Aqaba kurortunun Qırmızı dənizin sahilində ən elitar qəsəbəsi olan Tala Bay təbiətin qoynunda, şəhərin hay-küyündən uzaqda dincəlmək istəyən turistləri cəlb edir. Aqabaya avtomobillə təxminən 20 dəqiqəlik məsafədə yerləşən bu qəsəbə demək olar ki, məskunlaşmayıb. Kurortun sahilboyu xətti dəbdəbəli otellərlə əhatə olunub, yalnız mərkəzdə yaşayış kompleksləri, bir sıra restoranlar və kiçik mağazalar var. Tala Bayın qonaqları, bir qayda olaraq, öz asudə vaxtlarını otellərin ərazisində keçirir, dəniz səyahətinə yollanır və ya qəsəbənin mərəzində alış-veriş edirlər.
“Mövenpick Resort & Spa Tala Bay Aqaba” oteli
Aqabada olduğu kimi, bu qəsəbədə də “Mövenpick” oteli Tala Bayın kurort həyatının mərkəzidir. Beş ulduzlu mehmanxana kompleksinin ərazisi botanika bağını xatırladır. Burada bir çox flora nümunələrinə rast gəlmək olar: yuxarısı fırlanan tac şəkilində olan irigövdəli ağac, gözəl çiçəkləri olan irigövdəli və kəskin tikanları olan xoriziya, ətirli osmantus, parlaq buqenvillya, akasiyalar, kaktuslar və bir çix başqa ağac və ekzotik bitkilər bu bağın bəzəyidir. Bundan başqa, ayrıca torpaq sahəsində ətirli göyərtilər – nanə, bibər, rozmarin, pomidor və digər məhsullar becərilir. Otellərin müsafirləri üçün ekoloji cəhətdən təmiz qidaların verildiyi ekskursiyalar da təşkil olunur. Deyilənə görə, kənd ab-havasını tamamlamaq üçün burada əvvəllər quş da saxlayıblar, lakin yaxınlıqda olan yaşayış kompleksinin sakinləri heç də banlayan “qonşulardan” məmnun qalmadığı üçün bu ideyadan imtina etmək lazım gəlib.
Çimərlik infrastrukturu
Tala Bay kurortunun əsas profili dəniz istirahətidir. Qırımızı dənizin büllur kimi saf isti suyu çimərlik istirahəti üçün idealdır. “Mövenpick” otelinin narın qumlarla örtülmüş 150 metrlik sahilində dincəlmək və günəş şüalarından qorunmaq üçün hər cür şərait yaradılıb. Sahildən dənizə on metrlik pilləkənlərlə tikilmiş estakadada açıq dənizin mənzərəsini daha yaxşı seyr etmək olar. Snorklinq və dayvinq həvəskarları bunun üçün lazım olan ləvazimatları otelin nəzdindəki dayvinq mərkəzində əldə edə bilərlər. Estakadada yerli ekskursiya bürolarının əməkdaşları növbə çəkir, arzu edənlərə müxtəlif su əyləncələrində iştirak etməyi təklif edirlər. Məsələn, siz paraseylinq kimi aktiv dəniz istirahəti növü üzrə özünüzü sınaya bilərsiniz. Bu istirahət növü sizə paraşütlə və irəlidə şığıyan motorlu qayıqla təhlükəsiz şəkildə suyun üzərində gəzməyə şərait yaradacaq.
Mərcan qayaları
Ayağını belə islatmadan dəniz canlılarını seyr etmək istəyənlər turistlər üçün Tala Bay otelində şəffaf döşəməsi olan qayıqla mərcan qayalarına səyahət turu təklif olunur. “Neptun” adlanan bu qayığın sualtı hissəsindəki panoramlı illüminatorlar döşəməyə bərkidilib və suyun dibini geniş şəkildə və aydın görməyə imkan verir. Ekskursiya Tala Bayın yanındakı körpüdən başlayır və 1,5 saat davam edir. Təxminən 20 dəqiqə ərzində qayıq dalğaları yararaq mərcan qayalarına çatır və həmin müddətdə səyahətçilər dənizin təmiz havasından zövq alırlar. Qayalara çatdıqda onlara qayığın alt bölməsinə düşmək təklif olunur və burada skamyaların üzərində oturaraq mərcan qayalarının sirli həyatını müşahidə etmək mümkündür.
Qayaların dibində üzən əlvan balıqlar, dəniz tısbağaları və digər canlılar, ətrafında isə bir-birindən ecazkar olan mərcanlar xüsusi romantik mənzərə yaradır. Qayıq tələsmədən bir mərcan qayasından digərinə doğru hərəkət edir. Yerli dayverlər hətta onlara ad da veriblər. Məsələn, Aqaba körfəzində mərcan qayası qrupları “Yeddi bacı”, Alovlu üzük”, “Ras-Əl-Yamani” və digər adları daşıyırlar.
Qeyd etmək lazımdır ki, qalın şüşə və tutqun işıqlandırma rənglərin spektrini bir az korlayır, suyun dibindəki rəng çalarları əslində olduğundan daha solğun görünürlər. Açığını desək, analoji ekskursiyaların hamısında bu cür hallar olur. Həmçinin, silkələnmədən özünü pis hiss edənlər də “ dəniz xəstəliyi” amilini nəzərə almalıdırlar. Bu və ya digər hallarda, siz özünüzün ilk suya dalma təcrübənizdən vəcdə gələcək və suyun altındakı canlıların həyatını izləyə biləcəksiniz. Lakin təcrübəli insanlar üçün qonşuluqdakı Misirin Şarm-əl-Şeyx kurortundakı mərcan adaları daha mükəmməldir. Bunu nəzərə alan Aqabanın yerli hakimiyyət orqanları dalğıclar üçün qeyri-adi sürpriz hazırlayıblar.
Suyun altında hərbi arsenal
Müəyyən sualtı sahələrdə gəzintiyə çıxan ekskursiya qayıqlarının sərnişinləri, həmçinin dalğıclar suyun dibində olan tankları, hərbi təyyarəni, gəmini və batmış texnikanı görə bilərlər. Daha dəqiq desək, onları turistlərin diqqətini cəlb etmək üçün xüsusi olaraq batırıblar. İlk tank 15 il əvvəl suyun dibinə qərq olub və onun üzəri mərcanlarla örtülüb. Bu özünəməxsus sualtı hərbi texnika muzeyi ildən-ilə yeni eksponatlarla zənginləşir. Belə ki, bu il Aqaba körfəzinin dibinə daha bir neçə tank, helikopterlər və digər hərbi texnika endirilib. Ümumilikdə, dənizin dibində 32 iri obyekt var. Onların bəziləri 6 metr, digərləri 15-20 metr və daha çox dərinlikdə yerləşir.
Aqabanın hakimiyyət orqanları hesab edirlər ki, batırılmış obyektlər bu rayonda ekologiyanı yaxşılaşdırır. Belə ki, onlar mərcanlar, balıqlar və digər dəniz canlıları üçün əla sığınacaqdır. Diqqətli müşahidəçilər burada bir dəstə dəniz onurğasızları, o cümlədən dəniz ulduzları, xərçəng və krevetkaları, habelə qaranquş-balıqları, qanadlı balıqları və hərbi texnikanın dibində olan digər rəngarəng sualtı canlıları görə bilərlər.
Qayığın geriyə yol aldığı vaxt səyahətçilər yenidən açıq göyərtəyə çıxaraq yüngül dəniz havası udur, təşkilatçıların qonaq etdikləri sərinləşdirici içkilərdən istifadə edirlər.
Bədən və ruhun dincəlməsi
Tala Bay kurortunun qonaqlarına təklif olunan digər maraqlı əyləncələr sırasında spa proseduraları və qastronomik xidmətləri göstərmək olar.
Mövenpick otelindəki “Zara” spa-mərkəzində sauna, hidromasaj hovuzunda zəngin keçən gününüzdən sonra yaxşıca dincəlmək mümkündür. Əlavə ödəniş etməklə bədən və üz üçün Qırmızı dənizin inqrediyentlərindən istifadə etmək – gəncləşdirən maskalar, digər xidmətlər sifariş etmək olar.
“Mövenpick Resort & Spa Tala Bay Aqaba” kurortunun ərazisində bir neçəsinin öz aralarında “tənbəl çay” adlanan kanallarla birləşdiyi çoxlu sayda hovuzlar var. Özünüzlə şişirmə dairə götürməklə açıq havada cakuzi olan bu hovuzlarda əla dincəlmək mümkündür. Bu oteldə, həmçinin maraqlı restoranlar, o cümlədən İtaliya mətbəxinin nümunələrini və mövsümi xüsusi yeməkləri təklif edən “Casalingo” italyan restoranı fəaliyyət göstərir. Bundan başqa, ərəb yeməkləri, o cümlədən yerli balıq və digər dəniz məhsulları təklif edən “Najel” restoranına getməyi də unutmayın. Bu müəssisənin dizaynı dəniz ab-havasında tərtib olunub, interyerlər tavandan asılmış şüşə kürələr və mərcan budaqları ilə bəzədilib.
Nəhayət, “Mövenpick” otelinin məşhur dondurmasının dadına baxmaqdan da vaz keçməyin. Onlar bütün dünyada supermarketlərdə satılmaqla yanaşı, həmçinin İordaniyadakı “Mövenpick” mehmanxanalar şəbəkəsinin bütün otellərində təklif olunur.
Sözardı
“Flydubai” aviaşirkətinin dəstəyi ilə bizim İordaniyaya səyahətimizlə bağlı növbəti reportajda biz qədim Petra şəhərinə səfərimizdən söz açacağıq. Nəbatilər çarlığının paytaxtı olmuş bu qədim şəhər 2 min əvvəl Şar dağlarının ətəyində salınıb. Onun möhtəşəm fasadları, çəhrayı qum daşından qayalarda tikilmiş və günümüzədək yaxşı qalmış tikililəri dünyanın hər yerindən turistləri cəlb edir. Yerli bədəvilər burada öz əl işləri satır, şəhər xarabalıqlarında at, ulaq və dəvə arabaları ilə xidmətlərini təklif edirlər. Qədim Petra şəhəri UNESKO-nin Dünya İrsi Siyahısına daxil edilib.