İsveçrə landşaftının böyük hissəsini Alp dağları tutur. Təəccüblü deyil ki, İsveçrə regionlarının çoxunun dağ turizm marşrutu var. Lütsern də istisna deyil. Onun əsas görməli yerlərindən biri Mərkəzi İsveçrənin rəmzi olan Pilatus dağ massividir. Bu dağ massivinə səyahətin ecazkar mənzərələrlə müşayiət olunan marşrutuna bərə ilə kruiz, qatarda gediş, habelə qondola deyilən kanat yolu kabinəsində geri qayıtma daxildir. Dağın zirvəsində qonaqları Lütsernin və ətraf bölgələrin heyrətamiz mənzərələrini seyr etmək, dağlıq restoranda nahar etmək və Alp dağlarında məskunlaşan, insanlardan əsla qorxmayan, bəzən hətta onların zəhləsini aparan dolaşalarla ünsiyyətdə olmaq fürsəti gözləyir.
