Ev Turizm Xəbərləri İki gün ərzində Riqada gördüklərimiz

İki gün ərzində Riqada gördüklərimiz

Riqa

Az şəhər tapılar ki, onunla tanış olmaq üçün iki gün kifayət etsin, lakin o demək deyil ki, buna cəhd etmək lazım deyil. Bəzən hətta şəhərin mərkəzində gəzişmək, bir-iki görməli məkana baş çəkmək bir həftəlik istirahətə bərabər təəssüratlar bəxş edə bilər.

Riqa

Biz də Riqada natamam iki gün ərzində çox yer görməyə macal tapdıq: Köhnə şəhərin küçələrində gəzişdik, zooparkda olduq, Riqa parklarında dolaşdıq və Mərkəzi bazarda alış-veriş etdik.

Riqa

Köhnə şəhər

Köhnə Riqa Latviya paytaxtının ən qədim hissəsi və mərkəzi, turistlərin sevimli istirahət və əyləncə yeridir. 1997-ci ildə Riqanın tarixi hissəsi UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. 

Riqa

Köhnə Riqa üçün müxtəlif tipli tikililər səciyyəvidir, binaların çoxunun mədəniyyət abidəsi statusu var. XIII əsrdə inşa edilmiş ən qədim daş ev məhz burada yerləşir. Köhnə şəhərin arxitekturasında müxtəlif istiqamətlər – romantika və qotika, barokko və klassisizm üslublarında tikililər, modernizm nümunələri əks olunub. Latviyanın müstəqilliyi bərpa olunandan sonra onun tarixi simasını bərpa etmək üçün Köhnə şəhərdəki binaların çoxunda yenidənqurma işləri aparılıb, yaxud onlar yenidən inşa olunub.

Riqa

Köhnə Riqanın küçə və meydanlarında hər zövqə uyğun çoxsaylı otel, restoran və kafelər yerləşir.

Bastion təpəciyi

Riqanı mübaliğəsiz parklar şəhəri adlandırmaq olar. Verman bağı, Kronvald Ziyedondarzs Parkı və bir çox digər bağlar şəhər landşaftının bəzəyidir. Şəhərin ən gözəl parklarından biri Basteykalns və ya Bastion təpəciyidir. 

Riqa

Basteykalnsın dar cığırları, kölgəli xiyabanları, daş döşənmiş bağı və şəlalələr kaskadı Riqanın ən mənzərəli gəzinti yerlərindən biridir. Park düz Köhnə şəhərin yanında yerləşir. Onun əsrarəngiz mənzərələri uzun əsrlərdir riqalıların gözünü və ruhunu oxşayan cənnətməkandır.

Əslinə baxılırsa, parkın qalan ərazisi üzərində bir qədər ucalan Bastion təpəciyi insan əməyinin bəhrəsidir. Basteykalnsda bir necə səviyyədə xiyabanlar salınıb. Bu xiyabanlardan biri ilə təpəciyin başına çıxmaq, skamyada oturub qürub çağına və şəhərin arxayın həyatına tamaşa etmək, digəri ilə bütün parkdan keçib onun səfalı yerlərindən zövq almaq olar.

Riqa

Təpəcikdən aşağı doğru şəlalələr kaskadı yerləşir. Parkda bir neçə abidə ucalır, insanların rahat istirahəti üçün hər addımbaşı skamyalar qoyulub.

Park boyunca şəhər kanalı axır, kanalın üzərindən daş körpülər salınıb. Onların bəziləri çox gözəl işıqlandırılıb.

Burada böyük ördək dəstələri toplaşır, tez-tez qu quşlarını görmək olar. Bəxtiniz gətirsə, parkın ən qeyri-adi sakinləri – qunduzlarla qarşılaşa bilərsiniz. Hava yaxşı olanda kanalda çay tramvayında və ya qayıqda üzmək olar. Körpü düz parkın yanında yerləşir.

Riqa

İlin hər fəslində Bastion təpəciyində qələbəlikdir, lakin payızda buranın bir ayrı ab-havası var. Otelimiz düz Basteykalnsın qarşısında yerləşir. Rəngarəng yarpaqlardan ibarət qalın xalı üzərində addımlamaq adama ləzzət edir.

“Grand Poet Hotel”

Gecələməli olduğumuz dəbdəbəli “Grand Poet Hotel” oteli Latviyanın “Semarah Hotels” şəbəkəsinin yeni məhsuludur. 

Otel Riqanın düz mərkəzində, Köhnə şəhər, Barıt qülləsi və Bastion təpəciyinin yaxınlığındakı Raynya küçəsində yerləşir. Odur ki, otel nömrələrinin pəncərələrindən necə gözəl mənzərələrin açıldığını təsəvvür etmək çətin deyil.

Riqa

Otelin klassika, ar-deko və modern üslublarının ən yaxşı xüsusiyyətlərini özündə birləşdirən bənzərsiz dizaynı var. Yüz illik tarixi olan tikili əsaslı bərpa olunandan sonra gözəl təchizatlı müasir otelə çevrilib. Dizayn-oteldə cəmi 168 modern nömrə, o cümlədən 20 lüksdən ibarət unikal kolleksiya var.

Yüksək dərəcəli SNOB restoran, hovuzu, saunası və hamamı olan komfortlu SPA kompleks qonaqların istirahətdən sözün həqiqi mənasında ləzzət almasına xidmət edir.

Riqa

Oteldə gecələmənin qiymətinə daxil edilən doyumlu səhər yeməyi yerli mətbəx barədə təsəvvür yaradır. Burada beynəlxalq mətbəx nümunələri ilə bərabər, Latviyaya şöhrət qazandıran geniş çeşiddə balıq yeməkləri, süd məhsulları, şirniyyat və digər yerli delikateslər təqdim olunub.

Mərkəzi bazar

Riqanın Mərkəzi bazarı təkcə yerli sakinləri deyil, turistləri də cəlb edir. Bazar Köhnə şəhərin yaxınlığında, Dauqava (Qərbi Dvina) çayının sahilində yerləşir.

Mərkəzi bazarın yaradılmasının zəruriliyi Riqa Ratuşasında hələ 1909-cu ildə müzakirə edilib. Tikinti işlərinə 1924-cü ildə başlanıb. Hazırda bazarda pavilyon kimi istifadə olunan binalar Riqanın simasının ayrılmaz hissəsinə və unikal əlamətinə çevrilib. Lakin bu tipli tikililər əvvəlcə Almaniya ordusunun hava gəmiləri – “zeppelinlər” üçün anqarlar kimi Kurzyomda və Vaynededə inşa edilib. Pavilyonların altında beton zirzəmilər – 2 hektar ərazidə keçidi 337 metr olan yeraltı şəhərcik salınıb. 1938-ci ildə 27 dondurucu kamerada çəkisi təqribən 310 min kiloqram olan 33 növ mal yerləşdirmək mümkün idi. Üç yeraltı tunel kanalın sahilinə çıxışlarla birləşdirilmişdi. Malları yuxarı yük liftlərində qaldırırdılar.

Riqa

1930-cu ildə Riqada Mərkəzi bazarın təntənəli açılışı olanda o, nəinki Avropanın ən iri, həm də ən yaxşı və müasir bazarı sayılmışdı. Köhnə şəhərlə vahid məkan təşkil edən bazarın ərazisi 1997-ci ildə UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Burada ilboyu nə desən – geniş çeşiddə təzə balıq, qənnadı məmulatı, meyvə-tərəvəz, bal, qoz-fındıq və sair və ilaxır almaq olar.

Payızda piştaxtalar yerli fermerlərin məhsulları, habelə meşə giləmeyvələri və göbələklərlə dolu olur. Geniş çeşiddə hisə verilmiş balıqlara da diqqət yetirin. Belə balıq məhsullarını uzaq məsafəyə daşımaq üçün vakuumlu qablaşdırmadan istifadə etmək olar.

Riqa

Riqa Mərkəzi bazarında keyfiyyətli məhsul almaqla bərabər, Latviyanın ənənələri, qidalanma və ticarət mədəniyyəti barədə zəngin təəssürat əldə etmək olar.

Riqa Motor Muzeyi

Riqa Motor Muzeyində Baltikyanı ölkələrdə qədim nəqliyyat vasitələrinin ən böyük kolleksiyası təqdim olunub. 

Muzeyin ekspozisiyası müasir texnoloji həllər və multimedia vasitələri ilə hadisələr, insanlar və avtomobillər barədə maraqlı interaktiv söhbətdir.

Riqa Motor Muzeyi yenidənqurmadan sonra nəinki gözəl sərgi otaqlarına, rahat və abad əraziyə, həm də yeni və müasir ekspozisiyaya sahib olub.

Riqa

Muzeyin 4 min kvadratmetrdən çox sahəsi olan ekspozisiyası üç mərtəbədə yerləşir. Burada Baltikyanı ölkələrdə qədim nəqliyyat vasitələrinin ən böyük və çoxplanlı kolleksiyalarından biri – 100-dən çox unikal avtomobil və motosiklet təqdim edilib. Ekspozisiya unikal nəqliyyat vasitələri, tanınmış şəxsiyyətlər və əhəmiyyətli tarixi hadisələr haqqında maraqlı söhbətdir.

Sərgi barədə məlumat müasir dizaynın, müxtəlif multimedia vasitələrinin köməyi ilə təqdim edilir. Ziyarətçilər müxtəlif interaktiv tədbirlərdə iştirak edə bilərlər. Müasir tərtibatda təqdim edilmiş tarixi texnika ilə tanışlıq Riqa Motor Muzeyinə ekskursiyanı maraqlı və unudulmaz hadisəyə çevirir.

Ziyarətçilərin özlərini rahat hiss etmələri və muzeylə ətraflı tanış olmaları üçün burada uşaqlar üçün oyun zonasında interaktiv tədbirlər, bələdçinin müşayiəti ilə maarifləndirici ekskursiyalar, kafe və suvenir mağazası kimi geniş çeşiddə xidmətlər təqdim olunub.

Riqa

Riqa zooparkı

Riqanın ən yaşıl rayonunda – Mejaparkda 1912-ci ildən Riqa zooparkı yerləşir. Bura uşaqların və böyüklərin istirahəti üçün əla yerdir. Gölün yaxınlığında, şam ağaclarının kölgəsində darıxmadan bir neçə saat dincəlmək olar. Zooparkın girəcəyində ziyarətçiləri dünyanın müxtəlif dillərində, o cümlədən Azərbaycan dilində “Riqanın zoologiya bağına xoş gəlmisiniz!” sözləri ilə salamlayan bilbord qarşılayır. 

Zoopark ilboyu işləyir. Bura ilin hər fəslində maraqlıdır. Zoopark 11 nömrəli tramvayın dayanacağının yüz metrliyindədir.

Riqa

Zooparkdakı heyvanlarla rahat tanış olmaq üçün bir neçə cığırdan birini seçmək lazımdır. Zooparkın lap girəcəyində tünd çəhrayı rəngli qızılqazların volyeri və məzəli suitilər olan kanal yerləşir. Sol tərəfdə Yeni Zelandiyadan gətirilmiş kazuar adlı parlaq rəngləri olan quş, sağ tərəfdə Şimal maralları məskunlaşıb.

Su quşlarına geniş ərazi ayrılıb. Ayrı-ayrı volyerlərdə yırtıcı quşlar, o cümlədən qriflər, kondorlar və çoxsaylı bayquş növləri saxlanılır.

Ekzotik heyvanlar – begemotlar, zürafələr, ipə-sapa yatmayan kenqurular zooparkın ən uzaq guşəsində məskunlaşıb. Döyüşkən lemurlar və oynaq surikatlar ziyarətçilərdə heyranlıq hissi doğurur. Pələnglər öz ərazilərində əzəmətlə dolaşır, ayılar isə əksinə ziyarətçilərin diqqətini cəlb etməyə çalışır.

Xüsusi mikroiqlimin yaradıldığı tropik meşədə cürbəcür həşəratlar və sürünənlər dolaşır, hovuzda timsahlar üzür. Riqa zooparkı suda-quruda yaşayanların sanballı kolleksiyasına malikdir. Bütün ekspozisiyalarla rahat tanış olmaq üçün təqribən 3-4 saat vaxt lazımdır.

Gəzinti gəmiləri

Riqanın tarixi mərkəzinə çay gəzintisi zamanı tamaşa etmək, şəhərin siluetini Dauqavadan seyr etmək istəyirsinizsə, gəzinti gəmilərinin birinin xidmətlərindən istifadə edə bilərsiniz. Məsələn, Riqa kanalında “Riga by Canal” gəmiləri hərəkət edir. 

Ən qocaman gəminin – “Darling”in 100 yaşı var, “Maria”, “Rebeka” və “Laima” adlı digər gəmilər onun nümunəsi əsasında inşa edilib. Gəmilərin quruluşu, onların suda rahat və ahənglə üzməsi şəhərin ən populyar görməli məkanları ilə tanışlığa şərait yaradır. Gəmilər körpüdən Bastion təpəciyinə doğru yola düşür. Gəzinti təqribən bir saat çəkir.

“Riga Sightseeing”

Digər paytaxt şəhərlərdə olduğu kimi, Riqada da ikimərtəbəli turizm avtobusları işləyir. Belə avtobuslar vasitəsilə ekskursiya şəhərin əsas görməli məkanları ilə qısa müddətdə tanış olmağın rahat və ucuz vasitəsidir. 

Ekskursiya iştirakçılarına 10 dildə audiobələdçilər təqdim olunur, habelə iki gün ərzində avtobusdan “Hop on – Hop off” sistemi ilə istifadə imkanı verilir. Yeddi əsas, on iki əlavə dayanacağı olan marşrut şəhərin 50-dən çox diqqətəlayiq məkanını, o cümlədən Köhnə şəhərin məşhur panoramını, Riqa qəsrini, Dauqava üzərindəki körpüləri, bulvarları və modern arxitekturanı, Mərkəzi bazarı, Riqa limanını və bir çox digər məkanları görmək imkanı yaradır.

Son söz yerinə

Riqadan Bakıya Latviyanın milli aviadaşıyıcısının – “airBaltic” aviaşirkətinin biznes-klass reysi ilə uçduq. Riqa aeroportu yığcamdır, burada istiqamətlənmək çətin deyil. Biznes-klass sərnişinləri təhlükəsizlik nəzarətindən çox sürətlə – bir neçə dəqiqəyə keçirlər. Reysi aeroportun biznes zalında vaxtı səmərəli keçirməklə gözləmək olar. Burada rahat kreslolarda oturmaq, isti yeməklər yemək, duş qəbul etmək və ya çarpayısı olan nömrə götürmək olar. Reys elan olunan kimi isə biznes–klass sərnişini olaraq təyyarəyə birincilər sırasında daxil olub öz kreslonuzda rahatlana bilərsiniz.