Ev Turizm Xəbərləri Küveyt KİV-lərində Azərbaycan haqqında məqalələr dərc olunub

Küveyt KİV-lərində Azərbaycan haqqında məqalələr dərc olunub

məqalə

Azərbaycanın Küveytdəki səfirliyində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib. Səfir Elxan Qəhrəman mərasimdə iştirak edən Küveytin kütləvi informasiya vasitələrinə müsahibə verib. Müsahibədə 1990-cı ildə keçmiş sovet ordusu tərəfindən xalqımıza qarşı törədilmiş Qanlı Yanvar hadisələri barədə məlumat verilib. Eləcə də Azərbaycan və Küveyt arasında ikitərəfli əlaqələrdən danışılıb.

Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik “Əl-Nahar” və “Əl-Ray” və ingilis dilində nəşr edilən “Arab Times” qəzetlərinin 22 yanvar tarixli buraxılışlarında keçmiş Sovet İttifaqı qoşunları tərəfindən 1990-cı ilin 20 yanvar tarixində Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətdən söhbət açılan, habelə Küveyt iş adamlarının Azərbaycanda sərmayə yatırımı imkanlarından bəhs edilən məqalələr dərc olunub. E.Qəhrəman yerli KİV-lərə müsahibəsində iki ölkə arasında Hökumətlərarası Müştərək Komissiyanın indiyədək iki iclasının keçirildiyini diqqətə çatdırıb. Üçüncü iclasının ötən ildə təşkil edilməsi planlaşdırılsa da, Küveyt Nazirlər Kabinetinin dəyişməsi səbəbindən təxirə salındığını qeyd edib. Səfir cari ildə komissiyanın növbəti iclasının keçirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb və bu məqsədlə Küveytin yeni Xarici İşlər Nazirliyi ilə danışıqların aparıldığını diqqətə çatdırıb. O, iki ölkə arasına hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib.

Küveyt və Azərbaycan arasında turizm sahəsində əlaqələrə toxunan E.Qəhrəman bu sahədə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb və qeyd edib ki, hazırda həftədə 7 birbaşa uçuş həyata keçirilir. Onun sözlərinə görə, 2019-cu il ərzində 35 min küveytli turist ölkəmizə səfər edib. Səfir hazırda Azərbaycanın küveytlilər və Küveytdə yaşayan digər ölkə vətəndaşları üçün mühüm turizm bölgəsinə çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi təqribən 3 milyon dollar təşkil edir.