Ev Ölkələr Fransa Hansı ölkədən nə gətirmək lazımdır?

Hansı ölkədən nə gətirmək lazımdır?

Getdiyiniz ölkələrdən gətirəcəyiniz sovqatlar.

Adətən adam qonaq dəvət olunanda əliboş getməməyə, ev yiyəsinə maraqlı hədiyyə seçib aparmağa cəhd edir. Səyahət etmək yeganə istisna haldır ki, üz tutduğunuz ünvana əliboş gedib, əlidolu qayıdırsınız və gətirdiyiniz təkcə təəssüratlar və xatirələr olmur.

Bu postda mən sizə istənilən ölkədən ala biləcəyiniz soyuducuüstü maqnitlər, “breloklar”, açıqcalar və s. kimi növbətçi suvenirlərdən başqa, sırf ora xas olan yadigarlıq hədiyyələr haqqında qısa məlumat verməyə çalışacam. Post uzun və yorucu olmasın deyə getdiyim ölkələrin yalnız bir qismindən gətirə biləcəyiniz sovqatlar haqqında yazıram hələlik. Maraqlı olsa mövzunu davam edəcəm.

                             İspaniya

Madridə gedib də Sangriya və Xamonun dadına baxmamaq mümkün deyil amma onları özünüzlə Bakıya gətirə bilərsiniz mi onu bilmirəm. Dəqiq bildiyim odur ki, İspaniyadan keramik qablar, üzərində rəqs edən qaraçılar əks olunmuş yelpik və sombrero adlanan milli ispan papağı gətirmək mütləqdir. Geyim olaraq Zara, Berşka, Mango kimi sevilən brendlərin ən son trendə uyğun modellərini su qiymətinə əldə edə bilərsniz.

ispaniya

                          Türkiyə

Hər beş azərbaycanlıdan  dördünün Türkiyədə olduğunu nəzərə alsaq nəinki suvenirlər, Türkiyə haqqında heç bir şey yazmağa, məsləhət etməyə dəyməz. Lakin yenə də mən özümün almağı ən çox sevdiklərimi qeyd edim. Şirniyyatlardan demək olar hamı rahatlukum, pişmaniyə, türk halvası gətirir, halbuki onlardan indi Bakıda da istənilən marketdə  tapmaq olar. Mən türk qəhvəsi, meyvə çaylarını çox xoşlayıram. Birdə Taksimin ara küçələrindəki balaca kitab dükanlarından kitab almaq tərgidə bilmədiyim xobbimdir.

Türkiyə

                         Rusiya

Əlbəttə ki matryoşka və kolbasa məhsulları. Matryoşkaların da fərqli ölçü və formada olur, hər zövqə və cibə uyğun olanını tapmaq mümkündür. “Valenki” adlanan toxunma yun çəkmələri unutmaq olmaz əlbəttə. Onlar dekorativ olmaqdan savayı həm də praktikdir, qışda ayaqlarınızı daha isti saxlayacaq heçnə tapmayacaqsınız, əmin olun.

Rusiya

                        İtaliya

İtaliya, xüsusən də dəbin paytaxtı olan Milandan  xalis dəri məmulatları (çantalar, ayaqqabılar, üst geyimi),  Romadan qladiotorların, Kolizeyin fiqurlarını, Venesiyadan murano şüşəsindən düzəldilmiş suvenir, bəzək əşyaları (mən üzüklər almışdım), Florensiyadan florensiya kağızından hazırlanan bloknotlar, dəftərlər. İtalyan şərabı, pasta, mozarella pendiri haqqında isə sadəcə susuram.

İtaliya

                           Fransa

Mən deməyim, siz tapın. Dost-tanış çevrəniz genişdirsə ən azı 10-15 ədəd Eyfel qülləsinə aid suvenirlər- brelokları çatan kimi alın atın bir kənara. Daha sonra Monmartrdan alınmış kiçik də olsa rəsm əsəriləri, Paris Disneylendinə yolunuz düşsə disney cizgi filmlərinə aid fincanlar, oyuncaqları alışveriş siyahınıza əlavə etmək məsləhətdir. Yemək-içmək siyahısında birinci yerdə mənim üçün əvəzolunmaz dadı ilə məşhur fransız şərabları-Bordo, Burqundiya durur. Və əlbəttə ki ətirlər. Uşaqlıdan “fransuzkiy duxi”lərin nə demək olduğunu bilirsinizsə  Chanelsiz, Diorsuz Bakıya qayıtmaszınız.

Fransa

                          Gürcüstan

Tbilisinin Şarden küçəsi və ətrafı balaca suvenir dükanları ilə aşıb daşır. Gürcütandan mütləq milli koloriti daşıyan bir şeylər almaq lazımdır- süfrə arxasında trapeza edən gürcü kişilərin əks olunduğu qablar, milli geyimli gürcü qadın və kişilərin kuklaları, xanımların çox sevdiyi minankari emalından hazırlanan bəzək əşyaları, saxsı saxlama qabları, xüsusən də kuvşinlər. Qida məmulatlarına gəldikdə isə sulquni pendiri, çurçxella şirniyyatı, tkemala sousu, Kindzamarauli, Saperavi çaxırı, Çaça və saymaqla bitməyən nemətləri tövsiyyə edirəm.

Gürcüstan

                              İsrail

İsrailin adını eşidən kimi adamın ağlına ilk olaraq din, dinə aid atributlar gəlir. Bu da təsadufi deyil, üç dinin birləşdiyi, bütün dinlərin yarandığı məskəndə doğurdan da bütün dinlərə aid adamlara, yeməklərə, yerlərə və suvenirlərə rast gəlmək olur. Ən məşhurları xəmsə işarəli müxtəlif suvenirlər, bəzək əşyalarıdır, sonra minora, davidin ulduzu, təkkə papaqlardır. Xanımların İsraildə alış-verişinin baş qəhrəmanı isə Ölü dəniz məhsullarından olan kosmetik vasitələrdir. Tərkibində Ölü dənizdən əldə edilən mineral və duzlardan hazırlanmış şampunlar, müxtəlif kremlər, maskalar yerli xanımlar arasında da çox məşhurdur. Qiymətləri istehsal firmasına görə dəyişir, amma hər bir halda hər qəpiyinə dəyir. Bir məqamı mütləq bildirməliyəm-İsraildən alış-veriş edəndə nəzərinizdə saxlayın ki hava limanında 5-6 yerdə yoxlama olur, çamadanlar tam açılır və içindəki hər bir şey tək-tək yoxlanılır. Ən kiçik şübhə doğuran nə isə tapsalar onu götürürlər (mənim rəfiqəmin bütöv çamadanını almışdırlar) və belə şeylərin arasında aldığınız suvenirlər də ola bilər. Bu səbəbdən dükanlardan nə isə satın almaq istədikdə satıcılardan hava limanında keçirə bilib bilməyəcəyiniz dəqiqləşdirin.

Hələlik bu qədər. Cibiniz dolu, zövqünüz gözəl, pasportunuz möhürlə bol olsun.