İndoneziyanın “Antara” xəbər agentliyinin saytında, İndoneziya dilində ən populyar nəşrlərdən biri olan “Republika” qəzetində, eləcə də “Merahputih” xəbər portalında Azərbaycanın islam dini turizm potensialı haqqında məqalələr yer alıb.
Həmin məqalələrdə ölkəmizin coğrafi mövqeyi, tarixi, mədəniyyəti ilə yanaşı, dini turizm potensialı barədə məlumatlara geniş yer verilib. 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda qurulduğu vurğulanıb.
Məqalələrdə Bakı şəhərinin qədim və müasirliyi ilə seçilən abidələrinə, burada təşkil edilən beynəlxalq tədbirlərə xüsusi diqqət yetirilib.
Azərbaycanda islam dininin VII əsrdə qəbul edildiyini vurğulayan məqalə müəllifləri bu gün burada çoxsaylı tarixi-dini məbədlərin, məscidlərin yerləşdiyini də bildiriblər. Bu tarixi abidələr içərisində adı “Qurani-Kərim”də qeyd edilən Əshabi-Kəhf ziyarətgahı barədə ətraflı məlumatlar da öz əksini tapıb.
Məqalələr Məkkəyə Həcc və Ümrə ziyarətlərindən sonra, Yaxın Şərq regionunda Türkiyə və İordaniya kimi müsəlman ölkələrinə səyahət edən indoneziyalı zəvvarlar üçün Azərbaycana səyahət marağının formalaşmasına xidmət edir.