Ev Turizm Xəbərləri İrandan tarixi qərar – Azərbaycan da buna gedərsə…

İrandan tarixi qərar – Azərbaycan da buna gedərsə…

İran

Asim Mollazadə: “Bunun üçün əsas yoxdur”; Elşən Mustafayev: “Azərbaycan viza verilməsi məsələsində ölkələrin siyahısına yenidən baxmalıdır”

İran tərəfdən ABŞ-ın qəzəbinə tuş gələ biləcək addım atılıb. Belə ki, bundan sonra İrana səfər edən xarici vətəndaşların xarici pasportlarına daha ştamp vurulmayacaq. Bu haqda İran DİN rəsmisi Salman Samani açıqlama verib.

“Bu məsələnin tədqiqindən və miqrasiya polisi və əlaqədar orqanlarla koordinasiyadan sonra bu qərar ölkənin bütün icazə verilən quru, dəniz və hava sərhədlərində yerinə yetirilib”, – deyə o qeyd edib. Onun sözlərinə görə, İran prezidenti Həsən Ruhaninin xarici vətəndaşların İrana giriş-çıxışı zamanı onların xarici pasportlarında möhürün vurulmamasına dair göstərişi yerinə yetirilib.

Qeyd edək ki, bu qərarın qəbuluna səbəb ABŞ-ın rəsmi Tehrana qarşı tətbiq etdiyi sanksiyalar və turizmi inkişaf etdirmək istəyidir. Cənub qonşumuz bu addımı əksər turistlərin İran vizası və ya ştampının onların ABŞ vizası əldə etmələrində problem yarada biləcəyi ilə bağlı narahatlığına görə atıb. Bu məsələ Azərbaycanda da bir sıra müzakirələrə səbəb olub. Azərbaycan üçün belə bir zərurətin olub-olmadığı müzakirələr sırasındadır.

Deputat Asim Mollazadə bildirdi ki, Azərbaycan buna getməməlidir: “Bunun üçün əsas da yoxdur. Ölkəmiz üçün əsas olan hüququn aliliyidir. Azərbaycan dünyada hər zaman bir məsələni gündəmə gətirməlidir ki, hüququn aliliyi bərqərar olsun, beynəlxalq təşkilatlar və ictimaiyyət işğal edilmiş ərazilərimizin azad olunmasını tələb etsin. Amma bu hələ ki yoxdur. Baxmayaraq ki, müvafiq qətnamələr qəbul olunub, ortada sənədlər var. Bunlar, sadəcə, kağız parçalarıdır. Hüququn aliliyi bərqərar olunmayana qədər hansısa bir beynəlxalq təşkilat, dünyanın nüfuzlu qüvvəsi bizə bu problemin həllində dəstək verməyəcəksə, biz onlardan hansınınsa bir-biri ilə mübarizələrinə qatılmamalıyıq”.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev İranın qərarını bu cür şərh etdi: “İrana səfər edən xarici vətəndaşların xarici pasportlarına ştamp vurulmayacağı ilə bağlı verilən qərarın ölkəyə turist axınının artırılması ilə bağlı edilməsi inandırıcı deyil. Həm daxildəki mövcud rejim, həm də ABŞ İran gərginliyinin illərdir dərinləşdiyi səbəbindən ölkəyə turist marağı çox aşağıdır. Bu faktorlar aradan qalxmayana qədər istənilən vasitə bu sahədə nəticə verməyəcək. Digər tərəfdən, İran kimi yarıqapalı və müxtəlif qadağaları olan ölkəsinə kimin nə vaxt girib çıxdığını izləməyəcəyi isə inandırıcı deyil. Ümumiyyətlə, ”Şengen razılaşması“nı imzalamış dövlətlər istisna olmaqla, BMT tərəfindən tanınan bütün dövlətlər vizalı ya vizasız sərhədlərini keçən insanların pasportlarında möhürlə qeydiyyat aparır ki, bu da vacib prosedura sayılır. İranın belə bir qərarı qüvvəyə minsə belə, əminəm ki, ölkəyə daxil olan insanların ciddi qeydiyyatı aparılacaq. Son illərdə İrana mütəmadi giriş çıxış edən insanların Qərb ölkələrinə, ABŞ-a girişi zamanı müəyyən problemlər yaşanır. Həmin şəxslər xüsusi risk qrupu kimi ciddi yoxlamalara məruz qalır. Hətta bəzi hallarda təhlükəsizlik səbəbindən onların daxil olduğu ölkələrdə nəzarətə götürülməsi faktları da var. İranı belə bir addım atmağa məcbur edən səbəblərdən biri də bu ola bilər. Təbii ki, belə bir hal ABŞ-ı narahat edəcək.

Amma buna qarşı hansı reaksiyaları verəcəyini indidən təxmin etmək çətindir. Azərbaycanda da belə bir qərarın verilməsini istəyənlər varsa kökündən yanılırlar. Bu, ilk növbədə ölkəmizin milli təhlükəsizliyinə bir təhdid olar və fəsadlarının aradan qaldırılması imkansız hala çevrilər. Ona görə də inanmıram ki, belə bir qərar verilsin. Amma hesab edirəm ki, Azərbaycan viza verilməsi məsələsində ölkələrin siyahısına yenidən baxmalıdır. Viza tələb etmədiyimiz ölkələrin sayını artırmaq, sərhəddə viza verilməsini daha da genişləndirmək, eyni zamanda, bir çox ölkələr var ki, onlara viza verilməsi məsələsində proseduraları daha da ağırlaşdırmaq gündəmimizdə olmalıdır. Bu gün Azərbaycan vətəndaşı ölkədən gedib qayıdanda pasportunda müvafiq qeydiyyat aparılır. Xarici vətəndaşın pasportunda bu qeydiyyatın aparılmaması hansı məntiqə sığar? Həmçinin pasportda qeydiyyatın aparılmasında nə problem var ki, bunun edilməməsi ilə bağlı qərar olsun? Hesab edirəm ki, istər vizalı, istərsə də vizasız ölkəyə daxil olan xarici vətəndaşların bu barədə pasportlarında qeydiyyatın aparılması vacibdir”.