Koronavirus infeksiyasının qarşısının alınması üçün ölkələrin tətbiq etdiyi səyahət qadağaları və bütün uçuşların dayandırılması son bir ayda uçuş sayının 48 faiz azalmasına səbəb olub.
Moderator.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, yeni növ koronavirusun yayılmasının qarşısının alınması üçün əksər beynəlxalq və daxili uçuşların ləğv edilməsi cari ilin ikinci yarısında təyyarə yanacağına olan tələbatın 70 faiz azalması ilə nəticələnə bilər. Koronavirus dünyada neftə olan tələbatı azaldaraq neftin qiymətini kəskin aşağı salıb. Ehtimal olunur ki , gündəlik 100 miyon barel neftə olan tələbat 10-12 milyon barel azalacaqdır. Əksər ölkələrin koronavirusla mübarizə məqsədilə hətta daxili uçuşları belə dayandırması nəticəsində təyyarə yanacağına olan tələbat kəskin azalıb. Təyyarələrin izlənmə sistemi olan “Flight Radar 24”ün nəticələrinə görə, son bir ayda gündəlik uçuş sayı 196 min 756-dan 95 min 227-ə düşüb. Mütəxəssislər hesab edir ki, koronavirusa görə azalan uçuşların mənfi nəticəsi aprel və may aylarında hiss ediləcəkdir. Londonda fəaliyyət göstərən “Facts Global Energy” şirkətinin əməkdaşı Cüneyt Kazokoğlu mediaya açıqlamasında bildirib ki, vəziyyət belə davam edərsə dünyada bütün uçuşlar tamamilə dayandırılacaqdır. Bu zaman kəsiyi 12-18 ay davam edə bilər. Həmin dövrdə hava yolu şirkətləri, turizm sektoru, qida sənayesi çox ciddi zərərə uğrayacaqdır. O deyib ki, təyyarə yanacağı dünya bazarında satılan neftin təqribən 8 faizinə bərabərdir. Bu da neftə olan tələbatın 8 faiz azalması deməkdir. Müxtəlif ölkələrdə karantin rejiminin tətbiqi avtomobillərdən istifadəni minimuma endirib. Bu da neftə olan tələbatın və neft qiymətlərinin kəskin aşağı düşəcəyinə gətirib çıxaracaqdır.
Norveçdə fəaliyyət göstərən “Rystad Energy” araşdırma şirkətinin əməkdaşı Artyom Tchen isə bildirib ki, enerjiyə olan tələbatın azalması ona gətirib çıxaracaq ki, bu il dünya iqtisadiyyatının inkişafı 2 faizdən çox olmayacaq. Təyyarə uçuşların təxirə sakındığına diqqət çəkən Artyom Tchen bu qeyri-müəyyənliyin ilin ikinci yarısında da davam edə biləcəyini bildirib. Koronavirusun ən çox hava yolu şirkətlərinə ziyan vuracağını da diqqətə çatdırıb.