Ev Gəzməli yerlər Gəzəyənlər HEYDƏR ƏLİYEV BEYNƏLXALQ AEROPORTUNDA BAQAJLARINIZ NECƏ YOXLANILIR – REPORTAJ

HEYDƏR ƏLİYEV BEYNƏLXALQ AEROPORTUNDA BAQAJLARINIZ NECƏ YOXLANILIR – REPORTAJ

HEYDƏR ƏLİYEV BEYNƏLXALQ AEROPORTU

Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da dövlət sərhədləri və hava limanları ən önəmli strateji obyektlər sırasındadır. Burada təhlükəsizlik sistemlərinin yüksək səviyyədə təşkil edilməsi birbaşa 10 milyona yaxın ölkə vətəndaşının təhlükəsizliyinin təmin edilməsi deməkdir.

Dünyada baş verən ən dəhşətli hadisələr, terror aktları üçün hədəf seçilən məkanlardan birincisi məhz hava limanlarıdır. Hər gün minlərlə insan hava limanından istifadə edir. Bu isə kifayət qədər ciddi rəqəmdir. Ən önəmlisi, hava limanında insanların təhlükəsizliyini təmin etmək üçün hər bir incə detala diqqətlə yanaşan peşəkar işçi kollektivinin olmasıdır. Söhbət Heydər Əliyev Beynəlxalq Aeroportundan gedir.

Bəzən vətəndaşların aeroportlarda baqajlarının dəyişik düşdüyünü, itdiyini, hətta zədələndiyini eşidirik.

Bu dəfə yolunu Heydər Əliyev Beynəlxalq Aeroportundan salaraq, burada təhlükəsizlik sisteminin necə tənzimləndiyini, sərnişinlərə məxsus baqajın hansı şəraitdə qeydiyyatdan, baxışdan keçdiyini və müşayiət edilərək hava gəmisinə yüklənməsini müşahidə edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun 1 saylı Terminalının qarşısında yerləşən avtomobil dayanacağına daxil olduq. Ərazidə maşın əlindən yer yox idi. Nəqliyyat vasitəsini dayanacaqda park etdikdən sonra Terminalın A girişinə yaxınlaşdıq.   

Terminala daxil olarkən təhlükəsizlik əməkdaşları tərəfindən bütün çantalar, aparatlar, üzərimizdə olan əşyalar, mobil telefon, qəpiklər, iri həcmli qolbaqlar və s. xüsusi qablara qoyularaq “X-ray” qurğusu vasitəsilə baxışdan keçirildi. Daha sonra özümüz tağlı metalaxtaranla “yoxlandıq”. Bundan sonra baxışdan keçirilməsi üçün xanımlara qadın əməkdaş, bəylərə isə kişi əməkdaş təhkim olundu.

Bu, onu sübut edir ki, kimliyindən asılı olmayaraq, heç kim hava limanı ərazisinə gizli şəkildə silah, partlayıcı qurğu və ya təhlükə yarada biləcək hər hansı bir əşya keçirə bilməz.

Baxışdan keçdikdən sonra şəxsi əşyalarımızı da götürüb qeydiyyat duracaqlarına yaxınlaşdıq. Sərnişinlər zəruri sənədlərlə qeydiyyatdan keçdikdən sonra onların baqajlarına yarlıq vurulur. Həmin yarlığın bir hissəsi baqajın üç tərəfinə vurulduqdan sonra digər hissəsi sərnişinə verilir.

Sərnişinin baqajına aviasiya təhlükəsizliyinə dair baxış keçirilən zaman baqajda şübhəli əşya aşkar edilərsə, həmin yarlıq vasitəsilə çantanın sahibini tapmaq asan olur. Sərnişinlər qeydiyyatdan keçdikdən sonra üçüncü mərtəbədəki restoranlardan birində uçuş vaxtına qədər istirahət edərkən baqajlar çox ciddi şəkildə baxışdan keçirilir. 

Nəzarət

Hər üç mərtəbədə təhlükəsizlik əməkdaşları ciddi nəzarət həyata keçirir. Qeyd etmək lazımdır ki, nəzarət yalnız vətəndaşlara və sərnişinlərə deyil, aeroportda çalışan bütün əməkdaşlara da tətbiq edilir. Belə ki, binadan bir dəqiqləik belə olsa, kənara çıxan və daha sonra geri qayıdan əməkdaşlar təkrar baxışdan keçdikdən sonra içəri buraxılırlar.  

Digər prosesləri müşahidə etmək üçün təhlükəsizlik əməkdaşları ilə birlikdə mühafizə edilən məhdud girişli zonaya daxil olduq. İlkin mərhələdə kinolarda gördüyünüz işıqlı və hər biri şifrəli olan qapılardan keçdik. Hər yerdə qapalı videomüşahidə sistemi quraşdırılmışdı. Sonuncu qapıda bizi təhlükəsizlik xidmətinin, dövlət sərhəd xidmətinin və gömrük xidmətinin əməkdaşları qarşıladı.

Şəxsiyyətimizi təsdiq edən sənəd və buraxılış vəsiqələrimiz yoxlanıldı. Üzərimizdə və əlimizdə olan bütün əşyalar, ayaqqabılar, saatlar, hətta kəmərlər çıxarılaraq xüsusi qablara qoyularaq “X-ray” qurğusu vasitəsilə baxışdan keçirildi. Sonra təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə baqajların baxışdan keçirilməsi, çeşidlənməsi və etiketlənməsi məntəqəsinə daxil olduq.

Qeydiyyatdan keçən bütün baqajlar “L3” adlanan partlayıcıları aşkar edən sistem (EDS) vasitəsilə xüsusi kurslarda iştirak edən və müvafiq “Sertifikat” alan təhlükəsizlik əməkdaşları tərəfindən 3D formatında müxtəlif rakurslardan baxışdan keçirilir. Sistem tərəfindən şübhəli hesab edilən  baqaj “Heimann” adlanan “X-ray” qurğusuna yönləndirilir. Həmin baqajlara təkrar baxış keçirilir.

Əgər aydın olmayan məqam olarsa, baqajın üzərindəki yarlığa uyğun kod vasitəsilə baqajın sahibi çeşidlənmə məntəqəsinə dəvət edilir. Gömrük və təhlükəsizlik əməkdaşlarının iştirakı ilə baqaj açılır və əl ilə baxış keçirilir. Əlavə təhlükəsizlik tədbiri kimi “Safran Morpho” adlanan partlayıcı maddələrin izini aşkar edən qurğu (ETD) vasitəsilə həmin baqajdan nümunələr götürülərək yoxlanılır.

Baqajlar təhlükəsizlik xidmətinin silah, partlayıcı maddə və qurğuların axtarışı üçün hazırlanmış xüsusi itlər vasitəsilə də yoxlanılır. Reks adlı xüsusi axtarış itinin baqajları yoxlamasını da əyani şəkildə müşahidə etdik. 

Bütün bu proseslərdən sonra baqajlar reyslər üzrə çeşidlənir və üzərinə aviasiya təhlükəsizliyinə dair baxışdan keçirildiyini göstərən rəngli etiketlər vurulur. Qeyd etməliyik ki, baqajlar çox səliqəli və ehtiyatla daşınır.

Onların zədələnməsi və ya içərisindəki əşyaların ziyan görmə ehtimalı minimum səviyyədədir. Əl terminalları vasitəsilə baqajlar “scan” edilir və bu terminallarda baqajın sahibinə aid bütün informasiyalar öz əksini tapır.

Baqajların baxışdan keçirilməsi, çeşidlənməsi və etiketlənməsi üçün ayrılan ərazidə əməkdaşlar 24 saat dörd növbə ilə fəaliyyət göstərir.

Baqajlar tam hazır olduqdan sonra təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə hava gəmisinə çatdırılır. Orada digər əməkdaşa təhvil verilir.  

Onu da qeyd edək ki, gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 12 minə yaxın sərnişin yola salınır.

Yəqin ki, bütün bu proseslərin ardıcıl olaraq neçə dəfə təkrarlandığını təsəvvür etmək çətindir. Lakin təhlükəsizlik əməkdaşları yorulmadan gün ərzində bu prosedurları həyata keçirirlər.

Əlavə olaraq onu da qeyd edək ki, sərnişinlərdən biri hava gəmisinə daxil olduqdan sonra uçuşdan imtina edərsə, təhlükəsizlik əməkdaşları tərəfindən reys dayandırılır.

Bütün sərnişinlər və baqajlar hava gəmisindən çıxarılır, hava gəmisi təhlükəsizlik əməkdaşları tərəfindən yoxlanılır, bütün ilkin qeyd edilən prosedurlar təkrar tətbiq edilir və hava gəmisinin uçuşuna icazə verilir.

Xarici aviaşirkətlərə məxsus hava gəmilərinə Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş cədvəlinə uyğun olaraq müəyyən vaxt ayrılır.

Bu müddət ərzində ekipaj üzvlərinin hava gəmisini tərk etməsi qəti qadağandır. İstisna hallar olarsa, həmin şəxslər təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə təyyarədən enə və geri dönə bilərlər.