Ev Turizm Xəbərləri İsveçrənin gözəllikləri: Lütsern

İsveçrənin gözəllikləri: Lütsern

İsveçrə

Lütsern Pilatus dağının ətəyində, eyniadlı gölün sahilində yerləşən şəhər, müvafiq almandilli kantonun paytaxtı və İsveçrənin turizm mərkəzlərindən biridir. Lütsernin tarixi hissəsinin arxitekturasından zövq almaq, özünü kulinariya yenilikləri ilə sevindirmək, təbiətin qoynuna səyahət etmək və Lütsern gölündə bərə gəzintisinə çıxmaq üçün hər il bura təqribən 9 milyon turist gəlir.

Lütserndə keçirdiyimiz iki gün ərzində biz də macal tapıb bütün bu sadalananları etməyə çalışdıq.

Təyyarə, qatar və bərə ilə

Azərbaycan ilə İsveçrə arasında birbaşa hava nəqliyyatı hələlik yoxdur. Lakin bəzi aviaşirkətlər tranzit reyslər təklif edirlər. Onlardan biri Latviyanın “airBaltic” milli aviadaşıyıcısıdır. Aviaşirkət aprel ayından oktyabr ayınadək olan dövrdə həftədə iki dəfə Bakıdan Riqaya təqribən 3 saat 50 dəqiqə çəkən reyslər həyata keçirir. “airBaltic” Riqadan Avropa, o cümlədən Skandinaviya, habelə MDB və Yaxın Şərq ölkələrini əhatə edən 70-dən çox istiqamətdə uçuşlar yerinə yetirir.

Lütsernə getmək üçün əvvəlcə Sürixə uçmaq (2,5 saat), oradan səyahəti qatarla davam etdirmək lazımdır. “airBaltic” sərnişinlərinə dadlı qəlyanaltı və isti yeməklər təklif olunur. Qidalanma biznes-klas biletlərinin qiymətində nəzərdə tutulub, ekonom-klasla uçan sərnişinlər yeməyin haqqını ayrıca ödəməlidirlər. Bundan əlavə, sərnişinlər uçmazdan əvvəl aviaşirkətin saytında (https://www.airbaltic.com/en/inflight-meals) özlərinə menyu sifariş edə bilərlər. Arzu edənlərin uçuş zamanı alış-verişlə məşğul olmaq imkanları da var. Axı “airBaltic” jurnalında münasib qiymətlərlə geniş çeşiddə məhsullar təqdim edilib.

Lütsern

Sürix aeroportundan dəmir yolu platformasına birbaşa yol var. Oradan qatarlar müxtəlif istiqamətlərdə İsveçrə və Avropa boyu, o cümlədən Lütsern istiqamətində hərəkət edir. İsveçrədə qatarlar səssiz və rahatdır, çox vaxt ikimərtəbəlidir, birinci və ikinci klaslara ayrılan kupeləri, tualetləri və vaqon restoranı var. Məlumdur ki, Avropa şəhərlərinin əksəriyyətində dəmir yolu vağzalları şəhərin mərkəzində yerləşir. Lütsern istisna deyil. Burada da qatarlar düz şəhərin mərkəzinə gəlir. Bu da çox rahatdır, çünki şəhərin əsas yerlərinə piyada və ya ictimai nəqliyyatla getmək olar.

Təyyarədən düşüb qatarla Lütsernə gəldik. Lütserndən otelimizin yerləşdiyi Vitznauya bərə ilə getməli idik. Müntəzəm işləyən bərələr İsveçrənin ictimai nəqliyyatının bir hissəsidir. Bərələr sərnişinləri təyinat yerinə çatdırmaq üçün ayrıca haqq müqabilində müxtəlif kruizlər təklif edir, o cümlədən onları yeməklə təmin edir.

Qatarlarda olduğu kimi, burada da xidmət birinci və ikinci klaslara bölünür. Birinci və ikinci klas sərnişinlərinə fərqli xidmət göstərilir. Məsələn, birinci klas sərnişinləri üçün ayrıca masalar nəzərdə tutulub. Sərnişinlər təmiz hava almaq, gözəl mənzərələri seyr etmək üçün göyərtəyə çıxırlar.

Lütserndən Vitznauyadək 50 dəqiqəlik yol hiss olunmadan keçdi.

Vitznau

Vitznau Lütsern gölünün sahilində yerləşən kiçik kommunadır. Yeri gəlmişkən, İsveçrədə bu gölü Firvaldşted (Vierwaldstättersee) də adlandırırlar. Bu da alman dilindən tərcümədə “dörd meşə kantonunun gölü” deməkdir. Belə ki, əvvəllər onun sahilində dörd kanton – Uri, Şvids, Untervalden və Lütsern yerləşib.

Lütsern dairəsinə daxil olan Vitznau kommunasında 2019-cu ilin vəziyyətinə görə 1465 nəfər əhali yaşayır. Burada bir sıra otellər və restoranlar, çoxsaylı evlər yerləşir. Vitznau Mərkəzi İsveçrənin heyrətamiz təbiət mənzərələri ilə göz oxşayan ideal çıxış məntəqəsidir. Rigi dağının zirvəsinə doğru hərəkət edən “Vitznau-Rigi-Bahn” dəmir yolunun son stansiyası məhz burada yerləşir.

Lütsern

Otelimiz bərələrin yan aldığı göl vağzalının bir-iki addımlığındakı yaşıllıq ərazidə, praktiki olaraq, gölün sahilində yerləşir.

“Hotel Vitznau Park”

“Park Hotel Vitznau” mehmanxanasının 100 illik tarixi var. Lakin bu yaxınlarda aparılan bərpa işləri nəticəsində otel ultramüasir kompleksə çevrilib. Burada müsafirlərə hər cür rahatlıq yaradılıb. Təkcə nömrələrin qapılarındakı kilid sistemləri nəyə desən dəyər. Digər otellər üçün adi olan maqnit kartlar yerinə burada müsafirlərə içərisinə ötürücülər quraşdırılmış miniatür breloklar verilir. Müsafir nömrəsinə yaxınlaşan kimi qapı avtomatik açılır. Tarixi binanın interyerlərinin dəbdəbəli dekorasiyası ilə gözəl vəhdət təşkil edən qabaqcıl texnologiyalar oteldə keçirdikləri bütün müddət ərzində qonaqları müşayiət edir. Nömrələr işıqlandırmanı, pərdələri və multimedianı idarə edən “ağıllı ev” sistemi ilə təchiz edilib.

Lakin göz işlədikcə uzanan Lütsern gölünə otelin pəncərələrindən açılan valehedici mənzərə onun əsas üstünlüyüdür. Uzaqdan görünən Alp dağlarının qarlı zirvələri sanki mavi duman içərisində əriyib yoxa çıxır. Sırf İsveçrəyə xas olan bu mənzərəni başqası ilə səhv salmaq əsla mümkün deyil. Gölün suyu tərtəmizdir, burada müxtəlif balıqlar üzür, onun səthi isə su quşlarının sevimli məkanıdır.

Lütsern

Açıq və qızdırılan hovuzu olan spa-kompleks və mini-bar, buxar hamamı, fin saunası, sanarium (saunanın yumşaq forması), masaj və prosedur otaqlarından istifadə nömrənin qiymətinə daxildir.

“Park Hotel Vitznau” otelində fəaliyyət göstərən hər iki restoranın Mişlen ulduzu var. Oteldə İsveç masası yalnız səhər yeməyi üçün nəzərdə tutulub. Nahar və şam yeməyi menyudan yemək seçməyi nəzərdə tutan fərdi xidmət prinsipi üzərində qurulub.

Səyyahlar Vitznauda ruhən və cismən dincələndən sonra kantonun paytaxtı Lütsernə yola düşürlər. Bunun üçün yenə də sərnişin bərəsindən istifadə etmək lazımdır. Bərə heç bir saat keçməmiş bizi Lütsernin mərkəzinə çatdırır.

Qədim şəhər

Lütsern tarixi görməli yerlərlə zəngin olan qədim şəhərdir. Kapelbryukke körpüsü, Vasserturm qalası, Şproyer körpüsü, KKL Mədəniyyət və Konfrans Mərkəzi və digər çoxsaylı tikililər Lütsernin şəhər mənzərəsinin ən gözəgəlimli obyektləridir. Qədim şəhəri piyada dolaşaraq öyrənmək daha yaxşıdır. Onda maraqlı nə varsa hamısını görmək şansınız daha yüksəkdir.

Lütsern

Qədim “Saat körpüsü” və ya Kapelbryukke başlanğıcını Firvaldştet gölündən götürən, məcrası Lütsernin mərkəzindən keçən Roys çayı üzərində 1365-ci ildə salınıb. Uzunluğu 204 metr olan bu taxta körpü Avropanın ən qədim örtülü körpüsüdür. Damı kirəmitlə örtülmüş bütün körpü boyu gül-çiçək bitən kaşpolar asılıb. Yaxınlıqdakı 34 metr hündürlüyündə Su qülləsi ondan 65 yaş qocadır. Müxtəlif dövrlərdə ondan gah zindan, gah keşikçi qülləsi, gah da yanğın vışkası kimi istifadə olunub. Yeri gəlmişkən, 1993-cü ildə körpü, demək olar, tamamilə yanıb külə dönüb, lakin sonralar bərpa olunub.

Ratuşa və Muzeqqmauer

Lütsern Şəhər Ratuşasının renessans üslubunda inşa edilmiş, uca saat qülləsi olan binasının bir vaxtlar taxıl anbarı olması inanılmazdır. Buna baxmayaraq, şəhərin ən qədim meydanlarından birində – Kornmarktda (“Taxıl bazarı”) yerləşən ratuşa binasında XVI əsrdə taxıl anbarı yerləşib. Hazırda burada tarix muzeyi fəaliyyət göstərir. Muzeydə o dövrün həqiqi atmosferi yaradılıb. Odur ki, bura gələn ziyarətçilər əvvəllər məmurların necə işlədiklərini görə bilərlər.

Kornmarkt meydanında diqqəti təkcə ratuşa binası deyil, həm də onun ətrafında yerləşən tarixi gildiya evləri cəlb edir. Gildiya evləri arasında gəzişərək Roys çayının sahilinə çıxırsan. Burada çoxsaylı kafe və restoranlar yerləşir. Bulvar şəhər sakinlərinin və turistlərin sevimli gəzinti yeridir.

Şproyerbryukke Lütsernin daha bir tarixi körpüsüdür. Dəyirman meydanına (Muhlenplatz) aparan bu körpünün adı da məhz elə dəyirmanla bağlıdır. Qədim vaxtlarda burada böyük yarmarkalar keçirilirmiş. Hazırda fəvvarə və kafesi olan, xüsusi ab-havası ilə seçilən bu körpü bütün perimetri boyu turistləri cəlb edir. Buradan şəhərin bəzi görməli məkanları, məsələn, qala divarının bürclərindən biri aydın görünür.

İsveçrənin digər şəhərlərində orta əsrlərə aid qala divarlarının praktiki olaraq qalmadığı bir vaxtda, Lütserndə Muzeqqmauer qala divarının 870 metrlik fraqmenti salamat qalıb. Özü də bu, Avropanın yaxşı vəziyyətdə qalmış ən uzun qalasıdır. Qala divarı 9 qədim bürcü birləşdirir. Hündürlüyü 31 metr olan Tsayt qala bürcü onların ən məşhurudur. Bu bürcdəki qədim saatın vaxtı şəhərin o biri saatlarından bir dəqiqə tez göstərmək kimi eksklüziv hüququ var!