Rusiyalılar hazırda Gürcüstana təyyarə ilə birbaşa səfər edə bilmirlər.
Buna baxmayaraq, prezident Vladimir Putinin Gürcüstana uçuşları qadağan edən fərmanından sonra rusiyalılar bu ölkəyə qatarlar, bərələr və avtomobillərlə gəlməkdə davam edirlər. Hərçənd Rusiyadan Gürcüstana gələn turistlərin sayı yay ərzində 14, 8 faiz azalıb.
Gürcüstan Milli Turizm Administrasiyasının məlumatına görə bu ilin iyul ayında Rusiyadan Gürcüstan şəhərlərinə 108 min 214 turist gəlib. Halbuki bu rəqəm ötən ilin müvafiq dövründə 127 min nəfər idi.
Milli Turizm Administrasiyası bunu da bildirir ki, Gürcüstana dəmir yolu ilə, Bakıdan keçərək gələn rusiyalıların sayı ötən illə müqayisədə 85 faiz artıb.
Rusiyalı turistlərin 58 faizi Gürcüstana dəniz nəqliyyatı vasitəsilə gəlib. Avtomobillə səfərdən yalnız 7, 1 faiz turist istifadə edib.
Məsələn, əgər ötən il Rusiya və Gürcüstan arasında yeganə sərhəd keçidi olan Yuxarı Lars buraxılış məntəqəsindən gələn turistlərin sayı ötən il 124 min nəfər idisə, bu il onların sayı 134 minə çatıb.
Bu da xəbər verilir ki, göstərilən rəqəmlərə həm də Gürcüstandan keçərək Ermənistan və ya Türkiyəyə gedənlər də daxildir.
Bəs rusiyalı turistləri Gürcüstana çəkib gətirən nədir?
Rəyi soruşulan turistlərin 35, 8 faizi əyləncə və istirahətin əsas məqsəd olduğunu bildirir.
Rusiyalı turistlərin 21, 6 faizi Gürcüstana dostlara və qohumlara baş çəkmək məqsədilə gəldiyini bildirir.
Ən maraqlısı isə budur ki, Gürcüstana gələn rusiyalı turistlərin 3, 2 faizinin məqsədi müalicə almaqdır. Üstəlik bu da bəlli olub ki, Gürcüstan məxsusi olaraq “yeyib-içməyə” gedən rusiyalı turistlər üçün lider istiqamətdir.
Bu mənada Gürcüstandan sonra Ermənistan və İtaliya gəlir.
Gürcüstan İqtisadiyyat Nazirliyinin məlumatına görə ölkənin turizmdən gəlirləri bu ilin əvvəllərindən ÜDM-in 7, 1 faizini təşkil edib.
Rusiya ilə münasibətlər pisləşməzdən əvvəl turizmdən götürülən gəlir 578 milyon dollar idi. Bu, ötən ilin müvafiq dövründən 5 faiz çoxdur.
Bu isə o deməkdir ki, Moskva ilə Tbilisi arasında iyun-iyul aylarında yaşanmış gərginlik Gürcüstanın turizmdən əldə etdiyi gəlirləri azaltmayıb.
Bu da xəbər verilir ki, bu ilin iyulunda Gürcüstana 1 milyondan çox beynəlxalq turist gəlib. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 5, 8 faiz çoxdur.
Bu turistlərin arasında Gürcüstanda 24 saatdan artıq qalanların sayı 1 faiz artıb.
Bu ilin iyun-iyul aylarında Gürcüstanda baş vermiş izdihamlı anti-Rusiya etirazlarının ardınca Rusiya prezidenti Vladimir Putin Tbilisini cəzalandırmaq məqsədilə Gürcüstana bütün təyyarə reyslərini qadağan etmişdi.