Noyabrın 9-u və 10-da Göyçayda XIV Nar festivalı keçirilir. Festivaldan rəngarəng görüntüləri Sputnik Azərbaycan-ın fotolentində izləyin.
Doğma diyarımız bir çox təbii nemətlərlə zəngindir. Zəngin təbiəti və doqquz iqlim tipi burada müxtəlif meyvələrin becərilməsinə zəmin yaradır. Bu meyvələrdən biri də nardır.
Nar istisevən meyvədir, cənub rayonlarında becərilir. Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur. Ölkəmizdə Şəlli mələsi, Şahnar, Çəhrayı gülöyşə, Azərbaycan gülöyşəsi, Qırmızıqabıq, Bala Mürsəl, Nazikqabıq, Qırmızı vələs və s. nar sortları yetişdirilir. Narın əsas məkanı isə Göyçaydır. Burada yetişən nar öz şöhrəti ilə dünyaya səs salıb.
Bu məşhurluğun təsbiti kimi bu il də Göyçayda Nar festivalı təşkil olunub. Sayca 14-cü festivalda minlərlə turist, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları iştirak ediblər.
Builki bayramın özəlliyindən biri də festivalın 9 Noyabr Bayraq Gününə təsadüf etməsi olub. Tədbir Bayraq meydanında üçrəngli bayrağımızın ucaldılması ilə start götürüb. Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə qonaqları salamlayıb və onları müxtəlif nar çeşidləri və ondan hazırlanan məhsullarla tanış olmağa dəvət edib.
Tədbirdə nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunub, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdirilib. Builki nar bayramı məhsul satışının çoxluğu və rayona səfər edən qonaqların sayı ilə yadda qalıb. İki gün davam edəcək festivala turizm şirkətləri turlar təşkil edib və turistlərə nar və nar məhsullarının alınması üçün şərait yaradılıb.