Əgər siz Qaxa səyahət etməyi planlayırsınızsa o zaman buranın tərtəmiz havası, yamyaşıl dağları, gursulu çayları ilə zəngin möhtəşəm təbiəti və Qafqaz Albaniyasına dayanan tarixi sizi heyran edəcək.
Marşrut
Əvvəla onu qeyd edim ki, Qax rayonu Bakıdan 330-350 km məsafədə yerləşir. Əgər indiyə qədər Şəkidə olmamısınızsa, Şəki-Qax gəzintisini birləşdirə bilərsiniz. Çünki onsuz da Qaxa Şəkidən keçib çatacaqsınız.
Əgər bütün yolu dayanmadan getsəniz ortalama 5-6 saata çatmaq olar. Amma özünüzü yormağa dəyməz, çünki yol onsuz da kifayət qədər uzundur. Ona görə də, Şamaxı, İsmayıllı və ya Qəbələdə dayanıb istirahət eləməyə dəyər. Beləcə, səyahətinizə də əlavə rəng qatmış olacaqsınız.
Gəzməli yerlər
Qaxda aşağıdakı yerləri mütləq ziyarət etmənizi məsləhət görürəm. Çünki buralar həm maraqlı tarixə malikdir, həm də foto-video çəkiliş etmək istəyənlər üçün fotogenikdir.
1. Kürmük Məbədi
Məbəd 1-3-cü əsrlərdə Qax rayonunda mövcud olmuş qədim Alban məbədinin qalıqları üzərində 19-cu əsrdə Çar Rusiyası tərəfindən tikilmişdir. Hündür təpədə yerləşdiyi üçün yaxınlığından yoldan məbədə baxarkən görüntüdən zövq alacaqsınız. Əlverişli yerləşməsi olduğu üçün məbədi gözdən qaçırmanız mümkün deyil.
2. Ulu Körpü
İlisu kəndinə gedən yolda Kürmük çayının üzərində yerləşən bu körpünün 18-ci əsrdə inşa edildiyi düşünülür. Körpü tağ formasındadır və tikintisində kəpricdən və yumurtadan istifadə olunubdur. Dağlardan gələrkən özü ilə çoxlu çöküntü gətirdiyi üçün üzərində yerləşdiyi Kürmükçayın rəngi həmişə qara olur. Burada şəkil çəkdirmək üçün çayın yatağına belə enə bilərsiniz. Çayın yatağından körpüyə gözəl mənzərə açılır.
3. Sumuq Qala
Ulu Körpüdən ayrıldıqdan sonra ilk qarşınıza çıxacaq maraqlı yer elə Sumuq Qaladır. Qala 17-18-ci əsrlərdə gözətçi qalası məqsədilə tikilmişdir. Ətrafdakı yaşayış yerlərindən bir qədər hündürdə tikilməsi əraziyə nəzarət etməyə kömək olur. Burada məşhur Azərbaycan filmlərindən biri “Qorxma, mən səninləyəm!” filmi çəkilmişdir. Əgər bəxtiniz gətirsə, qalanın içərisinə də daxil olma imkanınız olacaq. Mən gedən zaman, təəssüf ki, heç kəs olmadığı üçün içəri daxil ola bilmədim.
4. Qalaça və ya Şamil Qala
SSS Qala İlisu kəndinə gedən yolda yerləşir. Sumuq Qala və Ulu körpüyə çox yaxın bir dağın zirvəsində yerləşir. Qala 19-cu əsrdə Rusiya tərəfindən Şeyx Şamilə qarşı aparılan mübarizədə müşahidə məqsədilə tikilib. Bu qalanı ziyarət etmək üçün hündür dağın diki yamacından keçən cığır ilə dağın zirvəsinə qalxmaq lazımdı. Qala çox kiçik olsa da, dağın zirvəsindən ətrafa olan panoramik görüntü çox möhtəşəmdir. Ona görə də, buraya çıxmağa dəyər!
5. İlisu kəndi
Bu kənddə məskunlaşma 13-cü əsrdən başlayıb. Kənd dağların arasında yerləşir və yuxarıdan baxanda möhtəşəm görüntüyə sahibdir. Kəndin əsas özəlliklərindən biri də kənddəki evlər arasındakı dar küçələrdi. Bu dar və dolanbaclı küçələr fotoqraflar üçün əsl cənnətdir.
6. Ramramay şəlaləsi
Bu şəlalə İlisu kəndində yerləşir. Çox gursulu olmasa da, 25 metrdən axan su şəlaləyə zəhm qatır. Şəlalənin suyu isə bumbuzdu. Gedib baxmağa dəyər.
7. Mamırlı şəlalə
Bu şəlalə Azərbaycanın ən gözəl şəlalələrindən biridir və Qaxın Ləkit-Kötüklü kəndindəki sıx meşədə yerləşir. Hündürlüyü 15 metrdir. Şəlalənin axdığı qayalıq mamır ilə örtülü olması bura qeyri-adi gözəllik qatır.
Qaxda otellər və qiymətləri
Qaxda qalmağa yerlər müxtəlifdir. İstəsəniz lüks otellərdə, istəsəniz də lüks otellərdən heç də geri qalmayan özəl villalarda qala bilərsiniz.
Səngər Qala
Qaxın İlisu kəndində yerləşən Səngər Qala dizaynına görə digər otellerdən xüsusilə seçilir. Çünki otel, tam olaraq bir qalanı xatırladır və özünüzü orta əsrlər Azərbaycanında hiss etdirəcək.
Bu oteli seçməklə siz həm də Qaxın bir çox görməli yerlərini daha rahat ziyarət edə bilərsiniz. Çünki, Ulu Körpü, Sumuq Qala, Şamil Qala və Ramramay şəlaləsi kimi yerlər otelə çox yaxındır.
Otel qonaqlarına 6 otaq tipi, 1 açıq, 1 qapalı hovuz, 2 restoran, spa və əyləncə mərkəzi təklif edir. Qapalı hovuzun havanın temperaturuna görə isitmə-soyutma sistemi də var.
Burada 2 nəfərlik otaqların qiyməti 98 AZN-dən başlayır. Bu qiymətə səhər yeməyi də daxildir. Ən bahalı otağı isə 378 AZN-ə rezerv edə bilərsiniz. Bütün otaqlar Wifi, televizor, kondisioner, telefon və seyf ilə təchiz olunub.
Otelin təmin elədiyi digər bir xidmət isə maşın kirayəsidir. Qaxa gələnədək uzun yolda maşın sürmək istəməyənlər üçün bu seçimin olmağı çox yerinə düşür. Qaxa kimi sizi özəl sürücü gətirir, Qax da isə Səngər Qalada kirayələdiyiniz maşınla gəzirsiniz.
El Resort Qax
Qaxda dağların ətəyində həm istirahət, həm də əyləncə imkanları təqdim edən lüks otel axtarırsınızsa o zaman El Resort Qax-ı seçməlisiniz. Otelin elə bir mövqedə yerləşir ki, buradan həm isti, həm də qarlı soyuq aylarda çox zövq alacaqsınız.
Otel qonaqlarına 7 kateqoriyada 134 otaq təklif edir. Otelin lüks şəraiti təbii ki, öz əksini otaqların qiymətində də tapıb. Otaqların qiyməti 150 AZN ilə 500 AZN arasında dəyişir.
Bundan əlavə oteldə spa və fitness mərkəzi, kinozal, bowling, masaüstü tenis, bilyard, hava xokeyi, masa futbolu, PlayStation və XBox kimi oteldaxili, paintball, futbol, basketbol, tenis kimi açıq hava oyunları da istirahətinizdən maksimum zövq almağınızı təmin edəcək.
Otelin əsas restoranı olan Növbahar restoranı sizə Qax ləziz yeməklərini dadmaq imkanı verəcəkdir. Təbii ki, restoranın mətbəxi təkcə Qax mətbəxi ilə limitlənməyib, beynəlxalq mətbəxdən də müxtəlif yeməklər təklif olunur. Restoranın təqdim etdiyi yeməklər və qiymətləri ilə Növbahar restoranının menyusunda tanış ola bilərsiniz.