Azərbaycanda koronavirusdan ən çox mənfi təsirə məruz qalmış sahələr turizm, hotel, iaşə, əyləncə, nəqliyyat və ticarət mərkəzləridir. Sahibkarlıq subyektlərinə müəyyən güzəştlərin edilməsi barədə dövlətin çağırışları oldu.
FED.az hələ də icarə haqqını azaltmayan, sahibkarlara güzəşt etməyən obyekt sahibləri, ticarət mərkəzləri və şirkətlərin olub-olmaması ilə bağlı sorğu keçirib.
Sorğu iştirakçılarının böyük əksəriyyəti çalışdıqları obyektlərin adlarının qeyd etməsələr də, amma şərtlərini yumşaltmayan obyekt sahiblərinin çox olduğunu görmək mümkündür.
«Khalili plaza»nın adını çəkən soğru iştirakçısı Tarlan Qulamov hesab edir ki, adıçəkilən plaza heç bir güzəşt haqqında düşünəcək qədər biznes düşüncəyə malik deyil: «Hətta plazanın 20-21martda dezinfeksiya etmək üçün icarədə olan sirkətlərdən pul istəyirdilər».
Mağazası 28 May Keçid Ticarət Mərkəzində olan sahibkar Gunduz Cahangirovun sözlərinə görə, icarədar heç bir qərara məhəl qoymur:
«Məndən 1500 AZN icarə haqqını tam şəkildə tələb edir. Əgər verməsəm, obyektimi boşalt deyir, hədə-qorxu gəlir. Boşaltdığım halda da biznesimi itirməli olacam. Xahiş edirəm köməklik göstərəsiniz”.
Eyni vəziyyətdə olduğunu deyən Narmin Z. Haciyeva adlı istifadəçi də obyekt sahibi ilə razılaşa bilmədiyini bildirib: « Sumqayıtda işlətdiyim mərkəzin sahibi icarənin 200 manatını keçir, bilə-bilə ki, 2 aydır iş dayanıb. Aprelin 1dək mərkəzi boşaltmağımı tələb edir. Mən də məcburam bütöv mərkəzi bağlayım. Artıq mallarını satışa çıxarmışam. Mağazanın işçiləri də işsiz qalib. Onların içində tək yaşayanlar da, başqa yerdən köməyi olmayanlar da var”.
Sabunçuda paltar satılan bazarda da oxşar vəziyyətin sürdüyünü deyənlər də oldu. Sorğu iştirakçısının sözlərinə görə, bazar bağlansa da, rəhbərlik pul tələb edir: “İşə çıxdınız-çıxmadınız icarə haqqı verecəksiz deyirlər”.
“Ramal” ticarət mərkəzində çalışan sahibkar Nurlana Ceferova da olunan güzəştdən narazılığını gizlətməyib:
“Aylıq 3000 manat icarə haqqı verənlər 2000 manat verəcək. Yəni 10 günlük icarə haqqından keçiblər. Bu güzəşt də oradakı sahibkarların yığılıb rəhbərliyin yanına getməsindən sonra mümkün olub. Deyirlər ki, “mənim də verdiyim yerlər var”. Məgər bu mübarizə 10 günlükdür?”.
Sumqayıtda mağaza işlədən sahibkar da eyni vəziyyətdən şikayətlənib:
“Mağaza sahibi aprelin 1-nə kimi obyekti boşaltmağımı tələb edir. İcarə haqqının yalnız 200 manatını güzəşt edir. Bilir ki, 2 aydır iş dayanıb. Məcburam ki, bütöv mərkəzi bağlayam, işçilər də işsiz qala”.
Sorğuda plazalardakı vəziyyətə haqq qazandıranlar da olub. Adil Abdullayev adlı istifadəçi bildirib ki, plazalar da bir biznes subyektidir, daxilində çalışan şirkətlər kimi onların da öhdəlikləri var: «İlk öncə onların öhdəliklərinə güzəşt olunmalıdır ki, onlar da güzəşt etməyi bacarsınlar. Düşünürəm ki, öz çətinliklərimizi onun bunun üstünə paylamaqla problemin həll etmək mümkün deyil. Birdən elə bilərsiniz plazam var, özüm 11 ildir şəhərdəki plazalardan birində kirayəçiyəm».
Sorğuda iştirak edən bəzi sahibkarlar hesab edir ki, banklar kreditlərin ödəniş müddətini uzatması ilə bağlı qərar qəbul edərsə, daha doğru olardı:
“Sahibkarların əksəriyyətinin banklarda kreditləri var. Qeyri-iş günləri qurtaran kimi, “nə olacaq?” deyə, düşünürlər. Ancaq obyekt sahibləri ilə birbaşa görüşmək imkanımız olduğundan mövcud vəziyyəti anlayışla qarşılayanlar az olmayacaq. Bu banklarda keçərli olacaqmı fəaliyyətə başlayanda”.
Problemi tək bank kreditlərində görməyənlər də var:
“Əsas problem kirayədir. Sahibkar 20 işçi işlədir, 1 milyona yaxın pul qoyur, hələ qazanc etməmiş icarədar götürür. İcarədar görürü ki, qazanc var, kirayəni qaldırır. Sağ olsun, hələ ki, bizim icarədar 70 % endirim edib”.
Hansı mərkəzdə işlədiyini qeyd etməyən başqa bir iştirakçı isə, işlər dayansa da, amma sahibkardan icarə haqqını tələb edən obyekt sahibibnin olduğunu deyib. Onun sözlərinə görə, obyekt sahibi heç bir güzəştə getməyəcəyini bildirib.
Bəzi iş adamları bildirir ki, obyekt sahibləri onlara güzəştə gediblər: «Bizim icarəçi bu aya görə icarə haqqı almaycaq».
Amma güzəştə getməyənlər də var: «Mağazanın sahibi 2000 manat tələb istəyir. 200 manata da mağazaya televizor alacağını deyib. Vermirsənsə də, gedəni saxlamazlar deyir. Artıq bu cür adamla işləməyin yeri yoxdur. Buna görə mağazanı bağlayıb çıxıram. Yəqin ki, 2-3 aya yer taparam. Pərdə satışı ilə məşğul olurdum”.
Sorğu iştirakçıları Bakıdakı «Caspian Plaza» biznes mərkəzinin mövqeyindən də narazı qalıblar. İstifadəçilər qeyd edib ki, kurslar martın 3-dən işləmədiyi halda, Plazanın rəhbərliyi onlardan martın 15-dək olan müddətin pulunu tələb edir. «Caspian Plaza» istifadəçilərdən aprel ayının da icarə haqqının yarısını tələb edib, baxmayaraq ki, şirkətlərin fəaliyyətini nə vaxt bərpa edəcəyi bilinmir.
Sorğuda məlum olub ki, bir qədər əvvəl yanğın hadisəsi baş verən «Euro Home» ticarət məokəzi icarəçilərə endirim edib: «Euro home» endirim edib, amma yenə də ödəməkdə çətinlik çəkirik»- deyə Kamran Recebli bildirir.
Amma sorğuda iştirak edən bəzi istifadəçilər, o cümlədən Ali Bexluli bu dövrlərdə kiçik mağazaların dövriyyəsinin artacağını bildirib: “Qərar kiçik ticarət obyektlərinə aid deyil. Həm də iri ticarət mərkəzləri bağlandığı üçün kiçik mağazalar daha fəal işləməlidir. Belə obyektlərin sahibləri də icarə hesabına dolanır».
Maraqlıdır ki, Oruc Hummetov kimi bəzi obyekt sahibləri də icarəçilərə endirim edilməsini dəstəkləyib.
“Mən də obyekt sahibiyəm, amma həqiqətən də getdim maqazinlərə baxdım, içəri girən yoxdur. Güzəşt etmək, vəziyyətdən çıxmaq şərtdir. Onsuz da sənin obyektin boş qalsa, indi heç kim götürməyəcək”.
Sorğuda bütün bu güzəşt tələblərinə qarşı çıxanlar da olub. Belə ki, Farid Brmzd adlı iştirakçısı deyir ki, «Sahibkar yaxşı qazanan vaxtlarında icarəyə verənə daha çox pul veribmi? Deyibmi ki, ay icarəyə verən, bu ay yaxşı qazancım olub, gəl bu ay çox pul verim?!»
Sorğu iştirakçılarının bəzisi də düşünür ki, icarədar icarədən keçə bilməz:
“Hər kəs özünü düşünür, icarədar da ailəsini obyektdən gələn gəlir hesabına dolandırır. Böyük ticarət mərkəzlərini demirəm, amma dövlət həmin icarədarları düşünməlidir”.
Sahibkarlardan biri isə tək icarə haqqında deyil, eyni zamanda vergi və digər sosial ödənişlərdə güzəştlərin olunmasının vacibliyini qeyd edib:
“Sahibkarlar illərdir vergi və sosiala ödənişlər edirlər. İndi hökumət tərəfindən qərar verilməlidir ki, icarə haqları 2 aylıq yarıya endirilsin, vergi və sosial ödənişlər 2 aylıq dayandırılsın. Hər sahibkara ən azı son 3 ayın ödənişləri qədər məvacib ayrılsın. Yoxsa, sahibkarlığa böyük zərbə olacaq ölkədə işsizlik daha da artacaq, vergi ödəyicilərinin sayı minimuma enəcək, nəticədə iqtisadiyyat zəifləyəcək. Bunu ciddiyə alıb təcili qərar vermək lazımdır”.