PAYLAŞ

“MAHMUTPAŞA” BAZARI

Türk yazar Yaşar Kamal “reportaj xəbərin çata bilmədiyi yerə uzanır, reportaj yaratmaqdır”, deyib.

Mahmutpaşa

NECƏ?

“Həqiqəti dəyişmədən yaratmaq… Hekayənin arxasında nələr var, nələr baş verir, nə yaşamlar, nə dramlar, nə sevinclər yaşanır. Bunları bizə xəbər verə bilməz. Ancaq reportaj bunu bacarar” – deyir, yazar.

mahmutpaşa

Türkiyənin İstanbul Aydın Universitetinin jurnalistika fakültəsinin tələbələri də Yaşar Kamalın izindən reportaj ənənəsini davam etdiriblər.

GƏLİN, HƏMİN REPORTAJI BİRGƏ OXUYAQ 

İstanbulda alış-veriş deyiləndə ilk ağla gələn yerlərdən biri də “Mahmutpaşa” bazarıdır. Təxminən 500 illik bir tarixə sahib olan bazar, istanbullulardan başqa, buraya gələn turistlərin də ən çox ziyarət etdikləri yerlərdəndir.

mahmutpaşa

İç-içə keçən dükanlar, mallarını satmaq üçün teatral bir performans göstərən dükan sahibləri və yağış…

mahmutpaşa

Mahmutpaşa bazarına Eminönü tərəfindən girsəniz sizi ətrafa yayılan kəskin bir qəhvə qoxusu qarşılayacaq. Qoxunun ən kəskin hiss edildiyi yerdə isə uzun bir sıra var. Dükanın içindəkilər böyük bir səylə işləyir, müştərilər isə ödəniş üçün açılan şüşə pəncərədən öz sifarişlərini verirlər. Dükanın içində üç nəfər sözlərini duyğusuzca əzbərləyən aktyorlar kimi qəhvəni saniyələr içində paketə büküb müştəriyə uzadırlar. Biri qəhvəni çəkir, o biri paketə qoyub müştəriyə sunur. Kimsənin başını qaldıracaq halı yoxdur.

“ƏN ÇOX QƏHVƏNİ ƏRƏBLƏR ALIR”

Uzaqdan şəkil çəkdiyimi görüb, kamerama gülümsəyib, poza verirlər. Üçü də çox gəncdir. Yanlarına gedirəm. Deyəsən içlərində ən gənc olanı, hardasa 17-18 yaşındadır. Mən sözə başlamadan deyir:

mahmutpaşa

– “Mənə də şəkilləri ata bilərsən?”

– Ataram, əlbəttə, amma siz heç yorulmursuz?

– Nə edə bilərik. İşimiz budur. Öyrəşmişik.

Əlləri heç dayanmır, mənim üzümə baxanda da paketləməyə davam edirlər:

“Bu qəhvələri ən çox kim alır?”, – deyə soruşuram.

İçlərindən ən böyüyü sözə qoşulur. “Ərəblər” – deyir. “Bəs o biri turistlər necə?”

“Onlar da alırlar, ancaq ərəblər qədər yox. Türklər də çox alır.”

Qəhvəni tərəzidə çəkən, “məni bir də yaxından çək”, deyir.

“Əllərinizdəkini yerə qoyun, poz verin mənə”, deyirəm onlara.

Bir anlıq da olsa, əllərini azad buraxırlar, ancaq mən şəkil çəkib qurtarmamış sözləşmiş kimi “bir az tez ol”, deyə, mızıldanmağa başlayır üçü də… Güclə onları saxlayıb şəkillərini çəkirəm. Şəkilləri onlara atacağıma söz verdikdən sonra oradan ayrılıram.

            “HƏR ŞEY 10 LİRƏYƏ”

mahmudpaşa

Gün açıldıqca “Mahmutpaşa”nın da bərəkəti açılırdı. Bir səs gəlir ətrafdan, ancaq səsin sahibi ortada yoxdur. Mahnımı oxuyur, yoxsa biri ilə dalaşır, anlaya bilmirəm. Səsə doğru sürətli addımlarla irəliləyirəm. Qadınlar yığışıb ətrafına: “Gəlin içəridə hər şey var. Mallar qurtarır. Hər şey 10 lirəyə (təxminən 4 AZN). Qaçırmayın bu fürsəti”.

“BİR ÇAY İSTƏDİK, İKİ SAATDIR GƏLMİRSƏN”

Böyük bazarda onun səsi hamının səsini üstələyir. Ətrafdakı dükan sahibləri işi-gücü buraxıb ona baxmağa başlayırlar. Satdığı alt paltarlarını əllərində sallayıb eyni şeyləri təkrardan qışqırır. Adam qışqırdıqca dükana girənlərin sayı artır. Məlum məsələdir ki, mağaza sahibi öz müştərilərini belə qazanır.

mahmutpaşa

Get- gedə bazarda insan səsi çoxalmağa başlayır. Hər kəsin səsi bir-birinə qarışır. 15 yaşlarındakı çay satan uşaq əlindəki məcməyi ilə insanlar arasında özünə yer aça – aça onu gözləyən adama çayını verir. Adam çay satana istehza qarışıq: “Səndən çay istəmədiyim vaxtlarda əlli dəfə çay gətirirsən. Bugün səndən bir çay istədik, iki saatdır gəlmirsən”, deyir.

    DÜKANI OLMAYANLAR DA MAL SATIR

Burada ancaq dükanı olanlar yox, olmayanlar da mal satır. 60 yaşlarındakı səyyar satıcı “bu “bot”lar (çəkmə) tam sənə görədir”- deyir, daha mən salam demədən:

– Axı mən alıcı deyiləm. Belə satış etmək çətin olmur?

– Nə edək, məcburuq. Dükan açmağa pulum yoxdur. Həm dükan açsam o vergiləri necə ödəyərəm.

– Vergilər çoxdur?

– Hə, hər ay iki-üç min lira pul ödəyirlər. Mən səyyar olaraq rahatam. Ancaq polislər olanda işlər çətindir. Əllərindən güc- bəla qurtulmaq olur.

Diqqətli olmağı tövsiyə edib, səyyar satıcıdan uzaqlaşıram.

“ƏLİMDƏKİ MAL SƏNİN DƏRDİNƏ ÇARƏDİR”

“Mahmutpaşa” bazarı həm də şəfaçı dükanları ilə məşhurdur. Bazarın bəzi qisimləri ancaq bu dükanlardan ibarətdir. Bu dükan sahibləri müştəri çəkmək üçün adətən həkim kimi davranırlar, “ölürəm” desəniz “əlimdəki mal sənin dərdinə çarədir”, – deyə cavab verərlər sizə.

Bir dükanın önündə “bu su hər dərdə şəfadır. Yalan yoxdur, şəfa qarantiyası verilir”, deyə bir adam yüksək səslə əlindəki çörəkotunu göstərib müştəriləri səsləyir. Adam çörəkotunu maşının içinə atır, oradan çıxan suyu stəkana qoyub satır. Ətrafına yığışan müştərilər onu sorğu-suala tuturlar. Ondan bir az aralıda qoca qadın kömək istəyir: “İki nəvəm evdə məni gözləyir. Kömək edin mənə” – deyə, yalvarır.

Mahmutpaşa

Dişləri tökülüb yaşlı qadının: “Uşaqların anaları ataları şikəstdir. Onlara mən baxıram”. Çantasından bir foto çıxardır. Biri qız, biri oğlandır şəkildəki uşaqların.

“Mənə kömək et”, deyir, adının Ayşə olduğunu öyrəndiyim qadın.

“Əlimdən nə gələr ki”, deyirəm qadına. Uzaqlaşıram ondan da.

Bax belə, bir gün sizin də yolunuz bu bazardan düşərsə, müxtəlif insanlarla tanış ola, onların həyatından bir parça izləyə bilərsiniz.