İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qonaq əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.
Naxçıvan Biznes Mərkəzinə gələn səfirə məlumat verilib ki, mərkəzin sərgi salonunda 94 müəssisənin 196 növdə və 1232 çeşiddə məhsulu, 65 ailə təsərrüfatında istehsal olunan 20 növdə 157 çeşiddə məhsul, 80 sənətkar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur. Vurğulanıb ki, hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.
Sonra xanım diplomat Naxçıvan şəhərində bərpa olunan “Qələndər” kəhrizinə baxıb. Kəhriz İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatı tərəfindən 2009-cu ildə bərpa edilib. Üç quyudan ibarət bu kəhriz əhalinin və təsərrüfatların suya tələbatının ödənilməsində mühüm rol oynayır.
Naxçıvan Avtomobil Zavodunun istehsal potensialı ilə maraqlanan qonağa bildirilib ki, burada istehsal prosesi konveyer üsulu ilə təşkil edilib. Hazırda zavodda 17 modeldə minik və yük avtomobilləri istehsal olunur.
“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq zamanı məlumat verilib ki, 2004-cü ildə özəlləşdirilən müəssisədə daha keyfiyyətli məhsul istehsalına başlanılıb, Badamlı mineral suyunun əvvəlki şöhrəti özünə qaytarılıb. Burada istehsal olunan məhsullar ölkəmizin digər bölgələri ilə yanaşı, Ukrayna, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Çinə də ixrac olunur.
Səfir “Gəmiqaya Mebel Fabriki” MMC-yə də baş çəkib. Daxili bazarı yüksəkkeyfiyyətli məhsullarla təmin edən müəssisədə Almaniya, İtaliya və Türkiyədən alınmış müasir texnoloji avadanlıq quraşdırılıb. Müxtəlif çeşiddə məhsul istehsalı üçün geniş imkanlar yaradılıb. Burada ağac profilli qapı və pəncərələr, modern və klassik üslubda dizayn edilmiş mebellər, sosial və inzibati binalar üçün müxtəlif avadanlıq istehsal edilməklə yanaşı, dizayn-dekorasiya xidmətləri də göstərilir.
Duzdağ Fizioterapiya Mərkəzinə gələn diplomata bu səhiyyə müəssisəsi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan xəstəxanaya hər il dünyanın bir çox ölkələrindən minlərlə insan müraciət edir.
İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyrenin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.