İsveçrənin www.travel-blog.ch səyahət portalında Şəki şəhərinə həsr olunmuş məqalə dərc olunub.
Məqalədə Azərbaycanın dilbər guşələrindən biri olan Şəkinin turistlər üçün təklif etdiyi özəlliklərdən bəhs olunur. Qeyd edilir ki, Azərbaycana səfər edən turistlər ilk olaraq Şərqə məxsus bir ölkə ilə rastlaşacaqlarını güman edirlər. Lakin Azərbaycan, Bakı və ölkənin regionları Şərq üslubu ilə yanaşı tam müasir və futurist görünüşləri ilə də turistləri heyran edirlər. Belə məkanlardan biri də Şəki şəhəridir.
Məqalədə Böyük Qafqaz sıra dağlarının qoynunda yerləşən və tarixi eramızdan əvvələ gedib çıxan Şəki şəhərinin coğrafi özəllikləri ilə yanaşı, onun Azərbaycan tarixində tutduğu mövqe, memarlıq, kulinariya və adət-ənənə xüsusiyyətlərindən söz açılıb. Qeyd edilib ki, Şəki tədricən beynəlxalq və yerli tədbirlərin, festival və bayramların keçirildiyi məkana çevrilməkdədir.
Şəki və onun ətrafında yerləşən turizm obyektləri barədə ətraflı məlumat verilən məqalədə, həmçinin buradakı qədim tarixə malik Alban məbədləri, tarixi qala və istehkamlardan bəhs olunub. Məqalədə Şəki mətbəxinə isə ayrıca diqqət ayrılıb.
Məqalənin sonunda bu şəhərə baş çəkən turistlərə Şəki halvası və pitisini dadmaq, eləcə də xatirə olaraq Şəki kələğayısı almaq da tövsiyə olunur.