Ev Turizm Xəbərləri “İnsanların bölgələrə üz tutması qiymət artımına səbəb oldu” – MÜSAHİBƏ

“İnsanların bölgələrə üz tutması qiymət artımına səbəb oldu” – MÜSAHİBƏ

İnkişaf etmiş ölkələrdə iqtisadiyyatın əsas gücü turizm sektoru hesab olunur. İllərdir inkişaf etməkdə olan bu sahə pandemiya dövründə tənəzzülə uğradı. Yay fəslində ən pik nöqtəsini yaşayan turizm, bu il satışlarını tamamilə dayandırdı. Satışların dayanması da bir çox gərginliklər yaratdı. Bu gərginlik nəinki inkişaf etmiş ölkələrdə, eləcə də inkişafda olan ölkələrdə, həmçinin Azərbaycanda da yarandı. Bölgələrə gediş-gəliş məhdudiyyəti qaldırıldıqdan sonra daxili turizmdə qismən dinamika yarandı. 
Gezmeli.az Correct.az-a istinadən xəbər verir ki daxili turizm sektorunun mövcud vəziyyəti ilə bağlı Azərbaycan Turizm Assosiasiyası sədrinin müavini Müzəffər Ağakərimovla müsahibə edib. 
Müsahibəni oxucularımıza təqdim edirik: 
Pandemiya bir çox tur menecerin işsiz qalması ilə nəticələndi. Bu sahədə işsizlərin sayının artmaması üçün hər hansı tədbirlər planınız var? 
-Turizm Assosiasiyası öz növbəsində gələcəyə pozitiv baxır. Gələcəkdə daxili turizmin inkişafı üçün regionlarda nümayəndəliklər, ekspert qrupları yaratmışıq. Ekspert qrupları peşəkarlardan təşkil olunub. Bu qruplar gələcəkdə turizmin inkişafını tənzimləyəcək. Bundan əlavə Turizm Assosiasiyası tərkibində turistlərin hüquqlarının qorunması üçün nümayəndəliklər yaradılıb. Hansı ki, bu gələcəkdə turizm şirkətləri və turistlər arasında münasibətlərin tənzimlənməsində əsas rol oynayacaq. Eyni zamanda türk dövlətlərinin turizm təşkilatını yaratmaq üçün danışıqlar aparılır. Biz boş dayanmamışıq. Sabaha ümidlə pozitiv baxırıq. Gələcəkdə əlaqələrin daha da gücləndirilməsi məqsədilə 25 xarici ölkədə Turizm Assosiasiyanın yaradılması nəzərdə tutulur. Bizim əsas devizimiz, Cənab Prezidentin dediyi kimi:”Güc Birlikdədir” devizidir. Bütün turizm təşkilatları, nümayəndəlikləri bir platformadan çıxış etməlidir. Biz Azərbaycan turizmini birlikdə qaldırmalıyıq. Bir çox peşə məktəbi, universitetlər bu sahə üzrə xeyli gənclər, mütəxəsisslər yetişdirir, onlar işsiz qalmamalıdırlar. Həmin gənclərin işlə təmin olunması üçün, işsiz qalmamaları üçün yeni işlər görülməlidir. 
Bir müddət “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətlərin bilet satışına icazə vermədi. Bu hal yenidən gözlənilirmi? 
-Biz ictimai təşkilat kimi tövsiyyələr veririk, onlara əmr edə bilmərik. Turizmin inkişafı üçün bir-birimizə güzəştə getməliyik. İnanıram ki, AZAL-ın rəhbərliyi də bu vəziyyəti nəzərə alacaq. İndi pulun ardınca qaçmamalıyıq, əsas məqsəd turizmin bərpası olmalıdır. Yeni sahələr yaradıb, iş yerləri açmalıyıq. Gələn il çadır turizmi yaradılacaq. Aztəminatlı insanlar üçün çadır turizmi çox əlverişli olacaq. 
Bölgələrə gediş-gəliş bərpa olunsa da, daxili turizm hələ də tam bərpa olunmayıb. Bu da bir çox bələdçini, sürücünü və daxili tur menecerlərini narahat edir.Turlar niyə gigiyenik qaydalara əməl olunmaq şərti ilə bərpa edilmir? 
-Turizm bölgələrinə yavaş-yavaş turlar bərpa olunmağa başlayır. Turizm şirkətləri “Sahman” deyilən statusu almalıdır. Bəzi obyektlər gigiyenik qaydalara əməl etmir. “Sahman” qayda-qanuna əməl edən turizm obyektləri və otellər gəlir əldə edə biləcək. Düşünürəm ki, burda rəqabət öz sözünü deyəcək. 7-8 aydır çətin vəziyyətdə olan turizmin bərpası 1 ayda mümkün deyil. Mən inanıram ki, payız ayında rayonlara gediş-gəliş olacaq. Xüsusilə də şənbə və bazar günləri. 
Turizm sahəsində təhsil alan tələbələrin narahat olduqları bir məsələdə texnologiyanın inkişafının tur menecerlərin işsizliyinə gətirmə riskidir. Bu hal gözlənilirmi? 
-Bu haqda hərkəs öz fikrini deyir. Şəxsən mən düşünürəm ki, ümumiyyətlə turizm elə sahədir ki, insan amili, ünsiyyət bu sahədə vacib rol oynayır. Texnika ünsiyyəti bərpa etmir. Təsəvvür edin ki, siz quru bir robota və ya gülən xidmətçiyə, tur bələdçisinə qulaq asırsınız. Bunlar arasında fərq çox böyükdür. Turizmdə dialoq, xoş əhval, şirin söz olmalıdır. 
Otellərdə və biletlərin qiymətlərində artım müşahidə olunur. Bu vəziyyət tənzimlənəcəkmi? 
-Birdən-birə yolların açılması insanların bölgələrə üz tutması ilə nəticələndi. Bu da qiymətlərdə artım yaratdı. Gələn il yeni otellərin, obyektlərin inşası gözlənilir. Qiymətlər öz sözünü həm iaşə müəssisələrində, həm də otellərdə deyəcək. Əlavə olaraq deyim ki, mən ailəmlə bir otelə və ya restorana gedirəm orda mənə gigeynik qaydalara əməl edərək, yüksək səviyyədə xidmət göstərirlərsə orda 3 manat artıq pul verməyə razıyam. Xidmət və qiymət siyasəti düzgün qurulmalıdır. Sahibkarlara tövsiyə edirəm ki, bu balansı qorusunlar. 
Belə fikirlər var ki, turizmin tam bərpası 2-3 il ərzində gözlənilmir. Siz necə düşünürsünüz? 
-Obyektiv və subyektiv məsələlər var. Bu bizdən asılı deyil. Nə olursa olsun pozitiv olmalıyıq. Sabaha ümidlə baxıb, bütün işlərimizi görməliyik ki, bu sahə sürətlə inkişaf etsin. Tarixi hadisələr, pandemiyalar, zəlzələlər və digər hadisələr qədim zamanlardan baş verir. Hər şey gəlib gedir, insanlar fəaliyyətlərini dayandırılmamalıdır.