Moskvada keçirilən “Azərbaycan: istirahət və biznes turizmi” seminarı çərçivəsində ölkəmizin “Yenidən fərqli baxışla bax” turizm brendinin təqdimatı olub.
Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkil etdiyi tədbirdə ölkəmizin 30 turizm şirkəti iştirak edib. Onlar 200-dən çox yerli turizm şirkəti ilə görüşlər keçirib, əməkdaşlıq əlaqələrini müzakirə edib.
Bəhruz Əsgərov
Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib. Rusiya hazırda Azərbaycan turizmi üçün əhəmiyyətli ölkələrdən biridir. Azərbaycan Turizm Bürosunun Rusiya nümayəndəliyi yaxın vaxtlarda bu ölkənin böyük şəhərlərində, o cümlədən Moskvada, Sankt-Peterburqda və digər regionlarda respublikamızın turizm imkanlarının təqdimatını keçirməyi planlaşdırır.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidt təqdimat mərasimində çıxış edib. Azərbaycan Rusiya turistləri üçün ən populyar istiqamətlərdən biridir. O, Azərbaycan və Rusiyanın bir çox şəhərləri arasında birbaşa aviareyslərin açılmasını, dil məhdudiyyətinin olmamasından danışıb. Vizasız gəliş-gedişin mümkünlüyünü iki ölkə arasında turizmin inkişafı üçün mühüm amillər kimi diqqətə çatdırıb. F.Zenqstşmidt deyib: “Mən Azərbaycanla tanışlığımın tarixçəsini danışmaq istərdim. Moskvada işlədiyim dövrdə, 2003-cü ildə ilk dəfə Azərbaycana gəldim. Əməkdaşlarımı bu səfərdə məni müşayiət etməyə çağıranda, heç kimi bu səfərə həvəs göstərmədi.Onlar düşünürdülər ki, Azərbaycan keçmiş sovet respublikasıdır və burada maraqlı heç nə ola bilməz. Nəticədə o zaman mənimlə Bakıya gələn dostlarım indi mütəmadi olaraq Azərbaycanda istirahət edirlər. Əlbəttə bu, 16 il əvvəl baş vermişdi. Bu dövr ərzində Azərbaycan çox dəyişib, daha da gözəlləşib”. O qeyd edib ki, 2018-ci ildə Rusiyadan Azərbaycana təxminən 900 min rusiyalı turist gəlib. Bu da 2017-ci illə müqayisədə 5 faiz çoxdur. Turizm bürosunun rəhbəri Bakıda keçiriləcək Formula 1 Qran-pri yarışlarının və UEFA Avropa Liqasının final oyunun rusiyalı turistlər üçün maraqlı olacağını da vurğulayıb.
Kseniya Kiriçenkonu
Azərbaycan Turizm Bürosunun Rusiyadakı nümayəndəsi Kseniya Kiriçenkonun sözlərinə görə, yaxın beş ildə Rusiyadan Azərbaycana turist axınını iki dəfə artırmaq nəzərdə tutulub.
“Bugünkü tədbirdən məqsədimiz rusiyalı turistlərə Azərbaycanın tarixi, müasir həyatı, mədəniyyəti, mətbəxi, turizm imkanları barədə məlumat verməkdir. Azərbaycanın 9 iqlim qurşağının olması turistlərə həm qarlı dağlarda xizək sürmək, həm də narın qumlu çimərliklərdə dincəlmək, maraqlı festivallarda, idman tədbirlərində iştirak etmək imkanı verir. Mən hamıya bu ölkəni bir daha kəşf etməyi arzu edirəm”, – deyə K.Kiriçenko söyləyib.
Alla Karasyuk
Moskvanın “Zima-tur” agentliyinin xarici əlaqələr üzrə direktoru Alla Karasyuk şirkətin artıq 15 ildir Azərbaycana turların satışı ilə məşğul olduğunu qeyd edərək deyib ki, rusiyalılar Azərbaycanın termal kurortları, sanatoriyaları və müalicə ocaqları ilə maraqlanırlar. Rusiyalı turizm mütəxəssisi Azərbaycan tərəfinin turizm bazarına çıxardığı konferens-paketlərin çeşidinin artırmasını da təklif edib.