birlərinin üzərinə ataraq, görməzlikdən gəlirlər.
Söhbət Mədəniyyət Nazirliyi, Arxeologiya və Etnoqrafiya İnstitutu, Abidələrin mühafizəsi ilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Şamaxı Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsindən gedir.
Məsələ ilə bağlı tanınmış tarixçi-antropoloq alim Kərəm Məmmədov Cebhe.info vasitəsilə tarixi irsimizi məhv edənlərə və bərpasına biganə yanaşan qurumlara çağırış edib:
“Tək Gülüstan qalası deyil, ölkədə tarixən mövcud olan bir çox tarixi abidələrimizə, mədəniyət ocaqlarımıza bu cür biganəliklər var. Bir neçə gün əvvəl mən sosial şəbəkədə Bakıda yerləşən bir hamamın şəklini paylaşmışdım. Bu hamam XIII-XIV əsrə aiddir. İndi isə onun içinə zibil yığırlar. Olmaz, bu qədər… Qusar rayonunun Həzrə kəndində Şeyx Cüneydin məzarı var. İnanın ki, hər il qəsdlə ora gedirəm. Amma vəziyyət dəyişmir. O tarixi ərazi də dağılmaqda davam edir. Təmir eləmirlər, heç olmaya sökülməsinin qarşısını alsınlar. Allah xatirinə təmirləri lazım deyil. Biz tarixçilərin əlindən yalnız haray təbili çalmaq gəlir. Başqa heç nə edə bilmərik. Gülüstan qalasının o vaxt strateji əhəmiyyəti vardı. O qalanın mühasirəsi zamanı Şah İsmayıl Xətainin dediyi məşhur söz də yada düşür. 1500-cü ildə Cəbani döyüşündə Şirvanşah Fərrux Yasar öldürüldü. Qoşunun qalan hissəsi Gülüstan qalasına sığındı. Qalanı mühasirəyə aldılar və bir qədər mühasirə uzun çəkdi. O zaman Şah İsmayıl Xətai bütün əmrlərini ətrafına yığıb məşhur sözünü söylədi: “Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan?” Onda hamı səsləndi ki, “əlbəttə ki, Azərbaycan taxtı…” Keçmişə bu qədər biganəlik olmaz. Bu, bizim mədəniyyət nümunəmizdir. Bunu nə ingilis, nə də fransız gəlib tikib.
Sonra da turizmdən danışırıq. Turizmdən danışan ölkədə gərək mədəniyyət abidələri qorunsun ki, maraq kəsb eləsin. İndi Gülüstan qalasını da mütləq UNESCO-nun siyahısına saldıraq ki, ingilis Cek və ya Con gəlib təmir etsin? O abidələrin bərpası bir yana, heç olmaya dağılmağa qoymasınlar. Keçmişə güllə atanı, gələcək topla qarşılar. Sabah biz nəvələrimizə nə deyəcəyik? Deyəcəyik ki, “Alov qüllələri” tikdirmişik”.