Şərqi Nusa-Tenqara əyalətinin (İndoneziya) hakimiyyət orqanları “Komodo əjdahası” deyilən endemik kərtənkələ növünün populyasiyasını qoruyub saxlamaq məqsədilə Komodo adasını turistlər üçün bağlamağı qərara alıblar.
Bu barədə Gəzməli.az Türkiyənin “TRT” telekanalının saytına istinadla xəbər verir.
Şərqi Nusa-Tenqara əyalətinin turizm agentliyi bildirib ki, ekologiyanın bərpa edilməsi məqsədilə 2020-ci ildən başlayaraq Komodo adası bir müddət turistlər üçün bağlı olacaq. Əyalət administrasiyasının bu qərarını ölkə Prezidenti Coko Vidodo da dəstəkləyib. Adanın turistlər üçün bağlanması endemik canlını – “Komodo əjdahası” deyilən kərtənkələ növünü qoruyub saxlamağa kömək edəcək. Hakimiyyət orqanları bu adanın mühafizəsi üçün 100 milyard İndoneziya rupisi (1 milyon İndoneziya rupisi 72 ABŞ dollarına ekvivalentdir ) məbləğində vəsait ayıracaqlar.
Amma ada sakinləri onların həmin müddətdə buradan köçürülməsini istəmirlər. İhsan Abdul Əmir adlı sakin müxbirlərə müsahibəsində deyib ki, onlar adanın turistlər üçün bağlanması planlarını dəstəkləyirlər. Lakin əgər hökumət bu adanı yerli sakinlər üçün də bağlasa, bu, onları dolanışıq vasitəsindən məhrum edəcək.
Komodo İndoneziyada turistlər arasında populyar olan 12 adadan biridir. Milli park statusuna malik olan bu ada UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.