İndoneziyanın Coqcakarta Xüsusi Regionu və Şərqi Yava Əyaləti Azərbaycan şəhərləri ilə regionlararası əməkdaşlığın qurulmasında maraqlıdır.
Bunu hər iki əyalətin rəhbərləri Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyevin həmin bölgələrə səfəri zamanı onunla görüşlərdə bildiriblər.
Səfir Cəlal Mirzəyev əvvəlcə Coqcakarta Xüsusi Regionunun qubernatoru X Hemenqkubuvono ilə görüş keçirib. Azərbaycanlı diplomat ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti, iqtisadi inkişafı, aparılan islahatlar barədə qarşı tərəfi məlumatlandırıb. Qubernatora Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə də ətraflı məlumat verilib.
Görüşdə ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşu, turizm sektorunda əməkdaşlıq, təhsil sahəsində əlaqələrin genişləndirilib. Azərbaycanın və İndoneziyanın regionları arasında əlaqələrin yaradılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İkitərəfli əməkdaşlığın perspektivlərindən danışan X Hemenqkubuvono rəhbərlik etdiyi regionun əsasən təhsil və turizm sektoru üzrə ixtisaslaşdığını, Azərbaycan ilə bu sahələr üzrə əməkdaşlıq qurmağa hazır olduğunu bildirib. Qubernator, həmçinin regionlararası əlaqələrin əhəmiyyətini vurğulayaraq, regionların və şəhərlərin qardaşlaşması fikrini alqışladığını ifadə edib.
Səfir Cəlal Mirzəyev İndoneziyanın Şərqi Yava Əyalətinin qubernatoru xanım Xofifa İndar Paravansa ilə də görüşüb.
Görüşdə ölkəmizin tarixi, iqtisadi inkişafı və torpaqlarımızın Ermənistan tərəfindən işğalı haqqında ətraflı məlumat verən C.Mirzəyev Azərbaycan-İndoneziya münasibətlərindən bəhs edib. Habelə turizm, qarşılıqlı investisiyalar, təhsil və digər sahələrdə əməkdaşlıq, iki ölkənin regionları arasında əlaqələrin qurulması, həmçinin birgə mədəni tədbirlərin, biznes forumların, turizmlə bağlı sərgi və konfransların keçirilməsi imkanları barədə danışıb.
X. Paravansa rəhbərlik etdiyi əyalətin iqtisadi baxımdan sürətli inkişafı, ölkədə ən əlverişli strateji mövqeyə malik olması və ixrac potensialı haqqında ətraflı məlumat verib. O, investisiya üçün İndoneziyanın ən əlverişli regionlarından biri olan Şərqi Yava Əyaləti ilə Azərbaycanın regionları arasında iqtisadi və mədəni sahədə əməkdaşlıq qurula biləcəyini vurğulayıb. Qeyd edib ki, dini turizm səyahətlərinə böyük maraq göstərən yerli əhalinin “Ümrə+” turist paketindən istifadə zamanı Azərbaycana da yönləndirilməsi istiqamətində iş aparılması vacibdir.
Səfər çərçivəsində səfir C.Mirzəyev İndoneziya Respublika Radiosuna canlı yayımda müsahibə verib.
Müsahibədə ölkəmizdə həyata keçirilən irimiqyaslı enerji və infrastruktur layihələri, habelə iki ölkə arasındakı münasibətlər və beynəlxalq müstəvidə qarşılıqlı əməkdaşlıq barəsində ətraflı danışılıb. Ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin uğurla inkişafı fonunda energetika, habelə qeyri-neft sektoruna qarşılıqlı investisiya qoyuluşu olub. Ticarət, turizm, təhsil və mədəniyyət kimi bir sıra vacib sahələrdə əməkdaşlıq üçün böyük imkanların mövcudluğu qeyd olunub.
Səfər İndoneziyanın digər yerli mətbuat orqanları tərəfindən də geniş şəkildə işıqlandırılıb.