Tbilisinin məşhur Rustavelli prospektində 10-15 dəqiqə gəzişsəniz virtual ya da real bir tanışla rastlaşmaq ehtimalınız yüksəkdir. Başqa cür desək, azı bir neçə azərbaycanlı görəcəksiniz. Azərbaycanlıların Tbilisiyə bu qədər çox səyahət etməsinin bir neçə səbəbi var. Buranın yaxın olması və qiymətlərin Bakıdan xeyli ucuz olması bu səbəblərdən yalnız ikisidir.
Yeni ili burda qarşılaya bilərsiniz
Tbilisi həm də bu regionda yeni ilin ən maraqlı və orjinal keçirildiyi şəhərlərdəndir. Elə buna görə də, yeni ili Tbilisidə qarşılamaq istəyənlər çoxdur. Təbii ki, hamı daha əvvəl bu şəhərdə olmayıb və sosial şəbəklərdə fotolarını bəyəndiyimiz dostlar da bizimlə bütün detalları paylaşmırlar. Elə buna görə də Tbilisiyə getmək arzusunda olanlar üçün məlumat xarakterli bir yazı hazırlamaq qərarına gəldim.
Tbilisidə nəqliyyat
Tbilisiyə getmək üçün avtobus, qatar və təyyarədən istifadə edə bilərsiniz. Təbii ki, qiymət və təqdim olunan xidmətdə fərq var. Ən ucuzundan başlayaq.
Bakıdan Tbilisiyə avtobus biletinin standart qiyməti 12,5 manatdır, bayram, bəzən də qrafikin sıx olduğu günlərdə 13 manat ola bilər. Bakı Beynəlxalq Avtovağzalından hər gün Bakı-Tbilisi avtobusları çıxır. Əksər vaxtlarda axşam saat 9-da və 11-də çıxan bu avtobuslar çox nadir hallarda ünvanına çatır. Bileti alarkən bu haqda sizə bir kəlmə də demirlər, hətta sürücü düz sərhədə çatana qədər sizə Tbilisiyə gedirik deyəcək. Amma sərhədi keçəndən sonra tap o sürücünü görüm, necə tapırsan. Avtobuslarda texniki problemlər olduğundan çox vaxt sərhəddən keçə bilmirlər, sərnişinlər də taksi ilə Tbilisiyə getməyə məcbur olurlar. Bu haqda indiyə qədər olunan şikayətlərdən hər hansı nəticə əldə olunduğunu görməmişəm.
Mərkəzə cəmi 4 Lariyə
Belə hal baş verərsə, taksiyə qaçmağa tələsməyin. “Qırmızı Körpü” sərhəd keçid məntəqəsindən Tbilisiyə təxminən bir saatlıq yoldu. Taksilər bu yol üçün ən yaxşı halda 15-20 lari alırlar. Əslində isə daha ucuz getmək imkanınız var. Hər gün bir saatdan bir, axşam saat 6-ya qədər sərhəddən Tbilisi vağzalına “marşurutka”lar gedir. Qiyməti isə 4 laridir (təxminən 3 manat). Vağzal şəhərdən kənarda deyil, “Station Square” metrostansiyası vağzal binası ilə yanaşıdır. İki stansiya o tərəfdə isə Rustavelli stansiyasıdır. Buradan şəhərin mərkəzi hesab olunan Rustavelli prospektinə çıxa bilərsiniz.
Gəncədən Tbilisyə
Əgər Gəncədən Tbilisiyə gedəcəksinizsə, Gəncədəki “Şəmkir avtovağzalı”ndan Qazağa gəlib, oradan “Qırmızı körpü”nü keçə bilərsiniz. Qazax avtovağzalından hər gün bir saatdan bir “Qırmızı körpü”yə mikroavtobus gedir.
Bakı Tbilisi qatarına bir bilet 43 manatdır. Qatar vaxt etibarilə ünvana daha gec çatsa da avtbusdan daha rahatdır.
Bakıdan Tbilisiyə ən ucuz təyyarə biletləri 100-120 avro arası dəyişir.
Metrodan istifadə
Metrodan istifadə etmək üçün 5 lariyə kart almaq lazımdır. Bu kart təkcə metroda yox, avtobusda da istifadə olunur. Metroda bir gedişin qiyməti 50 tetridir (35 qəpik).
Gürcüstanda avtobuslar kart sistemi ilə işləyir. Metro üçün aldığınız kartı avtobusda da istifadə edə bilərsiniz. Bir gediş 50 tetridir. Kart sistemi “marşurutka”lara aid deyil, onlar hələ də ənənəvi sistemlə işləyir, qiymət isə 50 yox, 80 tetridir.