İordaniya Krallığı Yaxın Şərqin sükunət vadisidir. Bu ölkə turizmin inkişafı baxımından böyük imkanlara malikdir və onlardan səmərəli istifadə edir. İordaniyanın ümumi daxili məhsulunun 10 faizi də turizm sənayesinin payına düşür.
Bu ölkədə dənizlər səhra və dağlarla yanaşıdır, tarixi abidələr isə Nabatey sivilizasiyasının, Roma və Osmanlı imperiyalarının izlərini qoruyub saxlayır.
Biz İordaniyanın Ölü dənizin sahilində yerləşən mənzərəli kurortları ilə tanış olmaq, səhrada itmiş qədim Petr şəhərinin sirli tarixini öyrənmək, məşhur Ölü dənizin qeyri-adi xüsusiyyətlərini görmək üçün ölkənin cənubundan şimalına səyahət etdik. Səfərimizi tarixi və mədəni irsin ecazkar şəkildə vəhdətini özündə yaşadan İordaniyanın paytaxtı Əmman şəhərində başa vurduq.
