Ev Turizm Xəbərləri Gürcüstanlı siyasətçidən etiraf: turizm imicimizə ciddi zərər dəyib

Gürcüstanlı siyasətçidən etiraf: turizm imicimizə ciddi zərər dəyib

Gürcüstan

Gürcüstanın iqtisadiyyat naziri vəzifəsinə namizəd Natiya Turnava qeyd edib ki, Tbilisidə baş tutmuş etiraz aksiyalarından və Rusiya ilə hava əlaqəsinin kəsilməsindən sonra respublikanın turizm imicinə ciddi zərər dəyib.

Sputnik Azərbaycan -yə istinadən xəbər verir ki, Turnava bunu parlamentdə çıxış edərkən bəyan edib.

“Qisasçı meylli siyasi qüvvələrin təhriki ilə iyunun 20-21-də baş vermiş hadisələr turizmin artım tendensiyasını köklü şəkildə dəyişib. Hökumət bu prosesə vaxtında müdaxilə edə bildi və biz mənfi təsirləri qismən yumşalda bildik. Lakin tam neytrallaşdırma mümkün deyildi, çünki turizmdən başqa, onunla əlaqəli sahələr də zərər gördü”, – o deyib.

Siyasətçinin sözlərinə görə, Rusiyanın tətbiq etdiyi sanksiyalar səbəbindən iyulda Gürcüstan təxminən 58 milyon dollar itirib, turizm sahəsində artım isə yalnız 2,1 faiz olub.

Turnava bildirib ki, hökumət respublikada vəziyyətin sakit olduğunu sübut etmək üçün səy göstərib, eləcə də böhran əleyhinə turizm planını işə salıb.

Xatırladaq ki, iyunun 20-də Tbilisidə etiraz aksiyaları başlayıb. Mitinq iştirakçıları Rusiya nümayəndə heyətinin Parlamentlərarası Pravoslav Məclisinin sessiyasında iştirakına qarşı çıxıblar. Onlar həmçinin parlamentin binasını əllərinə keçiriblər. Bu zaman binada Rusiya nümayəndə heyətinin olduğu bildirilir.

Bütün bu hadisələrin fonunda Rusiya Prezidenti Vladimir Putin Gürcüstanla hava əlaqəsinə qadağa qoyub.

Qeyd edək ki, keçən il Gürcüstana gələn hər beş turistdən biri Rusiya vətəndaşı idi.