Ev Turizm Xəbərləri Koreya Respublikasının məşhur səyahət verilişinin heyəti Bakıda çəkiliş edib

Koreya Respublikasının məşhur səyahət verilişinin heyəti Bakıda çəkiliş edib

Azərbaycan

Cənubi Koreyanın nüfuzlu “KBS” (Korean Broadcasting System) televiziya kanalında yayımlanan və çox populyar olan “Battle Trip” səyahət verilişinin heyəti Bakıda çəkiliş edib.

Məşhur gülüş ustaları və veriliş aparıcıları Kim Sook və Song Euininin rəhbərlik etdiyi heyət çəkilişlərə Heydər Əliyev Beynəlxalq Aeroportundan başlayıb.

Onlar Qobustan və oradakı palçıq vulkanları, Nizami küçəsi, İçərişəhər, Heydər Əliyev Mərkəzi kimi turistlərin daha çox maraq göstərdiyi məkanlardan reportajlar hazırlayıblar.

Qonaqlar Azərbaycan mətbəxi ilə də yaxından tanış olublar. Verilişin əsas hissəsi Bakıda yerləşən yerli və xarici restoranlarda çəkilib. Onlar milli mətbəx nümunələri ilə tanış olublar.

Veriliş aparıcıları, həmçinin Bakıda ictimai nəqliyyatdan, o cümlədən metrodan və taksidən istifadə ediblər. Burada nəqliyyatın çox gözəl təşkil olunduğunu vurğulayıblar.

Xatırladaq ki, 2016-cı ildən etibarən hər həftənin şənbə günləri efirə gedən “Battle Trip” əyləncəli səyahət şousu Cənubi Koreya vətəndaşlarının səyahət planlarına və seçimlərinə birbaşa təsir göstərir.

Koreya Respublikası Azərbaycanın turizm təbliğatı üçün yeni və prioritet bazarlardan biridir. Burada ölkənin turizm təbliğatı Azərbaycan Turizm Bürosu tərəfindən intensiv olaraq aparılır.

Məlumat üçün bildirək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən cənubi koreyalı turistlərin sayı 8 min nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətdə 22.5 faiz artım deməkdir.