İyun ayında Türkiyənin Kappadokiya bölgəsinə 428 230 xarici və yerli turist gəlib. Nevşehir qubernatoru dəftərxanasının açıqladığı məlumata görə, 2019-cu ilin iyununda turistlər arasında artım 71 faiz təşkil edib. Kappadokiya ötən ilin eyni dövründə təqribən 251 min turist qəbul edib.
Açıq səma altında Gereme Muzeyi regionun ən populyar görməli məkanıdır. Sözügedən dövrdə muzeyə 144 556 turist gəlib. Gereme Muzeyinin ardınca Hacı Bektaş Vəli Muzeyi (99 min 705) və yeraltı Kaymaklı şəhəri (66 min 127) gəlir. Bütövlükdə bu ilin altı ayı ərzində turistlərin sayı ilə ötən ilin analoji dövrü ilə müqayisədə 26 faiz artaraq, 1,2 milyon nəfərdən 1,6 milyon nəfərə çatıb.
Xatırladaq ki, Çində “Türkiyədə turizm ili” elan edilmiş ötən yay mövsümü öz bəhrəsini verib. Təkcə Kappadokiya əyaləti minlərlə çinli turist qəbul edib. Görməli təbiət yerləri, ilk növbədə qaynar bulaqları və mədəni sərvətləri ilə məşhur olan bu əyalət 2017-ci ildə Çindən 250 mindən çox turist cəlb edib, bu il isə 500 min turist qəbul etməyə ümid bəsləyir.
“Anadolu” agentliyi xəbər verir ki, əyalətin turistlər üçün təklifləri, o cümlədən hava şarlarında səyahət, at belində və tırtıllı avtomobillərdə gəzintilər çinli turistlər arasında çox populyardır.
Rəyi soruşulan çinli turistlər bildiriblər ki, reklam kampaniyası, xüsusilə dövlət başçısının tövsiyələri çinli turistlər arasında böyük əks-səda doğurub. Onların çoxu Kappadokiya ilə yanaşı, Antalya və İstanbula da səfər ediblər. “Sarafan radiosu” sayəsində gələcəkdə turistlərin sayının daha da artacağı gözlənilir. Belə ki, çinli turistlərin çoxu Kappadokiyanı öz tanışlarına tövsiyə etməyi planlaşdırır.