“Şəhərdən kəndə” layihənin həyata keçirilməsi nəticəsində həm fermerlərin, həm də turist kimi bölgələrə səfər edən yerli əhalinin maraqları təmin ediləcək”.
Bunu Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova bu gün “Şəhərdən Kəndə” layihəsinin təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, fermerlər aqroekoturizm kimi yeni məşğulluq sahəsinə cəlb olunacaq. Bununla da onların istehsal etdikləri məhsullar üçün yeni satış kanalları yaranacaq. Əlavə gəlir mənbəyi yaranacaq və gəlirləri artacaq.
O bildirib ki, “Şəhərdən kəndə” layihənin əsas məqsədi kənd turizminin inkişaf etdirilməsi yolu ilə kəndlərdə sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Kənd sakinlərinin, kiçik və orta fermer təsərrüfatı sahiblərinin gəlirlərinin diversifikasiyası, həmçinin, onların ailə bizneslərinə dəstək olmaqdır. “Şəhərdən kəndə” layihəsinin iştirakçısı olan həm yerli, həm də əcnəbi turistlər isə maraqlı, fərqli və daha sərfəli istirahət etmək, kənd təsərrüfatı mallarını yerində almaq və təbiətə daha yaxın olmaq imkanı əldə edəcəklər”.
L. Məmmədova vurğulayıb ki, bütövlükdə layihənin icrası aqrar sahibkarlığın, kənd təsərrüfatının daha da inkişafına, turizm potensialının güclənməsinə, kənd yerlərində yeni xidmət sahələrinin yaranmasına, əhalinin sosial rifahının daha da yaxşılaşmasına təkan verəcək. “Həyata keçiriləcək ekoloji və aqrar maarifləndirmə sayəsində əhalinin iri şəhərlərə axınının qarşısının alınmasına və insanların torpağa bağlılığının artırılmasına nail olunacaq. Bu layihə çərçivəsində şagird və tələbələrin kəndlərə ekskursiyaları nəzərdə tutulur. Düşünürük ki, bununla da gənclərin kənd həyatına marağını artıra biləcəyik”.
O qeyd edib ki, artıq bu layihə üçün iki sayt hazırlanıb. Bu sayt vasitəsilə fermerlər qeydiyyatdan keçərək layihədə iştirak edə bilərlər. İyul ayından isə seçilən fermerlərə təlimlər keçiriləcək.