Ev Turizm Xəbərləri İtaliya mətbuatı: Bakı Avrasiya məkanında ən heyrətamiz turizm istiqamətidir

İtaliya mətbuatı: Bakı Avrasiya məkanında ən heyrətamiz turizm istiqamətidir

İtaliya mətbəxi

İtaliyanın nüfuzlu “Corriere della Sera” qəzetinin populyar “Io Donna” jurnalında “Azərbaycanın paytaxtı Bakıya səyahət. Avrasiya məkanında səyahət etmək üçün ən heyrətamiz istiqamət” sərlövhəli məqalə dərc edilib.

Paytaxt Bakının turizm imkanlarından bəhs edən məqalənin müəllifi italyan jurnalist Gianna Testadır.

Yazıda Bakıda müasir göydələnlərin, qədim qalaların, tarixi abidələrin olduğu bildirilir. Qeyd edilir ki, tarixini qoruyaraq daima dəyişməkdə olan Bakıda gəzərkən özünü ilk baxışda sanki bir yandan Paris bulvarında, digər yandan isə orta əsrlərə məxsus qədim şəhərin əhatəsində müxtəlif üslubları özündə əks etdirən bir harmoniyanın içində hiss edirsən. Burada turistlərin sevimli məkanlarından olan Dənizkənarı Milli Parkda müasir əyləncə mərkəzlərindən tutmuş möhtəşəm mənzərəli restoranlara, komfortlu otellərə, alış-veriş mərkəzlərinə qədər geniş imkanlar mövcuddur. Müəllifin fikrincə, “Alov qüllələri” kompleksi, heyrətamiz Heydər Əliyev Mərkəzi kimi möhtəşəm memarlıq layihələri ilə görünüşünə yeni imic verən Bakı daim inkişaf etməkdədir. Məhz bu səbəbdən müxtəlif mədəniyyətlərin ahəngini özündə əks etdirən Bakı gözləri qamaşdıran məxsusi bir turizm istiqaməti olaraq diqqəti cəlb edir.

Məqalədə qədimlik ilə müasirliyin vəhdətindən bəhs olunur. Bunun bariz nümunəsi olan Azərbaycan Milli Xalça Muzeyindən söz açılır. Bu möhtəşəm muzeyin fondunda 10 minə yaxın qədim eksponatın saxlanıldığı bildirilir. Bununla yanaşı, Bakıda bu kimi bir çox görməli yerlərin olduğu vurğulanır. Bu xüsusda Tarix Muzeyinin, turistləri tarixi səyahətə aparan Hacı Zeynalabdin Tağıyevin ev muzeyinin, ekspozisiyası XX əsr azərbaycanlı və xarici rəssamların əsərlərindən ibarət olan Müasir İncəsənət Muzeyinin adları çəkilir.

Məqalədə, həmçinin UNESKO-nun Dünya Mədəni İrsi siyahısına daxil olmuş İçərişəhərdən, orada yerləşən memarlıq incilərindən, o cümlədən Qız qalası, Qala divarları, Şirvanşahlar Saray Kompleksi, məscidlər, karvansaralar, hamamlar, muzeylər və digər memarlıq nümunələrindən bəhs edilir. Turistlərə maraqlı ola biləcək restoranlar və Azərbaycan milli mətbəxinin əsasını təşkil edən yeməklər (dolma, plov və s.) barədə məlumatlar verilir.

Müəllif yazıda Azərbaycanın neft sənayesinin inkişaf tarixinə də toxunur. Sonda məqalədə paytaxt Bakının 2020-ci il UEFA Avropa Çempionatına ev sahibliyi edəcək 12 şəhərdən biri olduğu qeyd edilir.

Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür.

https://www.iodonna.it/lifestyle/viaggi/2019/12/27/baku-capitale-azerbaijan-consigli-viaggio/.