İtaliyanın məşhur “SiViaggia” turizm portalında Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin “Azərbaycanda özünüzü evinizdəki kimin hiss edin: Nə üçün ora səyahət etməyə dəyər” sərlöhvəli müsahibəsi dərc olunub.
Müsahibəsində diplomat Azərbaycanın zəngin tarixindən, mədəni irsindən, təbiətinin müxtəlifliyindən, xalqımızın qonaqpərvərliyii vurğulayıb. Ölkəmizdə yaradılmış müasir turizm infrastrukturlarından və Azərbaycan – italyan xalqlarının oxşar xüsusiyyətlərindən danışıb.
Səfir Azərbaycanda səfərdə olmuş çoxsaylı italyanların bu ölkədə özlərini evlərindəki kimi hiss etdiklərini söyləyib. O, müsahibəsində 2019-cu ildə Azərbaycanda turistlər üçün maraq kəsb edən tədbirlər sırasında Bakıda UEFA Avropa Liqasının final oyununundan söhbət açıb. O hətta Formula 1 yarışlarını, eləcə də paytaxt və bölgələrdə keçiriləcək müxtəlif tədbirləri, bir çox mədəniyyət və musiqi festivallarını diqqətə çatdırıb.
İtaliya turistlərinə Azərbaycana səfər vaxtı getməli olduqları məkanlar barədə danışan diplomat bu xüsusda Bakıda İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, Dənizkənarı Milli Park və onun ərazisində Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya sərgisində milli pavilyonun yenidən qurulması, Xalça Muzeyi, Qobustan, Yanardağ, Atəşgah, habelə ölkəmizin müxtəlif bölgələrindəki turizm imkanları barədə məlumat verib.
Səfir M.Əhmədzadə italyan turistlərin ölkəmizdə xoş qonaqpərvər mühiti bəyənəcəklərini, “Alov qüllələri”ndən şəhərə açılan mənzərədən, Neapol şəhəri ilə 40 ildən çoxdur. Qardaşlaşma əlaqələri olan Bakı buxtasının Neapol buxtasına bənzərliyindən heyrətlənəcəklərini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda multikultural mühitin göstəricisi olan məkanlar vardır. O cümlədən Bakıdakı “Müqəddəs Bakirə Məryəm” katolik kilsəsi, Qobustanda imperator Domisianın dövründə Roma legionunun burada olduğunu göstərən qayaüstü yazılar, Azərbaycanın təbiətinin müxtəlifliyi, palçıq vulkanları italyan turistlərin marağına səbəb olacaq.
Marko Polonun fikirləri
Məşhur venesiyalı səyyah Marko Polonun öz xatirələrində Bakı nefti haqqında danışdığını bildirib. Diplomat ölkəmizin zəngin neft sənayesi tarixindən də bəhs edib, Bakıda Nobel qardaşları muzeyinin də italyanların diqqətini çəkəcəyini bildirib.
Diplomat ailəvi səyahət edən italyanlar üçün də ölkəmizdə rahat və maraqlı infrastrukturun olduğunu deyib. Bakı bulvarındakı əyləncə və istirahət obyektləri, kiçik Venesiya şəhərciyindən danışıb. Kukla Teatrı, müxtəlif parklarda, o cümlədən Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün əyləncə məkanları habelə bölgələrdəki dağ-xizək istirahət kompleksləri, eləcə də Novruz bayramı vaxtı təşkil olunan bayram şənliklərindən söhbət açıb.
Müsahibə İtaliyanın tanınmış “Virgilio.it” və “Libero.it” axtarış portallarının da marağına səbəb olub. Onların əsas səhifələrində “Azərbaycan niyə 2019-cu ildə ən yaxşı turizm istiqamətidir” sərlövhəsi ilə müsahibəyə keçid yerləşdirilib.