Ev Turizm Xəbərləri İran portalı Bakı haqqında məqalə yayıb

İran portalı Bakı haqqında məqalə yayıb

Turizm

İranın ANA.ir portalında Bakı haqqında məqalə yayılıb. Məqalədə qeyd olunur ki, Bakı Asiyanın ən gözəl şəhərlərindən biri kimi tanınır. O, Təbrizlə qardaşlaşmış şəhərdir. Bəs Bakının özəllikləri nədir? Gəlin bu şəhərlə tanış olaq. Bakı Təbrizə çox bənzəyir. Bakının tarixi Paleolit dövrünə gedib çıxır. Abşeron bölgəsində qədim insanlar hələ o dövrdə yaşayıb. Arxeoloji tapıntılar Bakı şəhərinin çox qədim olduğunu təsdiqləyir.

Qədimdə Bakı qala divarlarının əhatəsində olub. Şəhəri qorumaq üçün divarın ətrafında xəndək də qazılıbmış. Məsələ ondadır ki, bu şəhər hələ o dövrdə inkişaf etmiş liman idi. Burada aşkarlanmış daş kitabəyə görə, o dövrdə şəhər romalıların hakimiyyəti altında olub. Daha sonra Azərbaycan ərəblər tərəfindən işğal edilib. Bakı, Şamaxı, Dərbənd və digər Azərbaycan şəhərlərini özündə birləşdirən bu diyar Şirvanşahlar adlanıb.

Zaman keçdikcə Bakı Xəzərin əsas ticarət limanına çevrilib. Tarixboyu bura dəfələrlə rusların hücumuna məruz qalıb. Rusların Bakıya hücumlarından biri 1030-cu ildə baş verib. O zaman rus qüvvələri Şirvanşahlar hakimiyyətini məğlub edərək bəzi əraziləri ələ keçirib, lakin cəmi 1 il sonra oradan qovulub.

XI əsrdə Bakı Səlcuqların nəzarətinə keçib. 1220-ci ildə Azərbaycan monqolların hücumuna məruz qalıb. Bakı monqollara son anadək müqavimət göstərən yeganə Azərbaycan şəhəri olsa da, sonda təslim olmaq məcburiyyətində qalıb. Bununla da Şirvanşahlar sülaləsinin hökmdarları monqol padşahların rəiyyəti olub. Bakı isə monqol hökmdarlarının qış iqamətgahına çevrilib.

XIV əsrdə monqol dövləti süquta uğrayıb və nəticədə Şirvanşahlar müstəqillik uğrunda mübarizəyə qalxıb. Bununla da Şirvanşahlar dövləti və Bakı xarici qüvvələrdən tamamilə müstəqil şəkildə idarə olunmağa başlayıb. Həmin dövr Bakının tarixində yeni mərhələnin başlanğıcıdır. Bakıda bu gün də qalan məşhur Şirvanşahlar sarayı məhz həmin dövrdə inşa olunub, şəhərdə abadlıq işləri aparılıb, çoxlu sayda karvansara və körpü tikilib.

Şəhərin fəthinin yeni mərhələsi isə İranda Səfəvilər sülaləsinin hakimiyyətə gəlişi ilə başlayıb. 1501-ci ildə Şah İsmayıl Səfəvi Bakını fəth edib və onu Səfəvi dövlətinin tərkibinə qatıb. Lakin İranla Osmanlı türkləri arasındakı müharibə nəticəsində Bakı türklərin nəzarətinə keçib və uzun illər onların nəzarətində qalıb. Amma sonda İran qüvvələri onları geri çəkilməyə məcbur edə bilib.

XVIII əsrin ortalarında Bakı ilk dəfə (1796-cı ildə) rus qüvvələri tərəfindən işğal olunub və nəhayət, 1805-ci ildə tamamilə Rusiyanın nəzarətinə keçib. Sonda Sovet İttifaqının dağılması ilə müstəqil dövlətə çevrilmiş Azərbaycan paytaxtı Bakı bu gün bir çox turistin sevimli şəhəridir. Oraya üz tutan turistlərin sayı ildən-ilə artır.

Bakının turistik məkanlarından biri İçərişəhərdir. İçərişəhər sanki Bakının əsasını təşkil edir. İçərişəhərin əsas tarixi abidələri Qız qalası ilə Şirvanşahlar sarayıdır.

Alov qüllələri” bu gün Bakının ən uca göydələnləri sırasındadır. Kompleks 161, 165 və 182 metr hündürlüyündə 3 binadan ibarətdir. Onların hər birinin təyinatı fərqlidir. Binalardan biri yaşayış binasıdır, digəri ofislərin yerləşdiyi məkandır. Üçüncü bina beşulduzlu oteldir. Qüllələrin dizaynı Azərbaycanın mədəni köklərinə əsaslanır. Azərbaycan türkləri tarixən alova xüsusi dəyər verib, onu pak ünsür sayıb. Bu səbəbdən qüllələr alov formasındadır.

Şirvanşahlar sarayı Bakının ən qədim rəmzlərindən sayılır. Şirvanşahlar sarayı XV əsrdə, Bakı Şirvanşahlar imperiyasının paytaxtı elan olunan zaman tikilib. Bakının ən qədim tikililərindən olan bu saray 2000-ci ildə UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb. O, Bakının ən yaxşı turistik məkanlarından hesab olunur. Şirvanşahlar sarayından metronun “İçərişəhər” stansiyasına piyada 5 dəqiqəlik məsafə var.